12px13px15px17px
Tarix:10/11/15

Elektron Təhlükəsizlik Mərkəzi tərəfindən “Uşaqların internet təhlükəsizliyi” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq hüquqları aylığı” keçirilir.
 
Bu aylıq çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi 5 noyabr tarixində “Uşaqların internet təhlükəsizliyi” mövzusunda tədbir keçirib. Tədbirdə Səbail rayonu 6 nömrəli məktəbin və Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Səbail rayonu 49 nömrəli “İntellekt” məktəb liseyinin, Binəqədi rayonu 83 nömrəli məktəb-liseyinin şagirdləri, Ümidli Gələcək Gənclər təşkilatının, eləcə də “Azedunet”-in əməkdaşları iştirak ediblər.
 
Əvvəlcə tədbir iştirakçılarına Elektron Təhlükəsizlik Mərkəzinin fəaliyyət istiqamətləri və gördüyü işlər barədə məlumat verilib.
 
Daha sonra Mərkəzin əməkdaşı Ləman Hüseynzadə “Uşaq hüquqları” mövzusunda xüsusi təqdimatla çıxış edərək BMT-nin Uşaq Hüquqları Konvensiyası barədə qısaca məlumat verərək, Uşaq Hüquqları haqqında Azərbaycan Respublikasının qanununa, eləcə də Ailə Məcəlləsinə əsasən uşaqların sahib olduğu hüquqlar, eləcə də qarşılarında duran vəzifələr barədə tədbir iştirakçılarını məlumatlandırıb.
 
Mərkəzin əməkdaşı Aysel Hadiyeva “Uşaqların internet təhlükəsizliyi” mövzusunda təqdimatla çıxış edərək uşaqlara internetdən istifadə edərkən qarşılaşa biləcəkləri təhlükələr barədə məlumat vermiş, virtual aləmdə yeniyetmələrin dələduzlar tərəfindən necə aldadılaraq təsir altına salınması, şantaj olunması və aldadılaraq ailəyə məxsus bank hesab məlumatlarının oğurlanması barədə uşaqları xəbərdar edib. Bununla yanaşı, sosial şəbəkələrdən istifadə edərkən hansı təhlükəsizlik qaydalarına riayət etməli olduqları, çətin və yaddaqalan şifrə yaratmağın yolları və s. barədə tövsiyələrini vermiş və sonda mövzu üzrə uşaqların verdiyi sualları cavablandırıb.
 
Tədbirin sonunda Elektron Təhlükəsizlik Mərkəzi tərəfindən hazırlanmış “Facebook sosial şəbəkəsindən təhlükəsiz istifadə qaydaları” adlı maarifləndirmə xarakteri daşıyan kitabçalar tədbir iştirakçılarına təqdim olunub.
 
 



Baxış sayı: 612

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024