12px13px15px17px
Tarix:24/12/20

Fırıldaqçı viruslarla mübarizə üçün alyans yaradılıb

Fırıldaqçı viruslarla (informasiyanı bloklayaraq onun silinməsi və ya yayılması təhdidi ilə cinayətkarların hesablarına pul köçürülməsini tələb edir) mübarizə üçün “Ransomware Task Force” (RTF) adlı konsorsium yaradılıb. Konsorsiuma 19 şirkət, o cümlədən informasiya texnologiyaları istehsalçıları, informasiya təhlükəsizliyi texnologiyaları tərtibatçıları və qeyri-kommersiya təşkilatları daxildir. Layihə “Microsoft”, “McAfee” və “Citrix” kimi şirkətlər tərəfindən dəstəklənib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm www.dailycomm.ru” resursuna istinadən yazır ki, yeni koalisiya fırıldaqçı proqram təminatı tərəfindən hücumlardan qorunmaq üçün nəzərdə tutulan mövcud texniki həllərin qiymətləndirilməsini aparacaq. Bundan başqa, təşkilat mövzu ilə bağlı ekspert məqalələri sifariş verəcək, müxtəlif sahələrdən maraqlı tərəfləri cəlb edəcək, mövcud həllərdəki problemləri aşkarlayacaq və ümumi “yol xəritə”si hazırlayacaq.
 
Alyans iştirakçılarının rollarını bölüşdürən tam siyahının 2021-ci ilin yanvarında istifadəyə veriləcək “RTF” saytında dərc ediləcəyi gözlənilir. Yeni işçi qrupu vəzifəsinin icrasına 2-3 ay sonra başlamağı planlaşdırır.
 
Yaponiyanın kibertəhlükəsizlik üçün proqram təminatı sahəsində ixtisaslaşan “Trend Micro” şirkətinin məlumatına görə, 2020-ci ilin ilk on ayı ərzində dünyada mindən çox şirkət fırıldaqçı viruslardan istifadə edən kiberhücumların qurbanı olub.
 
Builki hücumlar hakerlərin informasiyanı bloklamaqla yanaşı, zərərçəkən şirkətin pul ödəməkdən imtina etdiyi halda onu açıqlamaqla təhdid etməsi ilə fərqlənir. Məsələn, bu yaxınlarda belə hücumun qurbanı videooyunların hazırlanması ilə məşğul olan Yaponiyanın “Capcom” şirkəti olub.
 
Bundan başqa, “Toyota Motor”, “LG Electronics” kimi şirkətlər hücuma məruz qalıb. Bildirilir ki, əksər şirkətlər pul ödəməkdən imtina etsə də, 2019-cu ildə Yaponiya şirkətlərinin 32 faizi belə hücumlardan sonra fırıldaqçıların şərtlərini qəbul etməyə məcbur olub.

Nizam Nuriyev




Baxış sayı: 1249

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024