12px13px15px17px
Tarix:26/04/17

“Wemogee” proqramı nitq qüsurlu insanlara kömək edəcək

Əksər insanlar həmsöhbətlərinə emosiyaları dəqiq çatdırmaq üçün smayliklərdən istifadə edir. “Samsung” şirkəti bu istiqamətdə daha irəli gedərək afaziya kimi nitq qüsurlu insanlara kömək üçün emodzilərdən istifadə etmək qərarına gəlib. Belə xəstələr oxumaq və yazmaqda, eləcə də bilavasitə danışıqda problemlərlə üzləşirlər.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Samsung”un İtaliya bölməsi loqoped Françesko Polini ilə əməkdaşlıqda mətnli ifadələri smaylik birləşmələri ilə əvəzləməyə imkan verən “Wemogee” adlı yeni mobil əlavə hazırlayıb. Ondan məlumat mübadiləsi üçün messencer kimi istifadə mümkündür.

ABŞ Milli Afaziya Assosiasiyasının məlumatına görə, iki milyona yaxın amerikalı afaziyadan əziyyət çəkir və hər il bu xəstəlik 180 min nəfərdə əmələ gəlir. Əksər belə xəstələr ünsiyyət üçün jestlərdən, şəkil çəkməkdən və ya qrafik lövhələrdən istifadə edir. “Wemogee” proqramı məhz belə insanların həyatını sadələşdirmək məqsədilə hazırlanıb.

“Afaziya xəstələri emodzilərin emosiyaların bütün aspektlərini ifadə etməsinə görə onları başa düşürlər. Jestlərdən, üzün obraz və ifadələrindən istifadə sayəsində funksiya mənanı gözəl saxlayır və hətta ünsiyyəti əvəz edə bilir”, - F.Polini bildirib.

Proqram tərtibatçılarının sözlərinə görə, bu, emosiyalar əsasında afaziya xəstələrinin ünsiyyəti üçün nəzərdə tutulan ilk messencerdir. Əlavə vizual və mətnli olmaqla iki rejimlidir. Afaziya xəstəsi olan istifadəçilər 6 kateqoriyaya bölünən 140 mindən çox ifadənin ötürülməsi üçün yaradılan smaylikləri görürlər. “Wemogee” əvvəlcə smaylik birləşmələrini digər istifadəçilər üçün mətnə, daha sonra onların cavablarını yenidən smayliklərə çevirir.

Hazırda yalnız ingilis və italyan dillərini dəstəkləyən proqramın aprelin 28-də “Android”, sonradan “iOS” versiyasının işıq üzü görəcəyi gözlənilir.

Nizam Nuriyev
 





Baxış sayı: 318

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024