12px13px15px17px
Tarix:28/12/15

Elektron tullantılar necə idarə edilir?

"Elektron tullantıların idarə edilməsi problemi Azərbaycan üçün də aktualdır və yaxın gələcəkdə bu istiqamətdə qanunvericilik bazasının və emal infrastrukturunun yaradılması sahəsində mühüm addımların atılması planlaşdırılır".  Bu barədə İnformasiya Texnologiyaları İnstitutundan (İTİ) məlumat verilib.
 
İnstitutdan bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyasının elmi tədqiqat institutu olaraq İTİ informasiya texnologiyaları və informasiya cəmiyyəti istiqamətlərinin müxtəlif problemləri ilə yanaşı, e-tullantıların elmi-texniki problemlərinin araşdırılması işləri ilə də məşğul olur. Bu tədqiqatların əsas məqsədi elektron tullantıların idarə edilməsi üzrə  dünya təcrübəsinin öyrənilməsi, Azərbaycanda mövcud vəziyyətin monitorinqinin aparılması, mütərəqqi idarəetmə sistemlərinin respublikamızda tətbiqi məsələləri üzrə təklif və tövsiyələrin işlənməsi, əhalinin sahə üzrə maarifləndirilməsi işində iştirak etməkdir.
Ölkəmizdə ET-nin idarə edilməsini tənzimləyən xüsusi normativ hüquqi baza (qanunlar, qaydalar, təlimatlar və s.) işlənməmişdir: idarəçilik əsasən "İstehsalat və məişət tullantıları haqqında" Qanunla tənzimlənir və ətraf mühitin mühafizəsi sahəsində dövlət siyasətini müəyyənləşdirir.
 
Qeyd edək  ki, elektron və elektrik (elektrotexniki) avadanlıqların tullantıları elektron tullantılar adlanır (ET) və beynəlxalq terminologiyada "e-waste" və ya WEEE (Waste Electrical and Electronic Equipment) kimi göstərilir: 600 adda avadanlığın tullantıları ET kimi təsnif edilir.
 
ET-nin ətraf mühitə və insan sağlamlığına ziyanlı təsirinin azaldılmasının ümumi strategiya və prinsipləri BMT-nin "Dayanıqlı İnkişaf Konsepsiyası" sənədində göstərilib. Elektron və elektrik avadanlıqları məhsullarının/xidmətlərinin istehsalı, realizasiyası, istehlakı proseslərində tullantıların qəbulunun/toplanmasının, tərkibindəki xammalların/materialların çıxarılması və onlardan ilkin xammal/material kimi istifadə edilməsi məqsədilə ilkin və təkrar emalı prosesinin aparılması yolu ilə yenidən təsərrüfat dövriyyəsinə qaytarılması işi təşkil edilməlidir.
 
 
Bu prinsipə görə, qanunla, tullantı halına keçmiş ET-nin idarə edilməsini həmin avadanlıqların istehsalçıları yerinə yetirir.
 
Məsələn, "Apple", "Hewlet Packard", "IBM" kimi şirkətlər məhsullarının satıldığı ölkələrin 90%-də  öz məhsullarının 95 faizdən çoxunun utilizasiyasını həyata keçirməklə təsərrüfat dövriyyəsinə qaytarır.
 
Hazırda ET-nin idarə edilməsi sisteminin işlənməsi və həyata keçirilməsi istənilən ölkə qarşısında duran ən aktual məsələlərdəndir və onun səmərəlilik dərəcəsi həmin ölkənin iqtisadi, texnoloji inkişaf səviyyəsinin əsas göstəricilərindən biri kimi qəbul edilir.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 861

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024