12px13px15px17px
Tarix:11/11/15

Təhsil Nazirliyi ölkənin 2 aparıcı universitetində startapların başlanması üçün iş aparır

Bir qayda olaraq, cəmiyyət bu və ya digər elmi kəşfin əhəmiyyətini yalnız onun yekun məhsulda tətbiqini gördükdən sonra anlayır (məsələn, buxar mühərriki, elektrik enerji, rəqəmsal texnologiyalar). Bu mənada, elm və ali təhsil sahəsində özündə elmi biliyi, kreativliyi və sahibkarlığı birləşdirən startapların əhəmiyyəti bizdə hələ də axıradək tanınmayıb.


Dünya təcrübəsi göstərir ki, məhz startaplar elmin, təhsilin və iqtisadi fəaliyyətin ən uğurlu inteqrasiyası formatı kimi çıxış etməklə, elmlə təhsilin müasir tələblərə uyğunlaşdırılmasının ən optimal yoludur. Bu fikri qeyd edən təhsil naziri Mikayıl Cabbarovun sözlərinə görə, hal-hazırda Təhsil Nazirliyi ölkənin 2 aparıcı universitetində startapların başlanması üçün iş aparır.

Nazir bildirib ki, hazırlanmaqda olan “Elmdən Təhsilə” adlı məqsədli proqram çərçivəsində Elmlər Akademiyası sistemində çalışan alimlər ölkəmizin ən yaxşı ali təhsil müəssisələrində elmi tutumlu ixtisaslar üzrə təhsil alan tələbələrə fənləri tədris edib, elmlə təhsilin daha dərin inteqrasiyasına töhfə verəcək, toplanmış elmi biliklərin növbəti nəsillərə ötürülməsinə imkan qazanacaq, elmi potensialı olan istedadlı tələbələri vaxtında aşkar etməyə kömək etmiş olacaqlar:

“Elmdə və təhsildə nəsillər arası güclü əlaqəni təmin etmək bu gün qarşımızda duran ən mühüm vəzifədir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təsbit olunan strateji istiqamət və hədəflər Azərbaycan təhsilinin XXI əsrin çağırışlarına uyğun inkişaf meyillərini müəyyənləşdirir. Strategiyada ümumi təhsilin tam orta təhsil səviyyəsində tədrisin təmayüllər üzrə aparılması, istedadlı gənclər üçün xüsusi proqramların hazırlanması nəzərdə tutulur ki, bu da gələcəkdə elmi kadrların hazırlanmasına birbaşa xidmət edəcək.

Bu hədəflərə çatmaq məqsədilə Təhsil Nazirliyi 2015-2016-cı tədris ilindən tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin şəbəkəsinin genişləndirilməsi barədə qərar qəbul etmişdir. İnanırıq ki, burada təhsil alan istedadlı gənclər içərisindən gələcəkdə yüksək ixtisaslı elmi mütəxəssislər də yetişəcək.”
 
 
Həqiqət İSABALAYEVA
 
 



Baxış sayı: 799

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024