12px13px15px17px
Tarix:18/05/17

“Məcburi dövlət sosial sığortası üzrə hesabatların göndərilməsi" mövzusuna həsr edilmiş təlim keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzi və Məlumat Hesablama Mərkəzi əhalinin elektron xidmətlərdən istifadə bacarıqlarının, elektron xidmətlər haqqında məlumatlandırmanın və ümumilikdə elektron idarəçilik üzrə biliklərin səviyyəsinin artırılması üçün birgə təlimləri davam etdirir.
 
Növbəti təlim “Məcburi dövlət sosial sığortası üzrə hesabatların göndərilməsi” mövzusuna həsr edilib.
 
Təlimdə çıxış edən Elektron Hökumət Təlim-Tədris Mərkəzinin direktor vəzifəsini icra edən Rauf Cabbarov elektron xidmətlərin gündəlik həyatda rolundan danışaraq, bildirib ki, gözlənilən nəticələrin əldə olunması üçün vətəndaşların bu xidmətlərdən istifadə səviyyəsinin artırılması əsas prioritetlərdəndir. Bu məqsədlə, Elektron Hökumət Təlim-Tədris Mərkəzi "Elektron hökumət" portalı"Elektron imza" və ümumiyyətlə, digər xidmətlər üzrə vaxtaşırı təlimlərin təşkilini planlaşdırır. R.Cabbarov qeyd edib ki, maraqlı tərəflərin iştirakını təmin etmək üçün təlimlərlə bağlı öncədən məlumat verilir.
 
Daha sonra, Məlumat Hesablama Mərkəzinin əməkdaşı Günay Hüseynova "Elektron hökumət" portalı üzrə təqdim olunan elektron xidmətlər barədə məlumat verərək, virtual xidmət mühiti olan portalın üstünlüklərindən danışıb.
 
“Məcburi dövlət sosial sığortası üzrə hesabatların göndərilməsi” xidməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Orxan Salahov tərəfindən praktiki olaraq təlim iştirakçılarına nümayiş olunub. Həmin xidmət üzrə sığortaedənin məlumatları, səlahiyyətlərin verilməsi və hesabatların qəbulu bölmələri üzrə ayrı-ayrılıqda tələb olunan bütün mərhələlər təlim iştirakçılarına izah edilib. Mütəxəssis hesabatın hazırlanması, hesabata düzəlişlərin olunması və etibarsız olan hesabatların ləğvi barədə ətraflı məlumat verib.
 
Qeyd edək ki, “Məcburi dövlət sosial sığortası üzrə hesabatların göndərilməsi” qaydalarına əsasən, sığorta edənlər qeydiyyata alındığı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanlarına hər rüb məcburi dövlət sosial sığortası barədə hesabat təqdim edirlər. 2017-ci il 1 aprel tarixindən fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqinə başlanılması ilə “Məcburi dövlət sosial sığortası üzrə hesabatların göndərilməsi” xidmətinə müraciət “Elektron imza” vasitəsi ilə aparılır.
 
Milli Sertifikat Xidmətləri Mərkəzinin mütəxəssisi İsmayıl Niftəliyev Məcburi dövlət sosial sığortası üzrə hesabatların göndərilməsi xidmətinin giriş vasitəsi olan "Elektron imza"nın üstünlükləri, “Elektron imza” vasitəsi ilə onlayn xidmətlərə müraciət barədə məlumat verərək, təlim iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirib.
 
Məlumat üçün bildirək ki, “Elektron imza” sertifikatını birbaşa Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzinə, eləcə də “Şəbəkə” xidmət mərkəzlərinə və həmçinin www.e-imza.az saytından onlayn sifariş etməklə 3 gün ərzində “Elektron imza” kartı və ya “Elektron imza” tokeni formasında əldə etmək mümkündür.

Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən təqdim olunan “Elektron imza” sertifikatından istifadə tam pulsuzdur. 1 dəfə ödəniş edib, sertifikatı əldə etməklə 3 il müddətində heç bir xidmət haqqı olmadan tam ödənişsiz istifadə edilir. Bundan əlavə, “Elektron imza” beynəlxalq FİPS 140-2 təhlükəsizlik standartına uyğunlaşdırılmış, tam təkmil imzalama vasitəsidir. Ən əsası isə “Elektron imza” ilə aparılan əməliyyatlara müdaxilə mümkün deyil.














Baxış sayı: 657

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024