12px13px15px17px
Tarix:14/09/18

Bakı Elektron Ticarət Forumunun Təşkilat Komitəsinin növbəti iclası keçirilib

Bakı Elektron Ticarət Forumunun Təşkilat Komitəsinin iclası keçirilib.
 
İclasda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Vergilər, İqtisadiyyat nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Mərkəzi Bankın, Maliyyə Bazarlarına Nəzarət Palatasının, eləcə də "Azexport" portalının, Regional İnnovativ Texnologiyalar Akademiyasının, "VialonServis" və "ALbuket.az" saytının nümayəndələri iştirak edib.
 
İclasda Təşkilat Komitəsinin rəhbəri, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev bildirib ki, ölkədə elektron ticarətin inkişafı, bu istiqamətdə dövlət və özəl qurumlar arasında tərəfdaşlığın gücləndirilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ardıcıl işlər aparılır. O qeyd edib ki, bu istiqamətdə aparılan işlər Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli 359 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"da elektron ticarətin inkişafı ilə bağlı hədəflərə əsaslanır.
 
"24-25 sentyabr 2018-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Avropa İttifaqının birgə təşkilatçılığı ilə Bakı Elektron Ticarət Forumu - "BEF-2018" beynəlxalq tədbirin keçirilməsi ilə əlaqədar nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin əmri ilə aidiyyəti qurumların nümayəndələrindən ibarət Təşkilat Komitəsi yaradılıb. Ötən dövr ərzində Forumun maraqlı və faydalı keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi tərəfindən bir çox işlər görülüb. Bakı E-ticarət Forumu ölkəmizdə e-ticarət sahəsində bu miqyasda təşkil olunan ilk beynəlxalq tədbirdir. Hesab edirəm ki, tədbir elektron ticarətin inkişafına təkan verəcək" - deyə nazirin birinci müavini bildirib.
 
Toplantıda  Forumda iştirak üçün 300-dən artıq yerli və beynəlxalq iştirakçının qeydiyyatdan keçdiyi, habelə, Forum çərçivəsində bir sıra maraqlı tədbirlərin keçiriləcəyi vurğulanıb.     
 
Daha sonra Təşkilat Komitəsinin üzvü, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktorunun müavini Azər Bayramov görülmüş işlər, Forumun proqramı, iştirak edəcək xarici qonaqlar, spikerlər, tərəfdaşlar və iştirakçılar barədə geniş məlumat verib.
 
O, beynəlxalq inkişaf agentliklərinin, özəl sektorun və rəqəmsal platformaların qabaqcıl nümayəndələrini bir araya gətirəcək Forum çərçivəsində təşkil olunacaq tədbirlər sırasında tanınmış beynəlxalq ekspertlər tərəfindən E-ticarət bacarıqlarının inkişaf etdirilməsi üzrə xüsusi sessiyanın (master klas) təşkil olunacağını bildirib.
 
"Fairmont Bakı" otelində keçiriləcək Bakı E-ticarət Forumu çərçivəsində e-ticarət, onlayn ödəniş platformaları, e-ticarət həlləri üzrə ixtisaslaşan şirkət və qurumlar öz məhsullarını nümayiş etdirəcəklər. Sərgi Forum iştirakçılarına müxtəlif yeniliklərlə tanış olmaq və yeni işgüzar əlaqələr qurmaq imkanı verəcək.
 
İclas çərçivəsində daha sonra Təşkilat Komitəsinin üzvlərinin sual və təklifləri müzakirə olunub.
 
Təkliflər Təşkilat Komitəsinin gündəliyinə daxil edilib.





Baxış sayı: 468

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024