12px13px15px17px
Tarix:13/04/20

Azərbaycanın “Evdə qal” devizinə dəstək məqsədli ilk qlobal “virtual hackathon”unda təqdim olunmuş həllər

Koronavirus "COVID-19" pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək, eləcə də "Evdə qal" devizinə dəstək məqsədilə Azərbaycanın ilk qlobal "virtual hackathon"u keçirildi və qaliblər açıqlandı.
 
Ətrafına geniş auditoriya toplamış sözügedən müsabiqəyə, təsadüfi deyil ki, yerli kütləvi informasiya vasitələri (KİV) ilə yanaşı, xarici media da xüsusi diqqət göstərib, müsabiqə haqqında yazılar dərc edib.

https://bit.ly/2XvBhJj
https://bit.ly/3egqysf
https://bit.ly/3a3uMAe
 
Qeyd edək ki, ümumilikdə 25 ideya müsabiqədə iştirak hüququ qazanmışdı. Müsabiqəyə olan xüsusi marağı və mövzunun aktuallığını nəzərə alaraq, müxtəlif ölkələrdən qatılmış bütün komandalar və onların təklif etdiyi həllər barədə məlumatı bölüşürük.
 
İştirakçılar 25 komanda şəklində qruplaşaraq aşağıda göstərilən həllər üzərində çalışıblar:
 
Komanda-1 "DF19" (Braziliya) Braziliya Federal Dairəsində koronavirusa yoluxma hallarını göstərən və insanları potensial risk zonalarından uzaq tutmaq üçün istifadə olunacaq interaktiv xəritə tərtib edib.
 
Komanda-2 "CoughFree" (Norveç) dərin neyron şəbəkələrinin istifadəsi ilə öskürəyin aşkarlanması vasitəsi üzərində çalışıb.
 
Komanda-3 "Zebrafish" (Braziliya) zebra balığının istifadəsi ilə koronavirus antigenlərinin sürətli testi üçün avadanlıq hazırlayıb.
 
Komanda-4 "Immunitourism" (Pakistan) pandemiya sonrası turizm sənayesi üçün yeni konsepsiya hazırlamağa yönəlib.
 
Komanda-5 "Healthcare" (Ukrayna) səhiyyə institutlarını ictimaiyyətlə əlaqələndirəcək rəqəmsal platforma qurmaq üzərində işləyib.
 
Komanda-6 "Javid-19" (Azərbaycan) kiçik və orta biznesə dəstək olmaq məqsədi ilə vauçer yolu ilə izolyasiyada olan insanlar üçün mal və xidmətləri öncədən ödəmə və endirimlə alış-veriş imkanının yaradılması layihəsini hazırlayıb.
 
Komanda-7 "Robot Nurse" (Türkiyə) tibb bacılarına dərmanların paylanmasında və qan təzyiqini, hərarəti, eləcə də oksigen səviyyələrini ölçmək kimi rutin işlərdə kömək edəcək mobil robot üzərində çalışıblar.
 
Komanda-8 "Kids Mask" (Böyük Britaniya) uşaqlar üçün təkrar istifadə və 3D printerdə çap olunma imkanlarına malik N95 maskaları hazırlamaq üçün işə başlayıb.
 
Komanda-9 "Khalmax Robotics" (Hindistan) ultrabənövşəyi şüaların ofis və evlərin dezinfeksiyası üçün lampa formasında istifadəsi üzrə test ideyasına yönəlib.
 
Komanda-10 "X-RAY" (Yunanıstan) koronavirusu sinə X-şüaları skanı vasitəsilə müəyyən edən tətbiq hazırlayıb.
 
Komanda-11 "Crisis Heroes" (Polşa) pandemiya zamanı insanları və təşkilatları bir-birinə kömək etməsi üçün əlaqələndirən virtual platforma təqdim edib.
 
Komanda-12 "Nanomed" (Türkiyə) koronavirusun diaqnozu və müalicəsi üçün istifadə oluna biləcək mobil biosensor hazırlamaq üçün çalışıb.
 
Komanda-13 "Waternizer" (Ukrayna) suyu sürətlə dezinfeksiya vasitəsinə çevirəcək və cibə yerləşəcək qurğular hazırlamağa yönəlib.
 
