12px13px15px17px
Tarix:27/10/16

“Microsoft” ilk masaüstü kompüterini və başqa yenilikləri təqdim edib

"Microsoft" korporasiyası Nyu-Yorkda keçirilmiş təqdimatda "Surface Studio" adlı ilk şəxsi istehsalı olan masaüstü kompüterini, "Surface Book i7" adlı yeni noutbuk-transformerini və simsiz virtual reallıq şlemlərini nümayiş etdirib, həmçinin "Windows 10" əməliyyat sisteminin növbəti böyük yeniləməsi haqda detalları bölüşüb.

"ICTnews" Elektron Xəbər Xidməti "vesti.ru" saytına istinadən yazır ki, "Surface Studio" – bu, proqram nəhənginin qrafika sahəsində ekspertlər, dizaynerlər, illüstratorlar və yaradıcılıq peşələrinin başqa nümayəndələri üçün nəzərdə tutulmuş ilk fərdi kompüteridir (FK).

Monoblok 28 düymlük sensor ekrana (13.5 milyon piksel, tərəflərin nisbəti –  3:2) malikdir, çox nazik korpus və aparatı həm üfüqi, həm də şaquli vəziyyətdə qalmağa imkan verən daxili şarnirlə təchiz edilib.
"iMac" kompüterinin rəqibi olan "5K" təsvir ölçülü ekranla təchiz edilmiş qurğu "Surface Pen" stilusu və yeni "Surface Dial" aksessuarının köməyi ilə daxiletməni dəstəkləyir.

"Microsoft"un rəsmisi bildirib ki, "Surface Studio" monoblokunun sensor ekranı təsadüfi toxunuşları (məsələn, dirsəklə) qeydə almır və stilusla toxunuşlara ani reaksiya verir.

Monoblok kompüter "Intel Core i5" və ya "i7" prosessoru, "Nvidia GTX 980" qrafik kartı, 32 QB-dək əməli yaddaş və 2 TB-dək tutuma malik daşıyıcı, "Mini DisplayPort", 4 ədəd "USB 3.0", "Ethernet" konnektor və "SD" kartlar üçün slotla təchiz edilib.

"Surface Studio" monoblokunun qiyməti 2999 ABŞ dollarından başlayır. Artıq ilkin sifariş əlçatandır. Yeni qurğunun çatdırılması dekabrın əvvəllərinə gözlənilir.

"Surface Book"un dizaynı sələfindən heç nə ilə fərqlənmir. Yeni modeldə təkmilləşdirmələr əsasən elektron içliklə bağlıdır: avtonom iş vaxtı 16 saatdır, qrafik məhsuldarlıq iki dəfə artırılıb.

2016-cı ilin noutbuk-transformeri "Intel i7" prosessoru, "Nvidia GeForce GTX 965M" (1.9 teraflops) video sürətləndiricisi və tamamilə yeni soyutma sistemi ilə təchiz edilib.

256 QB, 512 QB və 1 TB yaddaş konfiqurasiyasına malik yeni qurğunun qiyməti müvafiq olaraq 2399, 2799 və 3299 dollar təşkil edəcək. Leptopu "Microsoft.com" saytından sifariş etmək mümkündür.

"Microsoft", həmçinin "Windows 10" sistemi ilə işləyən və holoqramların göstərilməsi funksiyasına malik virtual reallıq şlemlərini təqdim edib. Bu şlemləri "HP", "Dell", "Lenovo", "Asus" və "Acer" şirkətləri istehsal edəcək. Amma bu şirkətlərdən heç biri virtual reallıq bazarında aparıcı iştirakçı deyil.
Qurğu haqda məlumat yox dərəcəsindədir. Şirkətin rəsmiləri bildiriblər ki, "HTC Vive" və "Oculus Rift"dən fərqli olaraq kənar kamera və ya lazer sistemlərinə ehtiyac olmayacaq, çünki hərəkəti izləyən trekerlər korpusda gizlədilib. Virtual reallıq şlemləri 299 dollara satılacaq.

Bundan başqa, şirkət "Windows 10" əməliyyat sisteminin növbəti böyük yeniləməsi – "Windows 10 Creators Update"ni təqdim edib. 2017-ci ilin yazında onu pulsuz yükləmək mümkün olacaq.

Emil Hüseynov




Baxış sayı: 591

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024