12px13px15px17px
Tarix:01/06/18

Daha üç uğurlu startap ideyası qalib oldu

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirlərdən biri kimi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yüksək Texnologiyalar Parkı tərəfindən “İdeyadan biznesə” layihəsi çərçivəsində Bakı Avropa Liseyinin şagirdləri üçün məlumatlandırıcı təlim və startap müsabiqəsi keçirilib.

Təlimdə sözügedən liseyin müxtəlif sinif şagirdlərindən ibarət 50-dək məktəbli iştirak edib.

Yüksək Texnologiyalar Parkının İnkubasiya Mərkəzində keçirilən tədbir zamanı şagirlər ilk öncə Texnoparkda yaradılan biznes mühiti ilə tanış olub. Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli onlara İnkubasiya Mərkəzinin fəaliyyəti, həyata keçirilən layihələr, Texnoparkın rezidenti olan uğurlu startapçılar barədə ətraflı məlumat verib.

Daha sonra keçirilən təlim çərçivəsində məktəblilərə “İdeyadan biznesə” layihəsi barədə ətraflı məlumat verilib. Bildirilib ki, orta məktəb şagirdləri də layihə çərçivəsində ayrı-ayrı ümumtəhsil müəssisələrində keçirilən təlim və müsabiqədə iştirak edə bilərlər.

Təlim startap komandalarının formalaşması, layihə təqdimatının düzgün hazırlanması, investorlara layihənin satışı yolları, bazarın araşdırılması kimi məsələləri əhatə edib. Tədbir çərçivəsində keçirilən interaktiv hissədən sonra məktəblilər arasında müsabiqə də keçirilib. Şagirdlərin ideyası ətrafında 6 komanda formalaşdırılıb. Komandaların təqdim etdiyi startap layihələri münsiflər tərəfindən qiymətləndirilib, rəy və təkliflər verilib.

Beləliklə, müsabiqədə I, II və III yerlərə müvafiq olaraq “Multi Lang”,  “Translator”,  “Ekolocation” komandaları  layiq görülüb. Tədbirin yekununda qaliblər mükafatlandırılıb.

Qeyd edək ki, “İdeyadan biznesə” layihəsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi, Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, “Microsoft” şirkətinin təşkilatçılığı, “Azercell” şirkəti və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilir. 









































Baxış sayı: 791

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024