12px13px15px17px
Tarix:30/01/17

Süni intellekt startaplarına investisiyalar rekord həddə çatıb

2016-cı ildə süni intellekt sahəsində fəaliyyət göstərən yeni yaradılan şirkətlər (startaplar) dünyada 5 milyard dollardan çox investisiya cəlb ediblər ki, bu da son beş ildə ən yüksək göstəricidir. Bu barədə "CB Insights" şirkətinin tədqiqatında deyilir.

"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, süni intellekt texnologiyalarının tətbiqinin genişləndirilməsi ilə əlaqədar olaraq analitiklər 2017-ci ildə investorlar tərəfindən oxşar startaplara marağın saxlanılmasını proqnozlaşdırırlar.

2016-cı ildə süni intellektə yönələn şirkətlər ümumilikdə 658 raund maliyyələşmə həyata keçiriblər. Halbuki 3,12 milyard dollar məbləğində investisiyanın cəlb olunduğu 2015-ci ildə bu göstərici 493 olub.
Bundan başqa, ötən il 100 milyon dollar həcmində investisiya meqaraundlarının sayında kəskin artım qeydə alınıb. Nümunə kimi 180 milyon dollar məbləğində investisiya cəlb edən Texasın süni intellekt texnologiyalarına əsaslanan kibertəhlükəsizlik sahəsində xidmətlər təklif edən "StackPath" startapı göstərilir. Kaliforniyadan olan daha bir şirkət - "Zymergen" 130 milyon dollarlıq investisiya alıb. "Zymergen" mikroorqanizmlərin yaradılmasının avtomatlaşdırılması üçün texnologiyalarda ixtisaslaşan "biosintetik" startapdır.

Sərmayədarlar təkcə ABŞ şirkətlərinə deyil, həmçinin digər ölkələrin perspektivli tərtibatçılarına maraq göstəriblər. Belə ki, ötən il ABŞ hüdudlarından kənar süni intellekt startapları bu sahəyə yatırılan investisiyaların ümumi məbləğinin 38 faizini əldə ediblər. 2012-ci ildə onların payı 21 faiz təşkil edib. Maliyyələşmə alanlar arasında Böyük Britaniya, Kanada, Fransa, İsrail, Çin, Hindistan və Yaponiya şirkətləri var.

Süni intellekt startaplarına aktiv investisiya yatıran investorlar siyahısında "Khosla Ventures" və "Andreesen Horowitz" kimi vençur şirkətlərlə yanaşı, "Intel", "Google", "General Electric" və s. kimi dünyanın aparıcı şirkətləri yer alıb. 2016-cı ilin dekabrında "Microsoft" süni intellekt sahəsində investisiyalar üçün xüsusi fond təsis edib.  

"CB Insights" analitiki Dipaşri Varadaracan hesab edir ki, kompüter təlimi üzrə alqoritmlər sahəsində yeni nailiyyətlər süni intellekt texnologiyalarının tətbiqinin genişləndirilməsinə xidmət edəcək. Mütəxəssisin proqnozuna görə, yaxın gələcəkdə süni intellekt sahəsinə investisiya axını davam edəcək.

Nizam Nuriyev 




Baxış sayı: 619

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024