12px13px15px17px
Tarix:30/10/18

Azərbaycanda innovasiyalı inkişafda əqli mülkiyyətin qorunmasına dair konfrans keçirilib

Bu gün Heydər Əliyev Mərkəzində “İnnovasiyalı inkişafda əqli mülkiyyətin qorunması məsələləri” mövzusunda konfrans keçirilib.

Sözügedən konfrans “İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası və YUNESKO-nun “İnformasiya hamı üçün” proqramı (IFAP)  ilə birgə baş tutub.

Konfransda çıxış edən Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev 26-30 oktyabr tarixlərində Azərbaycanda ilk dəfə keçirilən “İnnovasiya həftəsi” beynəlxalq sərgi və konfransı çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.

Nazirin birinci müavini bildirib ki, “İnnovasiya həftəsi” çərçivəsində təşkil olunan 20-yə yaxın tədbir Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nda qarşıya qoyulan hədəflərə çatmaq üçün aparılan tədbirlərin bir hissəsidir.

Artıq Azərbaycanda İKT-nin geniş tətbiqini stimullaşdırmaqla əlverişli innovasiya mühiti yaradıldığını vurğulayan Əli Abdullayev innovasiyaların stimullaşdırılmasına və bazarların tənzimlənməsinə dəstək olan əqli mülkiyyətin və müəlliflik hüquqlarının qorunmasının əhəmiyyətinin kifayət qədər yüksəldiyini deyib. “Məhz innovasiyaların və texnoloji həllərin yaradılması, inkişafı və tətbiqi üzrə stimullaşdırıcı təsir vasitəsi olan və bu proseslərin  ayrılmaz tərkib hissəsi hesab edilən əqli mülkiyyətin qorunması məsələləri bu səbəbdən aktuallıq kəsb edir”, - deyə nazirin birinci müavini qeyd edib.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov konfransda çıxış edərək innovativ inkişafla əqli mülkiyyətin vəhdət təşkil etdiyini diqqətə çatdırıb.  Kamran İmanov Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda söylədiyi “Gələcəyimiz innovasiyalar, texnologiyalar, yaxşı idarəetmə, şəffaflıq və sahibkarlara dövlət dəstəyindədir” fikrinin fəaliyyətdə əsas götürüldüyünü bildirib.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri öz çıxışında Azərbaycanın əqli mülkiyyət hüquqlarının qorunması göstəriciləri barədə ətraflı məlumat verərək sözügedən göstəricilər üzrə ölkəmizin MDB-də lider olduğunu deyib.        

 Eyni zamanda Kamran İmanov "İnnovasiyalı inkişafda əqli mülkiyyətin qorunması məsələləri" mövzusunda geniş təqdimatla çıxış edib.

Konfrans öz işini rəqəmsal mühitdə əqli mülkiyyətin və müəllif hüquqlarının qorunması, elmi tədqiqatların nəticələrinin kommersiyalaşdırılması, açıq məlumatlar və onlardan istifadə hüquqları, yeni texnologiyalar üzərində əqli mülkiyyətin təsdiqi məsələləri, yüksək texnologiyalar sahəsində patent alınması, elektron ticarətdə əqli mülkiyyətin qorunması mexanizmləri və problemləri kimi mövzular ətrafında məruzələr və müzakirələrlə davam etdirib.











Baxış sayı: 382

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024