12px13px15px17px
Tarix:26/09/17

Azərbaycan beynəlxalq konfransda nələri müzakirə edib?

Xəbər verdiyimiz kimi, Sankt-Peterburq şəhərində 12-14 sentyabr tarixlərində Rusiya Federasiyasının Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi tərəfindən XV beynəlxalq "PKİ-Forum Rusiya 2017" beynəlxalq konfransı keçirilib. Forumda Rusiya, Polşa, Qazaxıstan, Belarusiya və digər ölkələrdən 300-ə yaxın nümayəndə iştirak edib.

Ölkəmizi tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin nümayəndəsi, Sertifikat Xidmətləri Mərkəzinin müdiri Arif Mailov və nazirliyin əməkdaşı Fuad Müştaqov təmsil edib.

A.Mailov Sertifikat Xidmətləri Mərkəzində görülən işlər və əldə edilən nəticələr haqqında məruzəni forum iştirakçılarının nəzərinə çatdırıb.





Konfransdan qayıdan A.Mailovdan təəssüratlarını öyrənməyə çalışdıq.



 




















- Arif müəllim, konfransda hansı mövzularda müzakirələr aparıldı?

- Forumun beş bölməsində 35 məruzə təqdim edildi və ənənəvi dəyirmi masa formatında 3 sessiya təşkil olundu. Builki forumun əsas mövzuları sertifikat mərkəzlərinin fəaliyyətinin hüquqi normativ tənzimlənməsi, Rusiya Federasiyasında elektron sənəd dövriyyəsinin hüquqi aspektlərin müzakirəsi, açıq açar infrastruktur texnologiyalarında yeniliklərin tətbiqi ("blockchain" və açıq açar infrastruktur texnologiyaların əlaqələndirməsi) və ölkələr arasında "elektron imza"ların qarşılıqlı tanınması üzrə beynəlxalq təcrübə mübadiləsi oldu. "Tənzimləyici ilə dialoq" mövzusuna həsr olunmuş birgə yığıncaqda Sertifikat mərkəzləri ilə Rusiya Federasiyasının Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi ilə açıq diskussiyalar aparıldı. Rusiya Federasiyasında "elektron imza" sahəsində tənzimləyici funksiyaları Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi həyata keçirir.
 
- "Elektron imza"nın tətbiq sahələri haqqında hansısa məruzələr dinlənildimi?

- Forumun plenar iclasında çıxış edənlərdən biri olan "НИИАС" informasiya cəmiyyətinin elmi-tədqiqat kompleksinin rəhbəri Andrey Qaldin perspektiv "elektron imza" texnologiyaların dəmir yolu nəqliyyatında tətbiqi haqqında məruzə ilə çıxış etdi. Avropa-Rusiya-Çin beynəlxalq dəmir yolu nəqliyyatında "elektron imza"nın və elektron sənəd dövriyyəsinin tətbiqi üçün görüləcək tədbirlər və təkliflər məruzəçi tərəfindən irəli sürüldü. Birinci bölmədə altı məruzə təqdim olundu. Demək olar ki, məruzələrin əksəriyyəti "elektron imza" və elektron sənəd dövriyyəsi sahəsində qanunvericiliyin inkişafına həsr edilmişdi. Forumun ikinci bölməsində açıq açar infrastrukturunun perspektiv texnologiyaları üzrə müzakirələr aparıldı. Digər məruzələr dövlətlər arasında "elektron imza"ların qarşılıqlı tanınmasına ("eIDAS", "UNCITRAL") həsr olundu.
 
- Arif müəllim, sizin təqdimatınız hansı mövzuda oldu?

- Kriptoqrafiya standartlarının inkişafı üzrə məruzələr forumun dördüncü və beşinci bölmələrində təqdim edildi. Bu bölmədə mənim də "Azərbaycan Respublikasında açıq açar infrastrukturunun inkişafı və yeni nəsil şəxsiyyət vəsiqəsi layihəsinin statusu" mövzusunda təqdimatım oldu.
 
- Konfransın nəticəsi olaraq hansı qənaətlərə gəlmək olar?

- Dünyada önəmli sayılan kriptoqrafiya sahəsinin sürətli inkişafı ilə əlaqədar hər il Rusiya Federasiyasında və həmçinin Avropada (Polşa) keçirilən beynəlxalq PKİ forumlarda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qeyd edilən istiqamət üzrə mütəxəssislərinin iştirakı böyük önəm daşıyır. Dövlətlər arasında "elektron imza"ların qarşılıqlı tanınmasını və dünyada bu istiqamətin transsərhəd elektron əməliyyatlarında istifadəsinin sürətli inkişafını nəzərə aldıqda, Sertifikat Xidmətləri Mərkəzində "körpü mərkəzi"nin qurulması zəruridir. Həmçinin Yeni nəsil şəxsiyyət vəsiqələrinin çipi üçün Azərbaycanın ("Made in Azerbaijan" nişanlı) öz əlaqələndirici proqram təminatının ("middleware") yaradılması məqsədilə mütəxəssislərimizin xaricdə təlim keçməsinə dəstək verilməsi məqsədəuyğundur. 








Baxış sayı: 412

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024