12px13px15px17px
Tarix:11/03/16

Hindistanlı kardioloq ürək tutmasının qarşısını almaq üçün mobil proqram hazırlayıb

Hindistanın Nyu-Dehli şəhərində yerləşən “Max Super Speciality Hospital” xəstəxanasında işləyən kardioloq Radciv Rati tərəfindən smartfonlar üçün hazırlanmış proqram insanlara ürək tutmasının qorxulu əlamətlərini aşkar edərək müvafiq tədbir görməkdə kömək edəcək.

“Heart App” mobil proqramı az sayda suallardan ibarətdir. Sinə nahiyəsində istənilən diskomforta malik və ya təngnəfəslikdən əziyyət çəkən pasiyent ona uyğun gələn variantları seçərək sualları cavablandıra bilər.

"Suallara verilmiş cavabları qəbul edən mobil proqram  ürək-damar xəstəliyi riskinin mövcudluğu ilə bağlı nəticə çıxarır" – rəsmi bəyanatda belə deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “planet-today.ru” saytına istinadən yazır ki, sözügedən proqram xəstənin anketinə əlavə olaraq ürək tutmaları haqda informasiya, xəbərdaredici əlamətləri, həmçinin sadə və qısa formada müalicəni qeyd edir. Bir çox hallarda xəbərdaredici simptomlar hətta ürək tutmasının baş verməsinə bir neçə gün qalmış özünü büruzə verib. Təəssüf ki, əhali xəbərdaredici simptomlardan məlumatsızdır və onları ayırd etmək vəziyyətində deyil.

"Mən pasiyentin bir neçə gün ərzində simptomlara məhəl qoymaması kimi vəziyyətlə çox rastlaşmışam. Bir neçə gün sonra həmin pasiyent xəstəxanaya müraciət etdikdə artıq xəstəliyin müalicəsi qeyri-mümkün olub. Əgər xəstə simptomların ciddiliyini dərk edərək tibbi yardım üçün vaxtında müraciət etsəydi, bu problemi həll etmək mümkün olardı" – həkim Rati deyib.

"Heart App mobil proqramı yalnız köməkçi vasitədir, heç vaxt həkimin klinik qiymətləndirməsini əvəz edə bilməz. Proqramın əsas məqsədi ondan ibarətdir ki, insanlar simptomlara önəm verərək vaxtında tibbi yardım üçün xəstəxanaya müraciət etsinlər" – Rati bildirib.

"İstənilən istifadəçi sözügedən proqramı pulsuz yükləyərək öz smartfonuna quraşdıra bilər" – bəyanatda deyilir.

Emil Hüseynov



Baxış sayı: 1098

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024