12px13px15px17px
Tarix:27/12/11

Kosmik Məsələlər üzrə Şuranın ikinci iclası keçirilmişdir

Milli Aviasiya Akademiyasında Kosmik Məsələlər üzrə Şuranın növbəti ikinci iclası keçirilmişdir.
"Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamında ölkəmizdə kosmik fəaliyyət sahəsində elmi-texniki nailiyyətləri və qabaqcıl təcrübəni öyrənmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə dair müvafiq tədbirlərin görülməsində iştirak etmək, eyni zamanda,  sahənin inkişafı ilə bağlı təklifləri hazırlamaq məqsədi ilə Kosmik Məsələlər üzrə şura yaradılmışdır. Xatırladaq ki, Kosmik Məsələlər üzrə Şuranın ilk iclası cari ilin iyul ayında keçirilmişdir.

Şuranın ikinci iclasında Şuranın sədri akademik Arif Paşayev, Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Maliyyə naziri Samir Şərifov, Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyev, "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri  Qərib Məmmədov, "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev  və digər aidiyyəti qurumların nümayəndələri  iştirak etmişlər.

İclasda Kosmik Məsələlər üzrə Şuranın nəzdində müxtəlif nazirlik və komitələrin və mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət işçi qrupun sədri və  üzvləri seçilmişdir.

Şuranın iclasında "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"na uyğun olaraq, ilk telekommunikasiya peykinin hazırlanmasının icra vəziyyəti, əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzlərinin tikintisi və kadr hazırlığı istiqamətində aparılan işlər barədə məruzə dinlənildi.

Həmçinin, iclasda ölkəmizdə aşağıorbitli məsafədən zondlama peyk sistemlərinin yaradılması mövzusunda müzakirələr aparıldı. Kosmik məsələlər üzrə Şuranın sədri akademik Arif Paşayev məsafədən zondlama peyklərinin orbitə çıxarılmasının respublika üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edərək bu istiqamətdə aparılan işlərə dair öz tövsiyələrini verdi.




Baxış sayı: 1365

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024