12px13px15px17px
Tarix:18/05/18

“İdeyadan biznesə” startap turunun Lənkəran üzrə qalibi müəyyənləşdi

“İdeyadan biznesə” layihəsi çərçivəsində növbəti startap turu Lənkəran şəhərində keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə birgə Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, “Microsoft” şirkətinin təşkilatçılığı, “Azercell” şirkətinin və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin tərəfdaşlığı ilə keçirdiyi startap turlarının məqsədi startap hərəkatının genişləndirilməsinə, vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək göstərməkdir.

Lənkəran Heydər Əliyev Mərkəzində keçirilən startap turuna Lənkəranla yanaşı, Astara, Masallı, Lerik, Yardımlı, İmişli, Cəlilabad və digər ətraf rayon və şəhərlərdən olan 100-dək gənc qatılıb.

Tədbiri giriş sözü ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli “İdeyadan biznesə” layihəsinin konsepsiyası, məqsədi və hədəfləri barədə iştirakçıları məlumatlandırıb. Ölkə rəhbərliyinin diqqət və qayğısı ilə startap ekosisteminin inkişaf etdirildiyini vurğulayan T.Kərimli innovativ ideyası olan gəncləri cəsarətli olmağa səsləyib. O, Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzində startapçılara layihələrini reallaşdırmaq üçün lazımi şərait yaradıldığını da  qeyd edib.

“Microsoft Azərbaycan” şirkətinin nümayəndəsi Rüfət Əzizov çıxışında təmsil etdiyi şirkətin qlobal bazarda tutduğu mövqeyi xatırladaraq, startap ideyalarının böyük perspektivlərə yol açdığını qeyd edib.

“AIESEC Azerbaycan”ın nümayəndəsi Fərid Əliyev isə geniş təqdimatla çıxış edərək, startap ideyalarının reallaşdırılması istiqamətində beynəlxalq təcrübədən danışıb. O, təqdimatların düzgün hazırlanması, uğurlu biznes-planın tərtib olunması üsulları ilə bağlı fikirlərini bölüşüb.

Lənkəran Dövlət Universitetinin Elektron Universitet bölməsinin rəhbəri Mayis Eyniyev isə startap turunun Lənkəranda keçirilməsini təmsil olunduğu universitetin tələbələri üçün yaxşı şans kimi qiymətləndirib. Müasir dövrdə daha geniş imkanların olduğunu vurğulayan M. Eyniyev novator gənclərin bundan yararlanaraq biznes mühitinin fəal iştirakçısına çevrilə biləcəyini qeyd edib.

Tədbir çərçivəsində daha sonra iştirakçılar üçün  informativ sessiya keçirilib.

Sessiyada gənclərə biznes layihələrinin hazırlanması, müzakirəsi və təqdimatı, eləcə də startap-komandaların və ideyaların formalaşdırılması yolları öyrədilib.

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan qrant alan “CustomAR” şirkətinin “Yüksəklik” döyüş oyunu da tədbir iştirakçılarına əyani olaraq nümayiş olunub. Məlumat üçün bildirək ki, “Yüksəklik” – Virtual Reallıq döyüş oyunudur. Oyun düşmənə qarşı vuruşan qəhrəman əsgərlərimizə həsr edilib. Oyunun hazırlanmasında  2016-cı il aprel ayında cəbhə xəttində Milli Ordumuzun qəhrəmanlıqla əldə etdiyi “Lələ təpə” yüksəkliyindən ilhamlanılıb.

Sonra təşkil olunan interaktiv hissədə startap turunun Lənkəran şəhəri üzrə müəyyən edilmiş mentorları tərəfindən iştirakçılar üçün müsabiqə və müxtəlif mövzular üzrə təlimlər  keçirilib.

Mentorlar Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, “Microsoft Azərbaycan”, “Azercell”, “AİESEC Azerbaycan”, Elektron idarəçiliyin və informasiya cəmiyyətinin inkişaf mərkəzi" və Azərbaycan Texniki Universitetinin nümayəndələrindən təşkil olunub.

 Təlimlərdən sonra Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin də fəal iştirakı ilə 11 komanda formalaşdırılıb. Hər bir komandaya bir mentor rəhbərlik edib və onları müsabiqə üçün hazırlayıb. Daha sonra komandalar arasında müsabiqə keçirilib və onlar öz ideyalarını münsiflər heyəti qarşısında təqdim ediblər.

 Müsabiqədə Lənkəran  şəhəri üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qalibləri müəyyənləşib. Birinci yerin sahibi “Dis Rep” layihəsi, “Smart Səbət”  ideyası ikinci, “Time to go” layihəsi isə üçüncü  olub.

Qalib olan layihələr Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanıb.

Xatırladaq ki, Milli Finalda qalib gələcək 1-ci, 2-ci və 3-cü yerlərin sahibləri təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırılacaq, eyni zamanda 24-cü “Bakutel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində layihələrini təqdim etmək imkanı əldə edəcəklər. 

Növbəti startap turlarının Quba,  Şəki, Gəncə, Naxçıvan, Sumqayıt və Bakı şəhərlərində keçirilməsi nəzərdə tutulur. İlk startap turu Mingəçevir şəhərində baş tutub.  Turlarda “http://www.i2b.az” saytında qeydiyyatdan keçərək iştirak etmək mümkündür. 




































































 





Baxış sayı: 645

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024