12px13px15px17px
Tarix:25/11/15

Ölkələr külək, günəş və su enerjisindən istifadəyə keçə bilər

ABŞ-ın Stenford Universitetinin alimləri Kaliforniya Universitetindən olan həmkarlarının dəstəyi ilə 139 ölkənin enerji şəbəkə xəritəsini təhlil edərək 2050-ci ilədək əksər dövlətlərin bərpa olunan su, külək və günəş enerji mənbələrinə keçə bilməsi qənaətinə gəliblər.
 
Alimlərin fikrincə, ənənəvi enerji mənbələrindən (neft, qaz və kömür) istifadədən imtina ilə bağlı qərarın qəbulu sırf siyasi xarakter daşıyır. 2050-ci ilədək enerji sahələri, nəqliyyat, isitmə və soyutma sistemləri, eləcə də sənaye və kənd təsərrüfatı ekoloji təmiz yanacaq növləri ilə təmin edilən zaman praktikada aparıcı dövlətlərin energetikanın inkişafı üzrə ekoloji proqramı qəbul etməsi real görünür.
 
Tədqiqatçıların hesablamalarına görə, ekoloji təmiz yanacaq növlərindən istifadə kifayət qədər ucuzdur və gələcəkdə bərpa olunan enerji mənbələri ucuzlaşmaqda davam edəcək. Belə ki, hazırda ABŞ-da külək enerjisindən hasil olunan hər kilovat-saatın qiyməti 3,5 sentdir. Eyni zamanda qaz qazanxanalarından əldə edilən hər kilovat-saat ölkəyə 8 sentə başa gəlir. Enerji hasilatı üzrə ekoloji təmiz müəssisələrin yaradılması 20 milyona yaxın insan üçün iş yeri açmağa imkan verəcək ki, bu da hazırda energetika sahəsində çalışanların sayından xeyli çoxdur.
 
Alimlər əmindirlər ki, enerjidaşıyıcıları tarifləri stabilləşəcək və bu, dövlətlərin iqtisadiyyatına müsbət təsir göstərəcək, eyni zamanda vətəndaşların rifah halını yüksəldəcək. Ölkələr enerji baxımından müstəqil ola biləcək ki, bu da kənar dövlətlərin enerji resursları uğrunda mübarizəsi nəticəsində əmələ gələn qlobal gərginliyi azaltmağa imkan verəcək, - "OA” yazır.



Baxış sayı: 575

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024