12px13px15px17px
Tarix:16/06/17

“Azərbaycanda genişzolaqlı internetin inkişafı strategiyası və yeni nəsil şəbəkələrinin tədrisdə tətbiqi” mövzusunda konfrans keçirilib

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin nəzdindəki Beynəlxalq Rabitə Akademiyası və Akademiyanın Azərbaycan bölməsinin təşkilatçılığı ilə "Azərbaycanda genişzolaqlı  internetin inkişafı strategiyası və yeni nəsil şəbəkələrinin tədrisdə tətbiqi" mövzusunda konfrans keçirilib.

Konfransda qeyd edilib ki, ölkədə İKT sektorunun inkişafı, xüsusən də yüksəksürətli genişzolaqlı internet xidmətlərinin təkmilləşdirilməsi istiqamətində qəbul edilən dövlət proqramları, həyata keçirilən layihələr olduqca əhəmiyyətlidir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Tahir Məmmədov bildirib ki, Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramına əsasən, İKT, o cümlədən genişzolaqlı şəbəkə infrastrukturu inkişaf etdirilərək, əhalinin təhlükəsiz, ucuz və keyfiyyətli İKT xidmətlərinə artan tələbatının tam təmin olunması nəzərdə tutulub. O deyib ki, Dövlət Proqramına əsasən, əhalinin müxtəlif qrupları, şəhər və kənd yaşayış məntəqələri arasında "rəqəmli fərqlilik" azaldılacaq, ölkənin qlobal internet şəbəkəsinə çıxış potensialı artırılacaq, tranzit informasiya xidmətləri genişləndiriləcək.

"İnternetin milli seqmentinin inkişaf etdirilməsi, internetə müasir qoşulmaların, o cümlədən genişzolaqlı, simsiz və mobil vasitələrlə qoşulmaların tətbiqi, internet-servis provayderlərinin və internet-klubların fəaliyyətinə əlverişli şərait yaradılıb. Bunun nəticəsidir ki, hazırda internet istifadəçilərinin yarısından çoxu genişzolaqlı internet xidmətlərindən istifadə edir. Ölkənin bütün ərazisini əhatə edən fiber-optik magistral şəbəkələr qurulub. Beynəlxalq internet kanallarının ümumi tutumu dəfələrlə artırılıb. Bu gün Azərbaycan İran və Gürcüstan kimi ölkələrə internet xidmətləri ixrac edir".

Konfransda məlumat verilib ki, BMT-nin Genişzolaqlı rabitə üzrə komissiyasının "Genişzolaqlı rabitənin vəziyyəti" adlı yeni hesabatında daha zəngin ölkələrdə internetə çıxış doyma həddinə yaxınlaşdığına görə dünyada əhalinin yoxsul təbəqəsi üçün internetə çıxış imkanları hələ ki yüksək templə artmır.

Komissiyanın qiymətləndirməsinə görə, dünyada 3.9 milyard nəfərin internetə çıxışı yoxdur. Bununla belə, 2017-ci ilədək 3.5 milyard (dünya əhalisinin 47%-i) nəfər internetdən istifadə edəcək. Halbuki, 2015-ci ildə bu göstərici 3.2 milyard olub.

Daha sonra məruzəçilər ölkəmizdə genişzolaqlı internetin inkişafı istiqamətində görülən işlər barədə məlumat veriblər.

Bildirilib ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən ADSL və fiber- optik internet xidmətinin təkmilləşdirilməsi çərçivəsində təmir-bərpa işləri davam etdirilir. Əhaliyə göstərilən internet xidmətləri üzrə tariflər optimallaşdırılıb və nəticədə ADSL internet istifadəçiləri əvvəlki qiymətlərlə daha artıq sürət əldə edirlər. Bakı şəhəri üzrə ADSL internet istifadəçilərinin sayı bu gün 200 mini ötüb. Eləcə də fərdi fiber optik internet istifadəçiləri üçün sürət həddi artırılıb. Bundan başqa, fiber-optik internet şəbəkəsinin inkişafı üzrə GPON texnologiyası üzərindən şəbəkənin sürətli inkişaf planı hazırlanıb və eyni infrastruktur üzərindən əhaliyə telefon rabitəsi, internet və yüksək keyfiyyətli rəqəmsal televiziya xidmətləri göstərilir.

Regionlarda da internetə qoşulma şəbəkəsinin təkmilləşdirilməsi və keyfiyyət səviyyəsinin yüksəldilməsi, müştəri məmnunluğunun təmin edilməsi üçün bir sıra işlərin görüldüyü qeyd edilib. Belə ki, köhnə TPP kabellərin əvəzedilməsi və yeni paylayıcı nöqtələrin yaradılması məqsədilə 270 km-dən artıq fiber optik kabellərin çəkildiyi qeyd elilib.

Genişzolaqlı internet xidmətlərinin keyfiyyətinin və əlavə xidmətlərinin sayının artırılması üçün FTTx texnologiyaların tətbiq edilməsi işlərinə başlanılıb.

2019-cu ilin sonunadək Respublikamızın ən iri şəhərlərində - Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Masallıda və Abşeron rayonunda şəbəkənin müasirləşdirilməsi və FTTx texnologiyalarının tətbiqi nəzərdə tutulub.

Eyni zamanda, uzunömürlü şəbəkə infrastrukturunun, yüksəksürətli internet və digər xidmətlərin təmin edilməsi, cari istismar xərclərinin mühüm dərəcədə azaldılması üçün GPON texnologiyasının regionlarda tətbiqi üçün araşdırmalar aparılır.

Akademiyanın Azərbaycan bölməsinin rəhbəri Siruz Abasbəyli Azərbaycanda internetin yaranma tarixi, inkişaf dinamikası, vətəndaş hüquq və azadlıqlarının təmin olunmasında internetin imkanları barədə təqdimatla çıxış edib.

Beynəlxalq Rabitə Akademiyasının prezidenti xanım Anastasiya Ositis bildirib ki, təqdimatlardan da görünür ki, Azərbaycanda genişzolaqlı internetə keçid prosesləri sadəcə izlənilmir, bu xidmətlərin genişləndirilməsi, şəhərlə regionlar arasında "rəqəmli fərq"in azaldılması hökumətin marağındadır. Beynəlxalq Telekommunikasiya İttifaqı üzv ölkələrin genişzolaqlı internetə keçidinin tənzimlənməsi, inkişafı və infrastrukturun formalaşması üçün tövsiyələrini əsirgəmir. Əminəm ki, bugünkü konfrans Azərbaycanda genişzolaqlı internetə keçid prosesinin sürətlənməsinə öz töhfəsini verəcək.

Tədbirdə, həmçinin İT üzrə aparıcı mütəxəssislərin, alimlərin məruzələri dinlənilib.

Qeyd edək ki, konfrans öz işini "İnternetşünaslıq: problemlər, konseptual baxışlar, perspektivlər" mövzusunda bölmə iclası ilə davam etdirib.












Baxış sayı: 529

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024