12px13px15px17px
Tarix:26/08/14

Əmək müqaviləsi bildirişlərinin “Elektron hökumət” portalı üzərindən qeydiyyata alınması işçi hüquqlarının bərpasına kömək edəcək

Əmək müqaviləsi bildirişlərinin “Elektron hökumət” portalı üzərindən qeydiyyata alınması ilə işəgötürənlərin işçi hüquqlarının təminatında məsuliyyətdən yayınma hallarının qarşısı alınacaq. Nəticədə işəgötürənlər qanunvericiliyin tələblərinə daha ciddi şəkildə yanaşmaq və əməl etmək məcburiyyətində qalacaq, işçilərin əmək hüquqlarının qorunması daha keyfiyyətlə həyata keçiriləcək.
 
Bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakının Yasamal və Qaradağ rayonlarının işəgötürənləri üçün təşkil etdiyi “Açıq qapı günü” vətəndaş forumunda məlumat verilib. Forumda ƏƏSMN tərəfindən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin cari il iyulun 1-dən istifadəyə verildiyi nəzərə çatdırılıb.
 
Qeyd edilib ki, əmək müqaviləsinin bağlanması, əmək müqaviləsinə dəyişiklik edilməsi və əmək müqaviləsinə xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra hüquqi qüvvəyə minir.
 
Yəni bu gün işçi ilə işəgötürən kağız üzərində əmək müqaviləsi bağlayır, lakin onun elektron informasiya sisteminə daxil edərək əmək müqaviləsi bildirişi əldə etməmişdirsə, həmin müqavilə hüquqi qüvvəyə malik olmur. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi üçün onun elektron informasiya sisteminə daxil edilməsi şərtdir:
 
 “Əmək müqavilələri bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsi əmək qanunvericiliyinə dövlət nəzarətinin əhəmiyyətli dərəcədə güclənməsinə, işçilərin əmək hüquqlarının daha etibarlı şəkildə qorunmasına gətirib çıxaracaq.  
Qeydiyyatdan keçirilmiş əmək müqaviləsi bildirişləri işçilər üçün ilk növbədə əmək hüquqlarının və bu hüquqlardan irəli gələn digər, o cümlədən sosial təminat hüquqlarının müdafiəsinin təminat forması olmaqla, həmin müqavilədə göstərilən hüquqlarının icrasını işəgötürəndən tələb etmək üçün onlara hüquqi əsas verir”.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1540

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024