12px13px15px17px
Tarix:06/11/15

Dövlət xidmətlərinin elektronlaşdırılması dünya ölkələri ilə bağlı hazırlanan hesabatlarda Azərbaycanın mövqelərini yüksəldib

Azərbaycanda “Elektron hökumət”in qurulması, dövlət orqanları tərəfindən əhaliyə göstərilən xidmətlərin elektronlaşdırılması, internet infrastrukturunun yaxşılaşdırılması və inkişaf etdirilməsi, nağdsız ödənişlərin təşviq edilməsi, elektron ticarətin həcminin böyüməsi və onun stimullaşdırılması, e-ticarət vasitəsi ilə alınan məhsulların etibarlı və yubanmadan daşınması, bu ticarətin inkişafı üçün gömrüklə bağlı  addımların atılması dünya ölkələri ilə əlaqədar hazırlanan hesabatlarda mövqelərimizi çox ciddi şəkildə yüksəldib.
 
 
Belə ki, Azərbaycan 189 ölkənin biznes mühitinin qiymətləndirildiyi “Doing Business 2016” hesabatında mövqeyini 17 pillə yaxşılaşdıraraq 80-ci pillədən 63-cü pilləyə yüksəlib. Dünya Bankı tərəfindən hazırlanan həmin hesabatda əksər göstəricilər üzrə ölkəmizin mövqeyi yaxşılaşıb.
 
 
Belə ki, Azərbaycan “Biznesə başlama” göstəricisi üzrə 5 pillə, “Tikinti üçün icazələrin alınması” göstəricisi üzrə 36 pillə, “Kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 15 pillə, “Elektrik təchizatı şəbəkələrinə qoşulma” göstəricisi üzrə 49 pillə və sair irəliləyib.
 
 
Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, sözügedən hesabatda “Xarici ticarətin aparılması” göstəricisi üzrə isə Azərbaycanın 72 pillə irəlilədiyi göstərilib.  Bununla da, Azərbaycan “Doing Business 2016” hesabatında dünyada 3 və daha çox islahat aparan 24 ölkədən biri olub.
 
 
Qeyd edilməlidir ki, hesabatda ölkəmizin mövqeyinin yüksəlməsi əsasən Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 3 mart 2014-cü il tarixli Fərmanı ilə verilmiş tapşırıqlara uyğun olaraq, sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, daşınmaz əmlaka hüquqların qeydiyyatı, tikintiyə icazələrin verilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması və müflisləşmə üzrə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi sayəsində mümkün olub.
 
 
 “Doing Business” hesabatının mühüm elementi olan “Etalon Qanunvericiliyə Yaxınlıq” (DTF) indeksi üzrə ölkəmiz 67.8 balla qiymətləndirilib ki, (əvvəlki hesabatda 64.08) bu da Azərbaycanda dövlət başçısının rəhbərliyi ilə biznes mühitinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş islahatların daha bir göstəricisidir.
 
 
SEYMUR



Baxış sayı: 602

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024