12px13px15px17px
Tarix:13/01/17

“HTC U Ultra” rəsmən təqdim edilib

“HTC” şirkəti yeni qabaqcıl “U Ultra” smartfon modelini rəsmən təqdim edib. Qurğunun fərqləndirici cəhəti ön panelin yuxarı hissəsində yerləşən əlavə ekrandır. Şirkət, həmçinin “U Play” smartfonunu da nümayiş etdirib.

“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, “HTC U Ultra” texniki xüsusiyyətinə görə hazırda rəqiblərin qabaqcıl modelləri və "HTC 10” ilə eyni səviyyədədir. Belə ki, yeni qurğu ilk növbədə displeyi ilə seçilir. 5,7 düymlü əsas ekran 2560 х 1440 piksel, 2 düymlü əlavə ekran 160 х 1040 piksel təsvir ölçüsünə malikdir. Əlavə displey bildirişlər, xəbərdarlıqlar, seçilmiş kontaktların daxil edilməsi və musiqi pleyerinin idarə edilməsi üçün nəzərdə tutulub. Ekranlar “Gorilla Glass 5” qoruyucu şüşəsi ilə təchiz edilib.

Məlumata görə, smartfon “Snapdragon 821” prosessoruna və 4 giqabayt tutumlu operativ yaddaşa malikdir. Aparatda quraşdırılmış yaddaş 64 və ya "microSD” kartı ilə 128 giqabayt təşkil edir. Mərhələli avtomatik fokuslanma ilə təchiz edilən 12 meqapikselli əsas kamera “HTC 10” modelində quraşdırılan kameradan digər xüsusiyyətlərinə görə fərqlənmir. Ön kameranın təsvir ölçüsü 16 meqapiksel və 4 meqapikselli ultrapiksel rejimi təşkil edir.

Quraşdırılmış batareyanın tutumu 3 min milliamper/saata bərabərdir ki, bunun da böyük displey və məhsuldarlıq sistemi nəzərə alınmaqla lazımi avtonomluğu çətinliklə təmin edə biləcəyi qeyd olunur. Həmçinin “Quick Charge 3.0” sürətli enerji toplama rejimi dəstəklənir. Onu da qeyd etmək lazımdır ki, yeni qurğuda qulaqcıqlar üçün 3,5 mm ölçülü çıxış quraşdırılmasa da, “USB-C 3.1” portu yer alıb.

Metal və şüşədən düzəldilən “HTC U Ultra” qara, ağ, çəhrayı və göy rənglərdə təklif olunacaq.

Öz növbəsində “U Play” modeli 5,2 düymlü “Full HD” formatlı ekran, 2500 milliamper/saat tutumlu batareya, “Helio P10” prosessoru, 23/64 giqabaytlıq quraşdırılmış yaddaş, 16 meqapikselli əsas kamera və “Android Marshmallow” əməliyyat sistemi ilə təchiz edilib. “HTC U Ultra” smartfonunda “Android 7 Nougat” versiyası quraşdırılıb.

“Sense Companion” süni intellekti smartfonlara ekranlar aktiv olmayan zaman səsli komandalar verəcək. Bundan başqa, “HTC” nümayəndələri bildirib ki, istifadəçinin vərdişlərini təhlil edən və müxtəlif fikirlər və xəbərdarlıqlar verə bilən yardımçı funksiya qurğu sahibini səsinə görə müəyyənləşdirəcək.

Nizam Nuriyev 




Baxış sayı: 820

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024