12px13px15px17px
Tarix:21/02/12

ƏMDK-da elektron xidmətlərin tətbiqi ilə bağlı təkliflər hazırlanıb

Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) dövlət orqanlarında elektron xidmətlərin göstərilməsinin təşkili ilə bağlı müzakirələr aparılıb. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, 2011-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə ƏMDK sədri Kərəm Həsənov il ərzində modern və çevik idarəetmə, fəaliyyət prosesində şəffaflıq və səmərəliliyin təmin edilməsi ilə bağlı işlərdən söz açıb: ”Bu məqsədlə prezidentin dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi sahəsində verdiyi tapşırıqların icrası diqqətdə saxlanılıb.

Komitənin fəaliyyət istiqamətləri üzrə elektron xidmətlərin təşkili ilə bağlı artıq müvafiq hazırlıq işləri həyata keçirilib. Belə ki, komitənin əsasnaməsi ilə müəyyən edilmiş vəzifə və funksiyaların icrası zamanı müvafiq istiqamətlər üzrə elektron xidmətlərin tətbiqi məsələsi təhlil edilib.

Elektron xidmətlərin tətbiqi ilə bağlı müasir informasiya-kommunikasiya sistemlərinin tətbiqi, tələblərin formalaşdırılması, proqram təminatının hazırlanması ilə bağlı təkliflər hazırlanıb.

Bu baxımdan, komitənin internet saytında elektron xidmətlər bölməsi yaradılıb”. K.Həsənov qeyd edib ki, dövlət əmlakının özəlləşdirilməsi, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı, daşınmaz əmlakın vahid kadastrının aparılması və ünvan reyestrinin yaradılması sahələrində inkişaf etmiş ölkələrin qabaqcıl təcrübələrinin öyrənilməsi məqsədilə beynəlxalq əməkdaşlıq da davam etdirilir.

Bu məqsədlə Dünya Bankı, Almaniya İnkişaf Bankı (KfW), Almaniyanın Beynəlxalq Əməkdaşlıq (GİZ) təşkilatı, Norveç Kadastr və Xəritəçəkmə təşkilatı və digər xarici qurumlarla layihələr həyata keçirilir: ”Komitənin müəyyən edilmiş fəaliyyət istiqamətlərini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində də tədbirlər görülüb.

Hesabat ilində dövlət mülkiyyətinin özəlləşdirilməsi və icarəyə verilməsi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyat sisteminin, habelə reyestrinin aparılmasının təkmilləşdirilməsi və inkişaf etdirilməsi, daşınmaz əmlakın vahid dövlət kadastrı, daşınmaz əmlakın istifadəsinə dair 12 normativ hüquqi aktın layihələri hazırlanıb.

Bu sənədlərin bir qismi artıq təsdiqlənib. Daşınmaz əmlaka dair hüquqların qeydiyyatı ilə bağlı vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, hüquqların qeydiyyatı ilə bağlı vətəndaşların müraciətlərinin baxılmasında operativliyin daha da artırılması daim diqqət mərkəzində saxlanılıb.

Daxil olan müraciətlərin baxılmasında əlavə vaxt itkisi və süründürməçilik hallarının yolverilməzliyi, vətəndaş hüquqlarının təmin edilməsi nəzarətdə saxlanılıb”.

Sədr bildirib ki, daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişaf etdirilməsi və qabaqcıl iş təcrübəsinin tətbiqi məqsədi ilə informasiya sistemləri və məlumat bazaları mərkəzləşdirilib: ”Korporativ şəbəkənin qurulması, ərazi qeydiyyat idarələrinin müasirləşdirilməsi, maddi-texniki təminatın yaxşılaşdırılması, arxivlərin elektron formata keçirilməsi, müasir texnologiyaların, avadanlıq və geodezik cihazların alınması, işçilərin bilik və bacarıqlarının artırılması sahələrində tədbirlər də davam etdirilib”.

Onun sözlərinə görə, görülmüş tədbirlər qeydiyyat sisteminin müasirləşdirilməsi və inkişaf səviyyəsinin yüksəldilməsi baxımından öz nəticələrini verir: ”Belə ki, Dünya Bankının biznes mühitinin təhlili ilə əlaqədar “Doing Business 2012” hesabatında Azərbaycan 183 ölkə arasında 9-cu yeri tutub.

Eyni zamanda, daşınmaz əmlakın dövlət reyestrində mövcud daşınmaz əmlakların ilkin və təkrar qeydiyyatının həcmi 2011-ci ildə əvvəlki illərlə müqayisədə əsaslı şəkildə artıb”.
 
HƏQİQƏT




Baxış sayı: 1369

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024