12px13px15px17px
Tarix:01/08/16

Rabitə və yüksək texnologiyalar naziri iranlı həmkarı ilə görüşüb

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində keçirilən görüşdə telekommunikasiya və poçt sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, regional layihələrdə birgə iştirak, “Elektron hökumət” modelinin inkişafı üçün təcrübə mübadiləsinin intensivləşdirilməsi, sərhədyanı ərazilərdə radio tezliklərin tənzimlənməsi, kibertəhlükəsizlik,  peyk, mobil rabitə və internet xidmətləri sahələrində əməkdaşlıq  perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
 
Qonaqları salamlayan rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə həmkarı ilə ilk görüşündən ötən müddət ərzində ölkələrimiz arasında rabitə və yüksək texnologiyalar sektorunda həyata keçirilən işlərin sürətləndirildiyini bildirib. Nazir İranın özəl İT şirkətlərinin Azərbaycanın İKT sektoruna cəlb edilməsinin məqsədəuyğun olduğunu qeyd edərək, bunun üçün “Bakutel” beynəlxalq informasiya texnologiyaları sərgi-konfransının uğurlu platforma olduğunu diqqətə çatdırıb. Nazir internet trafikinin ötürülməsi istiqamətində uğurlu təcrübənin olduğunu vurğulayaraq, kibertəhlükəsizliyin təmin olunmasında da əməkdaşlığın zəruriliyini qeyd edib.

 
Öz növbəsində  Mahmud Vaezi  rabitə və yüksək texnologiyaları sahəsi üzrə əlaqələrin daha da genişləndirilməsindən məmnunluğunu ifadə edib.  O bildirib ki, qarşılıqlı əməkdaşlıq  beynəlxalq təşkilatlarda da ölkələrimizin bir-birini dəstəkləməsinə imkan verir.  Nazir qeyd edib ki, ümumiyyətlə, sahə üzrə mövcud olan potensial imkanlardan  geniş istifadə olunmalıdır.

Sonda görüş çərçivəsində müzakirə olunan məsələlərin mövcud İşçi Qrup tərəfindən qısa vaxtda icrasına başlanılması qərara alınıb.  




Baxış sayı: 1674

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024