12px13px15px17px
Tarix:05/12/15

“Bakutel 2015” sərgisi öz işini uğurla yekunlaşdırdı

2 dekabr tarixindən etibarən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Bakı Expo Mərkəzində ziyarətçiləri qəbul edən "Bakutel 2015" XXI Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi bu gün öz işini yekunlaşdırdı.


Sərgidə 200-dən artıq şirkət iştirak edib. Yeni şirkətlərin diqqətini cəlb edən sərgidə bu il debütantların sayı iştirakçıların ümumi sayının 15 faizini təşkil edib. 
 
Prezident İlham Əliyevin hər il olduğu kimi, bu il də sərgini ziyarət etməsi bu qlobal İKT tədbirinin yüksək nüfuzundan xəbər verir.
 
Bu il sərginin fəxri qonağı qismində dünyanın ən nəhəng axtarış sistemi olan "Google" şirkəti öz  yeni platforması ilə iştirak edib. "Cultural Institute" adlanan platforma dünyanın bütün muzey, sərgi və s. maraqlı, görməli yerlərini əhatə edir.
 
CERN - Avropa Nüvə Tədqiqatları Təşkilatının öz stendi ilə sərgidə iştirakını nüvə tədqiqatları üzrə Azərbaycanda həyata keçirilən tədbirlərə töhfə kimi dəyərləndirmək olar.



Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyi İqtisadi İnkişaf Nazirliyinin İxrac İnkişaf Korporasiyasının ("Dubai Exports") iştirakı da diqqətçəkən məqamlardan oldu.



Azərbaycan Prezidentinin Sərəncamı ilə 2015-ci ildə yaradılan Mingəçevir Yüksək Texnologiyalar Parkının ilk rezidenti olan "HTECH Invest" şirkəti də iştirakçılar sırasında idi.



Prezident İlham Əliyevin iştirakı ilə "Azerspace-2" peykinin orbitə çıxarılması barədə "Azərkosmos" ASC ilə Fransanın "Arianespace" şirkəti arasında imzalanan müqavilə isə "Bakutel 2015" sərgisi çərçivəsində baş tutan ən əlamətdar hadisə kimi xarakterizə oluna bilər. Müqaviləyə əsasən, "Azerspace-2" peykinin 2017-ci ildə Fransanın "Ariane-5" raketi ilə fransız Qvianasından orbitə çıxarılması nəzərdə tutulub.



18 ildir 33 ölkənin informasiya-kommunikasiya texnologiyaları bazarlarına informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə məhsullarını təqdim edən "Kaspersky Laboratoriya"sı Azərbaycan şirkətləri ilə yeni əməkdaşlıq əlaqələri qurmaq imkanı qazandı.



Ölkəmizin qürurla evsahibliyi edəcəyi "Formula-1" Avropa Qran-pri yarışının stendi ziyarətçilərin ən çox diqqətini çəkən platforma kimi sərgi tarixinə yazıldı.

Sumqayıt Texnologiyalar Parkında yeni istehsal edilən məhsullar, dünyanın ən böyük 100 şirkətindən biri olan Çinin "Huawei" şirkətinin yüksək texnoloji xidmətləri, Almaniyanın Proqram təminatı və biznes həllərinin istehsalçısı olan SAP şirkətinin
 "Smart Azərbaycan" adlı  innovativ  layihəsi,  ABŞ-ın "CISCO Systems" şirkətinin IP-telefoniya sistemləri, "Internet of everything", simsiz şəbəkə, data mərkəzlər üzrə həlləri sərginin kompozisiyasına xüsusi ahəng qatırdı.   



Ümumiyyətlə, "Bakutel 2015"in iştirakçıları arasında aparıcı informasiya-kommunikasiya texnologiyaları şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribüterləri yer alıb. Sərgidə informasiya texnologiyaları sahəsi üzrə yeni nəsil və milli genişzolaqlı internet üzrə həll variantları, 4-5G mobil texnologiyalar, fiber-optik və "bulud" texnologiyaları üzrə xidmətlər, "Elektron hökumət", "Smart Azərbaycan" layihələri üçün yeni texnologiyalar, eləcə də informasiya təhlükəsizliyi məhsulları yer alıb.



BMT, Beynəlxalq Telekommunikasiya İttifaqı və Regional Rabitə Birliyi kimi beynəlxalq təşkilatların dəstəyi, eləcə də Dünya Sərgi Sənayesi Assosiasiyası tərəfindən sərgiyə verilmiş keyfiyyət nişanı "Bakutel" sərgisinə beynəlxalq səviyyədə verilən qiymətin təzahürüdür.

Qeyd edək ki, sərginin təşkilatçıları qismində "Iteca Caspian" və "Caspian Event Organisers" şirkətləri çıxış edir.
 



Baxış sayı: 1591

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024