12px13px15px17px
Tarix:18/03/19

“Sağlamlıq-2018” Respublika Spartakiadasının qalibləri mükafatlandırılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində “Sağlamlıq-2018” Respublika Spartakiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

Tədbirdə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə spartakiadanın hər il keçirilməsinin vacibliyini vurğulayıb.

 

Nazir müavini bildirib ki, belə tədbirlər işçilər arasında idmanın kütləviliyinin təmin və təbliğ olunması baxımından böyük əhəmiyyətə malikdir.

 

Elmir Vəlizadə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli müəssisə və qurumlarında çalışan, 60 nəfəri qadın olmaqla 600 nəfərə yaxın əməkdaşın bu idman tədbirinə qatıldığını müsbət hal kimi dəyərləndirib.

 

Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Rəşad Səfərov spartakiadanın təşkili və nəticələri ilə bağlı geniş məlumat verib.

 

Spartakiadada səkkiz idman növü üzrə yarışların keçirildiyini qeyd edən R.Səfərov ümumkomanda hesabında I yerə “Bakı Telefon Rabitəsi” MMC-nin komandası,  II yerə “Aztelekom” MMC-nin komandası, III yerə isə Dövlət Radiotezliklər İdarəsinin komandasının layiq görüldüyünü diqqətə çatdırıb.

 

Sonra komandaları I, II və III yerləri tutmuş qurumların rəhbərlərinə xatirə kubokları və diplomlar təqdim olunub.

 

Qeyd edək ki, spartakiada Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi,  Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin, “Spartak” Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.

 

Keçirilmiş yarışlarda Bakı Telefon Rabitəsi” MMC, “Aztelekom” MMC, Dövlət Radiotezliklər İdarəsi, Məlumat Hesablama Mərkəzi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti, “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC, “Teleradio” İstehsalat Birliyi, “Azərpoçt” MMC, “AzInTelecom” MMC, Dövlət Dəniz Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparatı-1 və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparatı-2 komandaları iştirak edib.













Baxış sayı: 425

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024