12px13px15px17px
Tarix:06/02/20

Azərbaycan və Koreya hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası keçirilib

Bakıda Azərbaycan və Koreya hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası keçirilib.

 

Azərbaycan nümayəndə heyətinə komissiyanın həmsədri, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Koreya nümayəndə heyətinə isə komissiyanın həmsədri, Koreya Respublikası Ticarət, Sənaye və Energetika nazirinin müavini Park Kiyounq rəhbərlik edib.

 

Tədbirdə ölkələrimiz arasında İKT, elektron hökumət, nəqliyyat, energetika, elm, mədəniyyət və digər sahələrdə geniş əməkdaşlıq perspektivləri müzakirə edilib. Hər iki ölkənin bir sıra beynəlxalq təşkilatlar, xüsusən BMT çərçivəsində də fəal əməkdaşlıq etdiyi bildirilib. Azərbaycan və Koreyanın makroiqtisadi göstəriciləri, həmçinin iki ölkə arasında ticarət həcmi barədə fikir mübadiləsi aparılıb və hazırkı iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.

 

İclasda Azərbaycanın neft ixracından asılılığı azaltmaq üçün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində gördüyü işlər yüksək qiymətləndirilib. Azərbaycan tərəfi 1995 – 2019-cu illərdə Koreyadan cəlb olunmuş investisiyaların əksəriyyətinin qeyri-neft sektoruna yatırıldığını açıqlayıb. Qeyd olunub ki, Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət və nəqliyyat sahələrində 74 Koreya şirkəti qeydiyyatdan keçib və digər sahələrdə də investisiyaların cəlb olunması üçün böyük potensial mövcuddur.

 

Bildirilib ki, Koreya Respublikası iqtisadi əməkdaşlıq baxımından Azərbaycan üçün prioritet ölkədir. İki ölkə arasında əməkdaşlıq xüsusilə infrastruktur, energetika, inşaat, nəqliyyat, informasiya texnologiyaları, ətraf mühit, alternativ enerji kimi sahələrdə inkişaf edir. Azərbaycan tərəfi Koreyanın etibarlı tərəfdaş ölkə olduğunu və iqtisadi əlaqələrin genişləndirilməsinin hər iki ölkə üçün ümumi məqsəd olduğunu vurğulayıb. Həmçinin, Azərbaycanda dövlət maliyyəsi hesabına həyata keçirilən irimiqyaslı layihələrdə Koreya şirkətlərinin iştirakı məmnunluqla qeyd olunub və qeyri-neft sektoru və sosial sahələr üzrə Koreya sərmayələrinin artırılmasının vacibliyi bildirilib.

 

Hər iki ölkədə keçirilən sərgilər, yarmarkalar, konfranslar, biznes-forumlar və digər tədbirlər barədə məlumat mübadiləsinin aparılması məqsədilə ölkələrin iş adamları üçün biznes-forumların təşkili, həmçinin biznes tərəfdaşlarının tapılmasında qarşılıqlı dəstəyin göstərilməsi təklif olunub.

 

Azərbaycan tərəfi Koreya Respublikasının texniki ali məktəbləri və texnologiya yönümlü şirkətlərini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində İnnovasiyalar Agentliyi tərəfindən yaradılan Texnoloji Transfer Mərkəzinin fəaliyyətində iştirak etməyə dəvət edib.

 

Komissiyanın iclasında o da vurğulanıb ki, ticari-iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi və hər iki ölkənin ixracyönümlü məhsullarının qarşılıqlı olaraq digər ölkə bazarında satışı üçün səylərin artırılması vacibdir.

 

Bildirilib ki, Azərbaycan Cənubi Qafqaz regionunda Koreyanın əsas ticarət tərəfdaşıdır.

 

Müzakirələrdən sonra Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci görüşünün yazısı imzalanıb.

 

 

 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 





Baxış sayı: 1801

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024