Komanda-14 "DataCovid" (Braziliya) ictimai səhiyyə ilə bağlı müəyyən xidmətlər üzrə cari vəziyyət barədə insanları xəbərdar etmək məqsədi daşıyan qurğu hazırlayıb.
 
Komanda-15 "HelpAround" (Azərbaycan) diaqnostika texnologiyalarını sürətləndirməyə yardım edəcək proqram üzərində çalışıb.
 
Komanda-16 "DonorUA" (Ukrayna) qan donorlarına evlərindən yerli qan banklarına pulsuz taksi sifariş etmək imkanı verən texnoloji xidmət hazırlayıb.
 
Komanda-17 "Covid-Bot" (Niderland) istifadəçilərin "COVID-19" ilə bağlı suallarının etibarlı və sadə şəkildə cavablandırılmasını təmin etmək üçün çatbot üzərində çalışıb.
 
Komanda-18 "VoiceMed" (Estoniya) sadəcə telefon mikrofonundan istifadə edərək şəxsin səs və öskürək nümunələrini qeyd etməsi ilə onların yoluxma ehtimalını yoxlamağa imkan verən, istifadəsi asan, süni intellekt əsaslı koronavirus aşkarlama vasitəsi üzərində işləyib.
 
Komanda-19 "Octopi" (Azərbaycan) sənayedə çalışan insanların evdə qalarkən yeni bacarıqlar qazanmalarına yardım edəcək yolları araşdırmağa yönəlib.
 
Komanda-20 "CardioAI" (Ukrayna) insanlara öz evlərində təhlükəsiz, sərfəli və yüksək keyfiyyətli təhlili təqdim edən, beləliklə, səhiyyə xidmətlərinin işini yüngülləşdirən uzaqdan idarə edilən elektrokardioqrama monitorinqi ideyası üzərində çalışıb.
 
Komanda-21 "E-traveling" (İsrail) insanlara evində oturaraq səyahət təcrübəsi yaşamağın yeni yolunu təklif edib.
 
Komanda-22 "Fight Pandemic" (Braziliya) coğrafi koordinatlar əsaslı təhlil vasitəsilə, təhlükə zamanı ictimaiyyəti xəbərdar etmək və məlumatlandırmaq, həmçinin anonim cavabları toplamaq üçün yeni yollar araşdırıb.
 
Komanda-23 "CoronaCheck" (Türkiyə) "COVID-19" diaqnozunu sürətləndirmək üçün rentgen və kompüter tomoqrafiyası məlumatlarına əsaslanan süni intellekt modelini hazırlamağa yönəlib.
 
Komanda-24 "E-museums" (Şimali Makedoniya) pandemiya zamanı insanların muzeylərə onlayn ziyarəti üçün platforma hazırlayıb.
 
Komanda-25 "MusicCovid" (Nigeriya) pandemiya zamanı insanları ruhlandırmaq və həvəsləndirmək üçün əyləncəli və maarifləndirici onlayn musiqi proqramı qurmağa çalışıb.
 
Xatırladaq ki, birinci yerə Polşadan olan "Crisis Heroes" layiq görülüb, ikinci yeri Azərbaycanın "Javid-19" komandası tutub, üçüncü pillədə isə Braziliyanın "Zebrafish" komandası qərarlaşıb.

Qeyd edək ki, müsabiqə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və "SUP.VC"-nin birgə təşkilatçılığı ilə baş tutub.
 
"Hackathon"a "Paşa Bank", "Socar" AQS, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ABAD – Ailə Biznesinə Asan Dəstək, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, "AzCloud", "AzInTelecom" MMC və Məlumat Hesablama Mərkəzi daxil olmaqla çox sayda milli tərəfdaş və sponsorlar qoşulub.
 
Beynəlxalq tərəfdaşlar arasında "Amazon" Veb Xidmətləri, Avropa Startup Şəbəkəsi, "Startup Grind", "Hackquarters", "Tekwill", "Astana Hub", "Fongogo", "Silicon Valley In Your Pocket", "Start-Ist", "MeOut", "Startup Weekend" kimi təşkilat və şirkətlər yer alıb.






Baxış sayı: 641

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024