12px13px15px17px
Tarix:28/03/16

Alimlər buzu uzaqlaşdıran universal material ixtira ediblər

"Science Advances" jurnalının məlumatına görə, Miçiqan Universitetində işləyən alimlər  öz səthində buz örtüyünün yaranmasının qarşısını almaq qabiliyyətinə malik olan möhkəm və ucuz material ixtira ediblər. Təyyarənin füzelyajı, soyuducu istehsalında bu materialdan istifadə etmək olar.

"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, əvvəllər alimlər ya səthi maksimum hidrofob, ya da son dərəcə sürüşkən etməklə bu problemi çözməyə çalışıblar. Ancaq yeni ixtiranın müəllifləri izah ediblər ki, məhz rezin buzu  özündən daha yaxşı uzaqlaşdırır və bu xüsusiyyət onun hidrofobluq dərəcəsindən asılı deyil.

Adətən bir-birinə möhkəm yapışdırılmış iki bərk materialı (məsələn, buz və metal) aralamaq üçün böyük səy tələb olunur. Ancaq rezinəoxşar səthin deformasiyası üçün minimum səy lazımdır ki, ona bərkidilmiş bərk material aralansın.

Sintetik kauçuk qarışığından ibarət yeni örtük yüksək temperatur, mexaniki abraziya, dondurulma və ərimənin təsirinə qarşı dayanıqlıdır. Bundan başqa, materialın hamarlığına nəzarət edən alimlər onun möhkəmliyini sazlamağa müvəffəq olublar:  yumşaq səth buzu özündən daha yaxşı uzaqlaşdırsa da,  möhkəmliyi zəif olur və əksinə.

"Təyyarələr üçün örtüyü maksimum şəkildə möhkəm hazırlamaq lazım gələcək və bu halda güclü külək və füzelyajın vibrasiyası buzu təmizləməkdə kömək edir. Əksinə, soyuducular üçün material Yer kürəsinin cazibə qüvvəsi və kiçik silkələnmənin təsiri nəticəsində buzu özündən uzaqlaşdırmalıdır" – sözügedən ixtiranın müəlliflərindən biri Kevin Qolovin deyib.

Emil Hüseynov




Baxış sayı: 704

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024