12px13px15px17px
Tarix:19/09/16

Dünyada 3.9 milyard nəfərin internetə çıxış imkanı yoxdur

BMT-nin Genişzolaqlı Rabitə üzrə Komissiyası dünyada genişzolaqlı rabitəyə çıxış üzrə hesabat təqdim edib.

Hindistan ABŞ-ı ötərək dünyada ikinci ən böyük internet bazarına çevrilib. Bu ölkədə 333 milyon nəfər “ümumdünya hörümçək toru”na çıxışa malikdir. Birinci yerdə qərarlaşmış Çində 721 milyon insan internetdən istifadə edir.

"Genişzolaqlı rabitənin vəziyyəti" adlı yeni hesabatda qeyd edilir ki, daha zəngin ölkələrdə internetə çıxış doyma həddinə yaxınlaşdığı halda  dünyada əhalinin yoxsul təbəqəsinin internetə çıxışı üçün imkanlar hələ ki yüksək templə artmır. Bu da xüsusilə təhsil və səhiyyə sahələrində müşahidə olunan fərqin aradan qaldırılmasına problem yaradır.

“ICTnews” Elektron Xəbər Xidməti “itu.int” saytına istinadən yazır ki, qiymətləndirmələrə görə, dünyada 3.9 milyard nəfər internetdən istifadə etmir. Ancaq komissiyanın yeni hesabatına əsasən, planetin internetə çıxışı olmayan əhalisinin 55%-i Çin, Hindistan, İndoneziya, Pakistan, Banqladeş və Nigeriyada yaşayır. Bu nəticələr onu göstərir ki, yalnız bir neçə əsas bazarda məqsədyönlü səylər internetə qoşulmuş və internetə qoşulmamış ölkələr arasında "rəqəmli fərqi" aradan qaldırmaqda böyük kömək etmiş olardı.

18 sentyabr tarixində Nyu-Yorkda keçirilən Genişzolaqlı Rabitə üzrə Komissiyanın 14-cü görüşü ərəfəsində buraxılmış hesabatda mobil genişzolaqlı rabitənin imkanları haqda optimist fikirlər yer alıb. Hazırda 165 ölkədə “4G” yüksək sürətli mobil şəbəkəsi istifadəyə verilib. ABŞ, Avropa, Yaponiya və Koreyada smartfonların populyarlığı doyma həddinə çatdığından Hindistan və İndoneziya kimi ölkələrin gələcək artımı təmin edəcəyi gözlənilir. Hindistan bu yaxınlarda ABŞ-ı ötərək dünyada ikinci ən böyük smartfon satış bazarına çevrilib.

Hər il BMT-nin Genişzolaqlı Rabitə üzrə Komissiyası tərəfindən buraxılan  "Genişzolaqlı rabitənin vəziyyəti" adlı hesabat genişzolaqlı rabitə şəbəkəsinə çıxış və onun qiymət əlçatanlığı barədə unikal qlobal təsvirdir.

Hesabata əsasən, BTİ-nin son rəqəmlərinə uyğun olaraq, 2016-cı ilin sonuna 3.5 milyard (dünya əhalisinin 47%-i) nəfər internetdən istifadə edəcək. Ötən il bu göstərici 3.2 milyard olub. BMT tərəfindən daha az inkişaf etmiş ölkələr kimi tanınan 48 ölkədə böyük irəliləyiş qeydə alınıb, həmçinin ilin sonunadək az inkişaf etmiş ölkələrin əhalisinin 15%-nin internetə çıxışını təmin ediləcək.

Cari ilin məlumatına görə, inkişaf etməkdə olan ölkələrin ev təsərrüfatlarında internetin nüfuzetmə səviyyəsi göstəricisi üzrə Koreya Respublikası əvvəllər olduğu kimi, ev təsərrüfatlarında genişzolaqlı rabitənin yüksək nüfuzetməsi ilə  səciyyələnir: 98.8% ev idarəetməsi internetə çıxışa malikdir; Qətər (96%) və Birləşmiş Ərəb Əmirlikləri (95%) müvafiq olaraq ikinci və üçüncü yerləri tutub.

İslandiyada əhalinin 98.2%-i internetdən istifadə edir. Lüksemburq (97.3%)  bu göstərici üzrə Norveçi ötərək ikinci yeri tutub, Andorra (97%) isə Danimarkanı sıxışdıraraq üçüncü yerdə qərarlaşıb.
Monako əvvəlki kimi İsveçrəni cüzi qabaqlayaraq genişzolaqlı stasionar rabitənin nüfuzetməsi üzrə dünya lideridir. Hazırda Monako, İsveçrə, Lixtenşteyn, Danimarka, Niderland, Fransa və Koreya Respublikasında genişzolaqlı stasionar rabitənin nüfuzetmə səviyyəsi 40% -i ötür, 2014-cü ildə belə ölkələrin sayı altı, 2012-ci ildə yalnız birə bərabər idi.

Finlandiya mobil genişzolaqlı rabitə üzrə aktiv müqavilələrin sayına görə dünyada birincidir: 100 nəfərə 144 müqavilə düşür. Sonrakı yerlərdə Sinqapur (142) və Küveyt (139) yerləşib. Mobil genişzolaqlı rabitə üzrə bütün aktiv müqavilələrin təxminən 48%-i Asiya-Sakit okean regionunun payına düşür.

Ümumilikdə hazırda dünyanın 91 ölkəsində əhalinin 50%-dən çoxu internetə çıxış imkanına malikdir, halbuki 2015-ci ildə belə ölkələrin sayı 79 idi. Amma 2014-cü ildə internetdən istifadə üzrə on aparıcı ölkə Avropada yerləşirdi, cari ildə bu qrupa Bəhreyn (7-ci yer) və Yaponiya (9-cu) daxil edilib. Sahara səhrasından cənubda yerləşən Afrika ölkələrində internetə çıxış üzrə ən aşağı səviyyə qeydə alınıb. Çad, Syerra Leone, Niger, Somali və Eritreyada əhalinin 3%-dən az hissəsi internetə çıxış imkanına malikdir.

Emil Hüseynov




Baxış sayı: 1287

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024