12px13px15px17px
Tarix:14/02/12

Bu gün Televiziya Günüdür

Bu gün Azərbaycanda Televiziya Günüdür. Ölkəmizdə ilk dəfə televiziya yayımı 1956-cı il fevralın 14-nə təsadüf edib.
1953-cü ildə Bakı Televiziya Mərkəzinin tikintisinə başlanıb. 3 il sonra isə Bakıda televiziya yayımı üçün polad bloklardan yığılmış ilk 180 metrlik qüllə qurulub.

İlk vaxtlar televiziya həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxıb. Sonralar bu müddətin getdikcə artırılmasına başlanılıb. 70-ci illərdən etibarən Azərbaycan televiziyasının gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata çatdırılıb. 1973-cü ildən başlayaraq paytaxtda televiziya verilişləri rəngli təsvirlərlə yayımlanıb.

Respublikada yayımlanan verilişlərin sayını artırmaq üçün yeni teleqüllənin tikintisinə isə 1981-ci ildə start verilib. 1996-cı ildə teleqüllə istismara verilib. 2008-ci ildə isə teleqüllə kompleksində əsaslı yenidənqurma işləri həyata keçirilməyə başlanıb və kompleks ən qabaqcıl rabitə avadanlığı ilə təchiz olunub.

Ümumi hündürlüyü 310 metr, çəkisi 40 min ton olan teleqüllə dəniz səviyyəsindən 136 metr hündürlükdə yerləşir. Kompleksin beton hissəsi 200 metr, metal hissəsi isə 110 metrdir. Qüllənin üzərində milli ornamentli 4 şəbəkə yerləşir ki, bunların hər biri bir qütbə istiqamətlənib.

Məlumat üçün bildirək ki, Azərbaycanın ilk müstəqil teleradiosu ANS televiziyası və ANS ÇM radiosudur.
Onu da qeyd edək ki, televizorun (yunanca "tele"-uzaqlıq, latınca "vizor" - görmə sözlərindəndir) ixtirası isə XX əsrin 20-30-cu illərinə təsadüf edir.

1933-cü ildə rus mənşəli Amerika mühəndisi Vladimir Zvorikin televizorun əsas hissələrindən biri olan ötürücü qurğunu ixtira edib. Bundan sonra, yəni 30-cu illərin ortalarından televiziya verilişlərinin yayımına başlanılıb. İlk televiziya verilişi 1936-cı ildə Londonda reallaşıb. 1939-cu ildə ABŞ mühəndisləri A.Roze və X.Yoms tərəfindən televiziya ötürücü trubkası (optikon) ixtira edilib. Avropada yalnız 50-ci illərdə televiziya geniş yayılmağa başlayıb.

SEYMUR



Baxış sayı: 2002

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024