12px13px15px17px
Tarix:10/01/12

Azərbaycan İngiltərədə keçirilən beynəlxalq İKT sərgisində təmsil olunacaq

Sabahdan etibarən İngiltərənin paytaxtı Londonda təhsildə innovasiyaların və müasir texnologiyaların tətbiqinə həsr olunmuş “BETT 2012” beynəlxalq sərgisi işə başlayacaq. Yanvarın 14-nə qədər davam edəcək sərgidə Azərbaycan da təmsil olunacaq.

Bu məqsədlə Londona səfər edən nümayəndə heyətinə Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması üzrə İdarənin rəisi Samir Məmmədov başçılıq edir.

İnformasiya Mərkəzindən “İCTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, təhsildə innovasiyaların tətbiqinə həsr olunmuş dünyanın ən iri tədbirlərindən sayılan BETT-də iştirakın məqsədi mövcud müasir texnologiyalar ilə tanışlıq və onların Azərbaycanda istifadə imkanlarını nəzərdən keçirməkdir.

Samir Məmmədovun sözlərinə görə, sərgi Azərbaycan üçün faydalı olacaq: ”Sərgidə və onun çərçivəsində keçirilən müxtəlif konfranslarda və seminarlarda iştirak bizə həmçinin Azərbaycanda təhsilin informasiyalaşdırılması prosesini müasir trendlərlə müqayisə etmək imkanı qazandıracaq.

Bundan başqa, ölkədə “2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində görülən işlər beynəlxalq ekspertlərin nəzərinə çatdırılacaq”.

 Belə ki, “BETT”-də Azərbaycan təhsil şəbəkəsi (AzEduNet), pedaqoji kadrların İKT üzrə biliklərinin artırılması, elektron tədris resurslarının hazırlanması, “Edu.az” Milli Təhsil Portalı, “Elektron məktəb” pilot layihəsi, təhsilin idarəolunmasında informasiya texnologiyalarının tətbiqi, “Həmkara dəstək” və “1 şagird – 1 kompyuter”  layihələri haqqında geniş məlumat veriləcək.

“Mədəd” təşkilatı tərəfindən dövlət proqramı çərçivəsində kadr hazırlığı haqqında da informasiya mübadiləsi aparılacaq.

Bundan əlavə, “Mədəd” təşkilatının icraçı direktoru Vüsal Xanlarovun sərgidə təqdim edilən təhsil sistemində İKT-nin tətbiqi üzrə müəllimlər üçün təlim proqramlarının öyrənilməsi də gözlənilir.  

Məlumat üçün bildirək  ki, bu il “BETT” sərgisində 600 şirkətin və 30 min ziyarətçinin iştirakı gözlənilir. “BETT” sərgisi təhsildə innovasiyaların və texnologiyaların tətbiqi üzrə dünyanın aparıcı sərgisidir.

Məhz bu sərgidə hər il təhsildə tətbiq edilən ən son texnoloji avadanlıqlar və proqram həlləri nümayiş etdirilir.
 
 




Baxış sayı: 1492

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024