12px13px15px17px
Tarix:13/12/11

İnformatika fənni üzrə təhsil standartlarının təkmilləşdirilməsi istiqamətində aparılan işlər müzakirə edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) informatika fənni üzrə respublika ümumtəhsil məktəblərinin V-IX sinifləri üçün “Qiymətləndirmə standartlarının təkmilləşdirilməsi”nə dair fənn müəllimləri üçün müvafiq təlimatların hazırlanması məqsədilə ilə təhsil naziri tərəfindən yaradılmış İşçi Qrupunun növbəti iclası keçirilib.

İTİ-dən bildiriblər ki, iclasda informatika fənni üzrə V sinif üçün qiymətləndirmə standartlarının təkmilləşdirilməsi istiqamətində aparılan işlər haqqında məlumat verilib.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev informatika üzrə təhsil standartlarının təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin, xüsusən də UNESCO-nun tövsiyə etdiyi standartların öyrənilməsi və tətbiqi məsələlərinin önəmliliyini vurğulayıb.

Direktor XXI əsrin innovativ təfəkkürə malik müəllimlərində müasir informasiya və digər elmitutumlu mütərəqqi texnologiyalardan istifadə etməklə informasiya-texnoloji mədəniyyətin formalaşmasının mühüm amil olduğunu vurğulayıb.

Bu mədəniyyətin müəllimlərin peşəkar pedaqoji hazırlığı prosesində özünü daha effektiv biruzə verməsinə, onların peşəkar fəaliyyətində yaradıcılıq potensialını reallaşdırmağa imkan verdiyini söyləyib.

Təkcə müəllimlərdə deyil, həm də gənc kadrlarda informasiya-texnoloji bilik və bacarıqların, təfəkkür və dünyagörüşünün formalaşmasının mühüm şərtlərdən olduğunu qeyd edib.

Təhsil Nazirliyinin təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov şagirdlərin bilik və bacarığının aşkarlanması, xüsusən də şagird nailiyyətlərinin qiymətləndirilməsi üçün innovativ təhsil standartlarının təkmilləşdirilməsinin bu gün təhsil sisteminin qarşısına qoyulmuş başlıca istiqamətlərdən olduğunu bildirib.

Şöbə müdiri informatika fənni üzrə V sinif üçün təyin olunmuş qiymətləndirmə standartlarının təkmilləşdirilməsi istiqamətində aparılmış işlər haqqında məlumat verib.


 V sinif dərsliyində “İnformasiya və informasiya prosesləri”, “Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma”, “Cəmiyyətin informasiyalaşdırılması” bölmələri üzrə təhsil standartlarında edilmiş dəyişikliklər müzakirə olunmuş, fikir və tövsiyələr səsləndirilmişdir.

Yekun olaraq təkmilləşdirilmiş təhsil standartlarının Təhsil Nazirliyinə təqdim olunmasına dair qərar verilib. 

 




Baxış sayı: 1219

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024