12px13px15px17px
Tarix:15/05/20

Afrika ətrafında yeni sualtı kabel xətti çəkiləcək

“Facebook” şirkəti Afrika ətrafında böyük buraxılış qabiliyyətinə malik sualtı kabel xətti çəkəcək. Layihənin məqsədi qitənin 1,3 milyarddan çox əhalisinin internetə çıxış imkanını sadələşdirməkdən ibarətdir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Mediasat” resursuna istinadən yazır ki, “2Africa” adlı layihənin həyata keçirilməsi üçün sosial media sektoru nəhəngi Çinin “China Mobile”, Cənubi Afrika Respublikasının “MTN”, Fransanın “Orange”, Böyük Britaniyanın “Vodafone” şirkətləri, eləcə də bir sıra yerli şəbəkə operatorları ilə tərəfdaşlıq haqqında saziş imzalayıb.

 

Sualtı kabelin çəkilməsinin podratçısı qismində “Nokia”ya məxsus “Alcatel Submarine Networks” inteqrator şirkəti çıxış edəcək.

 

Məlumata görə, ümumi uzunluğu 37 min km təşkil edəcək “2Africa” layihəsi dünyada irimiqyaslı sualtı kabel sistemlərindən biri olmaqla Avropa, Yaxın Şərq və 16 Afrika ölkəsinin 21 yerüstü rabitə qovşağını birləşdirəcək.

 

“2Africa” kabel şəbəkəsinin qurulması zamanı “ASN” şirkəti tərəfindən hazırlanan və əvvəlki texnologiyaların dəstəklədiyi 8 cüt lif əvəzinə, 16 cütü birləşdirməyə imkan verən yeni “SDM” texnologiyasından istifadə ediləcək.

 

Sistemin 2023-2024-cü illərdə istifadəyə verilməsi nəzərdə tutulur. Onun 180 Tbit/saniyəyə bərabər layihə tutumu hazırda Afrikaya xidmət göstərən bütün sualtı kabellərin ümumi tutumunu üstələyəcək.

 

Kanalın buraxılış qabiliyyətinin çevik idarəetməsinin təmin edilməsi üçün sistemdə optik kommutasiya texnologiyası tətbiq ediləcək.

 

Kabelin çəkilmə dərinliyi əvvəlki sistemlərlə müqayisədə 50 faiz artırılıb, çəkilmə marşrutu isə elə layihələndirilib ki, sistemin etibarlılığının yüksəldilməsi məqsədilə “problemli” akvatoriyalardan yan keçmək mümkün olsun.

 

Nizam Nuriyev





Baxış sayı: 549

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024