12px13px15px17px
Tarix:16/02/12

Azərbaycan otelləri və biznes mərkəzləri pulsuz internet təklif edir

Azərbaycanda fəaliyyət göstərən otellər və biznes mərkəzləri öz müştəriləri üçün pulsuz internet təklif edir. Bununla bağlı  "İCTnews" elektron xəbər xidməti ölkənin tanınmış otellərində və biznes mərkəzlərində araşdırma aparıb.

Araşdırmadan bəlli olur ki, adıçəkilən obyektlər qonaqlarını və müştərilərini internetlə bağlamaq üçün “Wi-Fi” sistemi quraşdırıb. May ayında Bakıda keçiriləcək «Eurovision» mahnı müsabiqəsi ilə əlaqədar olaraq indidən internetin sürəti gücləndirilib və keyfiyyəti daha da artırılıb. Bununla da müştərilərin rahat şəkildə internetə çıxışı tam təmin olunub.


4 ulduzlu «İrşad» otelindən portalımıza bildiriblər ki, mehmanxananın bütün otaqlarında, eləcə də kafe və gözləmə zallarında da “Wi-Fi” sistemi quraşdırılıb: «Biz bu xidməti artıq uzun bir müddətdir ki, müştərilərimizə təklif edirik. Bizdə internetə qoşulma tamamilə pulsuzdur. Bu xidmətdən istənilən müştərimiz istənilən qədər istifadə edə bilər».

5 ulduzlu «Excelsior Hotel Baku» mehmanxanası da “Wi-Fi” sistemi ilə öz müştərilərini internetlə bağlamaga hazır vəziyyətdədir. Oteldən bildiriblər ki, Azərbaycana gələn qonaqlar internetin keyfiyyətindən razılıq edirlər: «Bizim  otel yaranandan burada internet pulsuzdur. Bütün bina üzrə “Wi-Fi” sistemi quraşdırılıb və heç bir yerdə internetdən qırılma olmur. Müştərilərimiz sərbəst şəkildə ondan istifadə edirlər».

«Park İNN» mehmanxanasının əməkdaşlarının verdiyi məlumata görə, onlar da müştərilərinə pulsuz internet təklif edirlər. Otelin bütün ərazisində, eləcə də kafe və restoranlarında “Wi-Fi” sistemi quraşdırılıb: «Biz müştərilərimizin rahatçılığı üçün onlara pulsuz və yüksəksürətli internet təklif edirik». 

«Park-Bulvar» biznes mərkəzinin mətbuat xidmətinin rəhbəri Günay Malikqızı da bildirib ki, biznes mərkəzinin bütün mərtəbələrində internet var. Onun sözlərinə görə, mərkəzdə yüksəksürətli “Wi-Fi” sistemi quraşdırılıb: «Mərkəzə gələnlər günün istənilən saatında bu internetdən pulsuz şəkildə istifadə edə bilərlər».

SEYMUR



Baxış sayı: 1612

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024