12px13px15px17px
Tarix:03/04/20

“Samsung” karantinə yerləşdirilən koronavirus xəstələrinə smartfonlar paylayır

Cənubi Koreyanın “Samsung” şirkəti koronavirus epidemiyası ilə mübarizəyə töhfə verməyə başlayaraq xəstə, hakimiyyət və tərəfdaşlara göstərilən yardımı açıqlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, məlumata görə, şirkət bütün dünya üzrə əməkdaşlara regional dəstək mərkəzləri yaradıb, əksər işçiləri məsafəli işə keçirib, ezamiyyətləri maksimum azaldıb, eləcə də müəssisə və mağazaların bir qisminin fəaliyyətini dayandırıb.

 

Həmçinin “Samsung” yanvardan etibarən müxtəlif ölkələrdə koronavirus epidemiyası ilə mübarizəyə 29 milyon dollar ianə edib. Bundan başqa, şirkət karantinə yerləşdirilən koronavirus xəstələrinin qohum və dostları ilə əlaqə saxlaması üçün onlara smartfonlar təqdim edir. Həmçinin xəstəxana və karantin mərkəzlərinə havatəmizləyici və digər avadanlıqlar verilir, şirkətin planşetlərini isə şagirdlərin məşğələlərdə məsafəli iştirakı üçün təhsil müəssisələri alır.

 

Bundan əlavə, “Samsung” mühəndisləri Cənubi Koreyanın tibbi maska istehsalçılarına işin səmərəliliyini artırmaqda kömək məqsədilə onlarla əməkdaşlıq edirlər. Belə ki, bir sıra hallarda şirkət tərəfindən edilən kömək gündəlik maska istehsalının həcmini iki dəfədən çox artırmağa imkan verib.

 

Xatırladaq ki, martın ortalarında “Samsung” qurğularının dezinfeksiyası üzrə pulsuz xidmət istifadəyə verilib. “Galaxy Sanitizing Service” adlı xidmətdən rəsmi “Samsung” servis mərkəzlərində və “Samsung Experience Store" mağazalarında istifadə etmək mümkündür. Xidmət çərçivəsində şirkət əməkdaşları tərəfindən ultrabənövşəyi şüalanma vasitəsilə "Galaxy" seriyalı smartfon, "ağıllı" saat və qulaqcıqların dezinfeksiyası aparılır. Bununla qurğulardakı bütün bakteriya, mikrob və viruslar məhv edilir. "Samsung" nümayəndələrinin sözlərinə görə, dezinfeksiya üçün qurğular texnikanın işinə təsirinin müəyyənləşdirilməsi üçün əvvəlcədən test edilib.

 

Məlumata görə, şirkət smartfonun təmizlənməsi üçün abraziv materiallardan və ya bərk kimyəvi maddələrdən istifadəni tövsiyə etmir. Bu, onların ekranı cızması və ya oleofob örtüyü zədələməsi ilə izah olunur. Bundan başqa, “IP” reytinqinə malik olmayan qurğularda kimyəvi mayelərdən istifadə daxilə suyun düşməsinə səbəb ola bilər ki, bu da potensial baxımdan qurğunu sıradan çıxarar.

 

Hazırda xidmət Argentina, Çili, Xorvatiya, Danimarka, Finlandiya, Koreya Respublikası, Malayziya, Yeni Zelandiya, Norveç, Pakistan, Peru, Polşa, Rusiya, İspaniya, İsveç, ABŞ, Ukrayna, Vyetnam və Yaponiya kimi dünyanın 19 ölkəsində pulsuz təklif olunur.

 

Nizam Nuriyev





Baxış sayı: 572

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024