12px13px15px17px
Tarix:25/04/15

Gələcəkdə fərdi məlumatlarımızı hansı tip daşıyıcılarda yadda saxlayacağıq?

İnternetin yaradıcılarından biri və hazırda "Google" şirkətində vitse-prezident vəzifəsində çalışan Vinton Sörf bəşəriyyətə rəqəmli qaranlıq dövrün yaxınlaşması haqda xəbərdarlıq edib.

Onun fikrincə, gələcəkdə məlumat daşıyıcılarının köhnəlməsi səbəbindən bir çox məlumatlar itəcək. Artıq indi disketləri oxumaq üçün qurğu tapmaq çətindir, videokasetləri və diskləri də tezliklə eyni aqibət gözləyir.

Eyni zamanda formatlar köhnəlir – proqram təminatının tərtibatçıları çox vaxt faylların köhnə versiyalarını dəstəkləməyi dayandırır və həmin faylları oxumaq getdikcə çətinləşir.
 
 
Məlumatları necə yadda saxlayaq?






İnformasiyanın yadda saxlanılması üsulları tədricən bir-birini əvəzləyir. Bununla belə, artıq hazırda məlumat itkisi baş verir: 1997-ci ilin "PowerPoint" ofis proqramını işə salmağa cəhd etmək kifayətdir. İnformasiyanın sənəd sahibinə lazım olmadığını fərz etsək belə, onun gələcək nəsillər üçün dəyərini qiymətləndirmək çətindir.

2013-cü ilin dekabrında dünyasını dəyişmiş kino tənqidçisi Ceff Şennonu nümunə göstərə bilərik. Dostu Coff Dankan yazdığı kimi, Şennon son on ildə məlumatlarını disketlərdə yadda saxlayıb.

Tənqidçi həmin məlumatları müasir daşıyıcılara yazmağa hazırlaşsa da, amma əcəl imkan verməyib. Bu kimi hallarda məlumat sahibi məsuliyyət daşıyır – müəllif hüquqları cəmiyyətin bu vəziyyətə müdaxiləsinə imkan vermir.


Buna görə məlumatları etibarlı halda saxlamaq lazımdır. Məsələn, Vint Sörf ən mühüm fotoşəkilləri çap etməyi tövsiyə edib. Aktiv internet istifadəçilərinin əksəriyyəti öz fotoşəkillərini çox vaxt sosial şəbəkələrdə yadda saxlayır. Bu vəziyyəti sığortalamaq üçün həmin arxivi kompüterə yükləmək və onu xarici daşıyıcıya (fotoşəkilləri "TIFF" və "JPEG" formatlarında yadda saxlamaq daha yaxşıdır) yazmaq lazımdır.

"İnternetin atası"nın tövsiyəsinə əməl etsək, başqa çətinlik meydana çıxır: nəyi çap edək? Hollandiyanın "Resnap" startapı bu problemlə məşğul olur. Bu xidmət xüsusi olaraq hazırlanmış proqram təminatının köməyi ilə "Facebook" və "Instagram" hesablarından ən yaxşı fotoşəkilləri seçərək fotoalbom yaradır və onu həm yadda saxlamaq, həm də çap etmək olar. Başqa bir çıxış yolu kimi həm sosial şəbəkələrdə fotoşəkli dərc edən, həm də çap edən kamera satın almaqdır.

Video və audio ilə vəziyyət bir az mürəkkəbdir: bu formatları çap etmək mümkün deyil. Bu halda düzgün saxlanc formatını seçmək vacibdir: audio üçün "WAV", video üçün "AVI" formatı məqsədəuyğundur. Çap edilməyəcək sənədlər üçün "PDF/A" uyğundur.
 
Məlumatları hansı tip daşıyıcıda yadda saxlayaq?

Növbəti məsələ məlumat daşıyıcısının seçimidir. Optik disklər ("CD", "DVD", "Blue-ray") tədricən istifadədən çıxır, indi noutbukların bir çoxuna diskdaxiledici quraşdırılıb. Bununla belə, bu, biznes üçün   ucuz saxlanc formasıdır və şirkətlər hələ ondan istifadə edirlər. Bundan başqa, bu sahədə araşdırmalar aparılır. Məsələn, "Sony" və "Panasonic" şirkətləri arxiv məlumatlarını yadda saxlamaq üçün tutumu bir terabayt olan optik disk istehsalını planlaşdırırlar.



 



Ev şəraitində faylları yadda saxlamaq üçün sərt disklər məqsədəuyğundur, amma bu tip qurğuların öz çatışmazlıqları var. Ənənəvi sərt disklərdə zamanla nasazlıqların sayı artır, sərtgövdəli daşıyıcıların ("SSD") qiyməti isə hələ ki bahadır. Üçüncü seçim "bulud" texnologiyasıdır. "Yandeks. Disk", "Google Drive", "Dropbox", "iCloud", "Microsoft OneDrive" "bulud" saxlanc xidmətləri məlumatları məsafədən yadda saxlamağa imkan verir. Amma uzunmüddətli perspektivdə bu xidmət informasiyanın tutumundan asılı olaraq ucuz başa gəlməyəcək.
 

 
Məlumatların yadda saxlanılması üçün mükəmməl üsul yoxdur, heç bir variant müdaxilədən və ya nasazlıqdan sığortalanmayıb. Ən vacib faylların surətini həm sərt disk, həm də xarici daşıyıcıda yadda saxlamaqla bütün əlçatan seçimlərdən istifadə etmək olar.







Fərdi məlumatların bütövlüyü – bu, ayrı-ayrı şəxslərin problemidir, bundan başqa elə informasiyalar var ki, heç kim onların itməsinə cavabdeh deyil. Köhnə kitabların surəti, ilk videooyunlar, tanınmış ifaçıların ilk konsertlərinin yazıları itə bilər. Vinton Sörf qeyd etdiyi kimi, internet yadda saxlamaq istədiyimizi itirir, silmək istədiyimizi isə yadda saxlayır. "Google"un vitse-prezidenti hesab edir ki, cəmiyyət üçün vacib məlumatları yadda saxlamaq üçün rəqəmli perqament yaratmaq lazımdır.





Əgər informasiyanı əsrlər boyu yadda saxlamaqdan söhbət gedirsə, dezoksiribinuklein turşusuna diqqət yetirmək lazımdır. Alimlər əmin edirlər ki, bir qram dezoksiribinuklein turşusunda 455 ekzaybat (455 milyard qiqabayt) məlumat yadda saxlamaq mümkündür.

Müqayisə üçün bildirək ki, 2012-ci ildə dünyada məlumatların tutumu 2,8 zettabayta (2,8 trilyon qiqabayt) çatıb. Amma onu da qeyd edək ki dezoksiribinuklein turşusunda informasiyanın kodlaşdırılması baha başa gəlir: 83 kilobayt informasiyanın kodlaşdırılmasına təxminən min funt-sterlinq xərclənib.


Emil Hüseynov



Baxış sayı: 1021

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024