12px13px15px17px
Tarix:22/07/19

“5G” şəbəkəsinin tətbiqi mobil telefonların dinlənilməsini çətinləşdirəcək

"5G" texnologiyasının istifadəyə verilməsi hüquq-mühafizə orqanlarının cinayətkarların mobil telefonlarını dinləmək imkanından məhrum olması ilə nəticələnəcək. Avropa Polis Təşkilatının (Avropol) rəhbəri Katrin De Boll belə düşünür. O, Avropa İttifaqına üzv ölkələrin hazırda "4G" şəbəkəsindən beşinci nəsil mobil rabitə şəbəkəsinə (5G) keçidlə əlaqədar boşluğu doldura bilən texniki vasitələrə malik olmaması ilə əlaqədar Aİ liderlərinə texniki baxımdan yaxşı hazırlanmış cinayətkarlarla mübarizə üçün maliyyələşdirməni artırmaq və səlahiyyətləri genişləndirmək xahişi ilə müraciət edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab" resursuna istinadən yazır ki, hazırda hüquq-mühafizə orqanları "4G" şəbəkəsini dəstəkləyən mobil qurğular vasitəsilə cinayətkarları dinləyə və izləyə bilirlər, lakin yeni nəsil standarta keçidlə belə imkan aradan qaldırılacaq. Təşkilat rəhbərinin sözlərinə görə, Avropa hüquq-mühafizə təşkilatları texnoloji şirkət və qanunverici orqanlar arasında "5G" şəbəkəsinə keçidlə bağlı aparılan danışıqlara çox gec cəlb olunublar və bununla əlaqədar indi nəzarət imkanlarından məhrum olacaq polisə dəyən ziyanın minimallaşdırılması üçün digər metodlar axtarmaq lazım gəlir.

 

"Ən böyük risk ondan ibarətdir ki, biz texniki işləmələr barədə kifayət qədər məlumatlı deyilik, halbuki bir addım irəlidə olmalıyıq. Biz baş verənləri anlayaraq onlara müvafiq reaksiya verməliyik", – De Boll qeyd edib.

 

Qeyd edək ki, 1999-cu ildə yaradılan "Avropol" təşkilatı Avropa İttifaqında transsərhəd mütəşəkkil cinayətkarlıq, terrorizm və kibercinayətkarlıqla mübarizə aparır. Məsələn, "Avropol" Aİ polis qüvvələrinin rəqəmli dövrün reallıqları nəzərə alınmaqla modernləşdirilməsi üçün platforma rolunu oynayır. Mənzil-qərargahı Haaqada (Niderland) yerləşən təşkilatın ştat vahidi 900 əməkdaşdan ibarətdir. "Avropol"un 2019-cu il üçün nəzərdə tutulan büdcəsi 138 milyon avro təşkil edir. Lakin təşkilatın kiberimkanlarının modernləşdirilməsi məqsədilə 2027-ci il üçün büdcənin iki dəfə artırılması planlaşdırılır.

 

Nizam Nuriyev





Baxış sayı: 611

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024