12px13px15px17px
Tarix:12/02/16

İnsan dərisi ilə təmasda formasını dəyişən yaddaş effektli polimer yaradılıb

ABŞ-ın Roçester Universitetinin alimlər qrupu otaq temperaturunda qəbul edilmiş formasını saxlayan, insan bədəninin istiliyinin təsiri nəticəsində isə əvvəlki görkəminə qayıda bilən yeni elastik polimer hazırlayıblar.

"ICTnews" Elektron Xəbər Xidməti "Hi-News" resursuna istinadən yazır ki, temperatura reaksiya verən yaddaş effektli materiallar tədricən maşınqayırma və arxitektura sahəsində tətbiq edilməyə başlayıb. Lakin belə materiallar üçün adətən yüksək temperatura ehtiyac duyulur. ABŞ alimləri material daxilində dəyişikliyə başlayan temperatur nöqtəsini aşağı salmaq üçün uzun müddət çalışaraq son nəticədə buna nail olublar. Tədqiqat zamanı əldə olunan elastik polimer kifayət qədər möhkəmdir, yaxşı dartılır və ona verilən formanı alır, insan dərisi ilə kontaktda (dəyişikliyə başlayan nöqtə 35 Selsi dərəcəsində yerləşir) isə tez əvvəlki formasına qayıdır.

Material dartınanda onun ibarət olduğu polimer zəncir molekulları da uzanır. Bu ona gətirib çıxarır ki, kiçik polimer seqmentləri kristallaşaraq onun deformasiya edilmiş formasını stabilləşdirir. Alimlər müəyyənləşdiriblər ki, polimer strukturuna xüsusi birləşmələrin əlavə edilməsi tədqiqatçılar tərəfindən verilən temperaturda onu əvvəlki formasına qaytarmağa məcbur edə bilir. Belə ki, onlar materialın strukturu ilə bəzi kosmetik manipulyasiya etməklə insan bədəninin temperaturuna reaksiya verən polimer yaratmağa nail olublar.  

Alimlərin diqqətini çəkən amil o olub ki, geriyə deformasiya anında yeni material faydalı istiqamətə yönəldilə biləcək xeyli miqdarda enerji hasil edir. Odur ki, alimlər "YouTube" hostinqində dərc edilən videoda polimerin onun özündən 1000 dəfə ağır olan yükləri qaldırmaq bacarığını nümayiş etdiriblər.
Hazırda tədqiqatçılar polimerin hansı sahədə tətbiq edilə biləcəyini düşünürlər. Səsləndirilən versiyalar arasında süni dəri, eləcə də insan bədəninin formasına avtomatik tikilən geyim qeyd olunur.

Nizam Nuriyev 




Baxış sayı: 666

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024