12px13px15px17px
Tarix:23/06/16

Etibarsız mənbələrdən enerji dolduran zaman məlumatların ötürülməsini bloklayan qurğu yaradılıb

Mobil qurğunu ictimai yerlərdə və ya kənar kompüter vasitəsilə enerji ilə dolduran zaman onda saxlanılan informasiyanın başqalarının əlinə keçməyəcəyinə əmin olmaq qeyri-mümkündür. “Kasperski laboratoriyası” şirkətinin mühəndisləri belə düşünür.

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, ictimai enerji doldurma stansiyaları smartfon və ya planşetin akkumulyatorunu təcili enerji ilə doldurmaq zərurəti yarananda əvəzedilməzdir. Bununla belə, stansiyalar qurğulardan informasiya toplayaraq onlara zərərli proqram təminatı quraşdırmaqla məlumatların təhlükəsizliyi üçün ciddi təhdid yarada bilərlər.

“Future Crew Team” komandasında bir araya gələn “Kasperski laboratoriyası” mühəndisləri smartfonun etibarsız mənbələrdən enerji ilə doldurulması zamanı fərdi informasiyanı mühafizə etməyə imkan verən xüsusi qurğu icad ediblər. USB toplayıcısına bənzər “Pure.Charger” qurğusu smartfonun enerji mənbəyinə qoşulması zamanı keçirici rolunu oynamaqla məlumatların ötürülməsini avtomatik bloklayır və yalnız elektrik enerjisinin ötürülməsinə imkan verir.  

Bildirilir ki, mühəndislər “Pure.Charger” ilə yanaşı, xüsusi mobil əlavə hazırlayıblar. Qurğu smartfonun qoşulduğu USB çıxışı haqqında məlumatları yadda saxlayaraq onları “Bluetooth” vasitəsilə mobil əlavəyə ötürür. İstifadəçi mobil əlavənin köməyi ilə smartfonu harada və nə vaxt enerji ilə doldurması ilə bağlı tarixçəyə baxa, hansı enerji doldurma stansiyasının qurğuda saxlanılan informasiyanı ələ keçirməyə və onu başqaları ilə mübadilə etməyə cəhd etməsini öyrənə bilər.

“Pure.Charger” yaradıcılarının fikrincə, məlumatların mühafizəsinə görə narahat olan istifadəçilər mükafatlandırılmalıdır. Belə ki, mobil qurğuların təhlükəsiz enerji ilə doldurulmasına görə onların hesabına ballar köçürüləcək ki, bunu da sonradan xüsusi mağazada xərcləmək mümkün olacaq.
Hazırda “Future Crew Team” komandası "Pure.Charger” qurğusunun istehsalı məqsədilə “KickStarter” saytında vəsait toplamaqla məşğuldur.  

Nizam Nuriyev 




Baxış sayı: 506

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024