12px13px15px17px
Tarix:06/06/17

“Apple” yeni qurğu və əməliyyat sistemlərini təqdim edib

“Apple” korporasiyası “WWDC 2017” konfransı çərçivəsində yeni qurğularını təqdim edib.

Şirkət 10,5 düymlük diaqonallı ekrana malik yeni “iPad Pro” planşet kompüterini nümayiş etdirib. Planşet altınüvəli “A10X” prosessoru, optik sabitləşməyə malik 12 meqapiksellik kamera ilə təchiz edilib. Yeniliyin qiyməti 649-949 dollar arasında dəyişir. Növbəti həftə planşetin satışına başlanılacaq, amma artıq ilkin sifariş əlçatandır.

“iMac” monoblokunda cüzi təkmilləşdirmələr edilib: yeddinci  nəsil “Intel Core” prosessoru, yeni qrafika, 64 QB-dək əməli yaddaşın dəstəklənməsi. Ən sadə “iMac” monoblokunun qiyməti 1100 dollardan başlayır. 4K təsvir ölçülü ekrana malik versiyanın qiyməti 1500, 5K təsvir ölçülü 27 düymlük ekrana malik monoblokun qiyməti isə 1800 dollardan başlayır. Artıq təqdimetmə günündə bu monoblokların satışına start verilib.

Həmçinin yeni “iMac Pro” monobloku təqdim edilib. Sözügedən monoblok 8, 10 və 18 nüvəli “Intel Xeon” prosessorları, həmçinin “Radeon Vega” diskret qrafikası ilə təchiz edilib. Bundan başqa, “iMac Pro” ilk dəfə 10 QB/san “Ethernet” portu ilə təchiz edilib və bu port vasitəsilə məlumatları 10 dəfə daha sürətlə ötürmək mümkündür. Həmçinin qurğu 4 ədəd “Thunderbolt 3” portu və yeni soyutma sistemi ilə təchiz edilib. Ən bahalı modelin gücü 22 teraflops təşkil edəcək. Həmçinin 128 QB-dək əməli yaddaş dəstəklənir. Kompüterin qiyməti 5 min dollardan başlayır, dekabrda satışlara start veriləcək.

Noutbuklara gəlincə, “MacBook” və “MacBook Pro”nun üç versiyasının əvvəlki dizaynı saxlanılıb, amma onlara yeddinci nəsil “Intel Kaby Lake” prosessorları quraşdırılıb. Həmçinin 12 düymlük “Mac Book” noutbuku “SSD” daşıyıcı, 15 düymlük “MacBook Pro” isə diskret qrafik kartla təchiz edilib.

“MacBook Air” modeli indi daha məhsuldar “Intel” prosessoru ilə təchiz edilib, lakin prosessor modelinin adı məlum deyil. Bu halda noutbuk 1440x900 piksel təsvir ölçülü ekrana malikdir və əvvəlki kimi “USB Type-C” konnektoru mövcud deyil.
12 düymlük “MacBook” və “Touch Bar”sız (interaktiv sensor displey) 13 düymlük “MacBook Pro” noutbuklarının qiyməti 1299, “Touch Bar”a malik 13 düymlük “MacBook Pro” noutbukunun qiyməti 1799, 15 düymlük “MacBook Pro”nun qiyməti isə 2399 dollardan başlayacaq.

“Apple” şirkəti, həmçinin daxili “Siri” səs köməkçisinə malik “HomePod” kolonkasını təqdim edib.
Kolonka “Apple Music” servisini dəstəkləyəcək, həmçinin "köməkçi" funksiyalarını yerinə yetirəcək.
349 dollarlıq ağ və qara rənglərdə əlçatan qurğu dekabrda satışa çıxarılacaq.

“Apple” korporasiyası “WWDC 2017” konfransında öz əməliyyat sistemlərinin yeni versiyalarını da təqdim edib.

“iOS 11” versiyasında “iMessage” və “Apple Pay”in köməyi ilə tanışlara pul göndərmək imkanı əlçatan olub. Şirkət qurğudakı sahədən istifadəni optimallaşdırıb: messencerdəki mesajlar “iCloud” “bulud” sistemində saxlanılır, keyfiyyət itkisi olmadan şəkil və çarxların tutumu azaldılıb.

Sistemin "idarəetmə mərkəzi"nin dizaynı tamamilə yenidən işlənilib. İndi bütün punktlar bir ekranda əlçatandır. Bloka salma ekranı və xəbərdarlıqlar sətri cüzi dəyişikliyə məruz qalıb.
Sistemdə "sükan arxasında narahat etməyin" adlı xüsusi rejim istifadəyə verilib. Sistem istifadəçinin sükan arxasında olduğunu müəyyənləşdirən kimi sözügedən rejim işə düşür. Bu halda smartfon yoldan yayındırmamaq üçün yalnız qara ekran göstərir.

Sistem 2017-ci ilin payızında əlçatan olacaq.

“Apple” tədbir çərçivəsində, həmçinin “watchOS 4” və “Apple TV” əlavəsi üçün “tvOS” sisteminin yeni versiyasını təqdim edib, ancaq sonuncuda əsas özəllik “Amazon Prime Video” xidmətinin dəstəklənməsi olub.

“Apple”ın smart saatları üçün “WatchOS 4” əməliyyat sistemində bir neçə yeni siferblat və “Siri” dəstəkli dinamik siferblat istifadəyə verilib. Bu siferblatlarda təqvim və digər tətbiqlərdən aktual informasiya əks edilir.

Nəhayət, “watchOS 4” sistemində Music proqramı yenilənib: indi “AirPods” ilə qarşılıqlı əlaqə yaratmağa və “Apple Music”dən məsləhətli pleylistləri əlavə etməyə imkan verir.

Emil Hüseynov




Baxış sayı: 466

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024