waplog

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaranmasından 8 il ötür


Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaranmasının 8 ili tamam olub. Naxçıvan Muxtar Respublika Ali Məclisi Sədrinin 28 fevral 2004-cü il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Rabitə Nazirliyi ləğv edilib və onun bazasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılıb. Ötən səkkiz il ərzində muxtar respublika üçün mühüm əhəmiyyəti olan bir sıra layihələrin həyata keçirilməsinə nail olunub.

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, ötən müddət ərzində Naxçıvan şəhərinin Əliabad qəsəbəsində, Şərur rayonunun Tənənəm, Cəlilkənd, Aralıq, Axura, Vərməziyar, Qarxun, Aşağı Yaycı, Zeyvə, Oğuz, Tumaslı, Aşağı Daşarx, Yuxarı Daşarx, Yengicə, Maxta, Mahmudkənd, Kərimbəyli, Çomaxtur, Siyaqut, Düdəngə, Culfa rayonunun Yaycı, Bənəniyar, Göydərə, Əbrəqunus, Ərəfsə, Ərəzin, Xanəgah, Nəhəcir, Ordubad rayonunun Düylün, Sabirkənd, Biləv, Bist, Kotam, Gənzə, Şahbuz rayonunun Biçənək, Kolanı, Aşağı Qışlaq, Yuxarı Qışlaq, Külüs, Keçili, Şada, Badamlı kənd və Badamlı qəsəbə, Kül Babək rayonunun Cəhri, Vayxır, Şıxmahmud, Zeynəddin, Məmmədrza Dizə, Sirab, Uzunoba, Nəzərəbad, Didivar, Kəngərli rayonunun Böyükdüz, Şaxtaxtı, Təzəkənd, Yeni Kərki, Qarabağlar, Qabıllı kəndlərində, Sədərək rayonunun Heydərabad və Kəngərli rayonunun Qıvraq qəsəbələrində fəaliyyət göstərən poçt bölmələri və avtomat telefon stansiyaları yeni binalara köçürülmüş, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və Naxçıvan Şəhər Rabitə İdarəsinin inzibati binaları, xidmət sahələri, Naxçıvan Şəhər Rabitə İdarəsinin texniki binası müasir standartlara uyğun təmir edilib rabitəçilərin və əhalinin istifadəsinə verilmişdir.

Ümumilikdə 87 poçt bölməsi, 65 avtomat telefon stansiyası yeni binaya köçürülərək istifadəyə verilib. Poçt bölmələrindən 36-sı yeni açılıb, avtomat telefon stansiyalarda isə 53-ü yeni qurulub. Yeni obyektlərin istifadəyə verilməsi ilə son 8 il ərzində 149 iş yeri açılıb.

 2004-2011-ci illər ərzində aparılan quruculuq tədbirləri sayəsində muxtar respublikada yeni elektron tipli avtomat telefon stansiyalarının və “Naxtel” simsiz rabitə şəbəkəsi üzrə yeni baza stansiyalarının istifadəyə verilməsi nəticəsində 25 228 yeni telefon nömrəsi istismara verilib. Hazırda muxtar respublikada hər 100 ailəyə düşən sabit telefonların sayı 65-ə çatdırılıb.

Muxtar respublika ərazisində 3 GSM mobil operatoru və 1 CDMA simsiz rabitə şəbəkəsi ümumi yaşayış ərazilərimizin 90 faizini əhatə edən mobil rabitə 422 680 mobil telefon istifadəçisinə xidmət göstərir.

Naxçıvanın telekommunikasiya əlaqələrinin alternativliyinin təmin edilməsi məqsədi ilə Naxçıvan-Türkiyə-Gürcüstan-Bakı istiqamətində optik kabel üzərindən STM-16 səviyyəli rabitə kanalları yaradılıb, bundan əlavə Naxçıvan–İran–Bakı istiqamətində yeni STM-16 səviyyəli telekommunikasiya əlaqələri təşkil edilməklə kəsintisiz dairəvi şəbəkə istifadəyə verilib.

 Naxçıvan-Şahbuz optik magistral xəttinin tikintisi başa çatdırılmış və onun üzərindən Vayxır, Məzrə, Kərimbəyli, Cəhri avtomat telefon stansiyaları optik arabağlantılarla təmin edilib. Hazırda muxtar respublikada istismar olunan 104 ATS-in 83-ü və ya 80 faizi optik arabağlantılarla mərkəzi stansiyalara qoşulub.

2010-cu ilin may ayında Naxçıvan şəhərini, Babək qəsəbəsi və Nehrəm kəndini əhatə edən, ən müasir “3G” xidmətini dəstəkləyən Yeni Nəsil Telekommunikasiya (NGN ) sistemi istifadəyə verilib.

Bu istiqamətdə aparılan işlərin davamı olaraq hazırda Şərur və Sədərək rayonları ərazisində mövcud olan avtomat telefon stansiyaları Yeni Nəsil (NGN) Telekommunikasiya sistemi ilə əvəz edilməsi üçün montaj-tənzimləmə işləri həyata keçirilir. Cari ilin birinci rübü ərzində sistemin istifadəyə verilməsi nəzərdə tutulur. NGN texnologiyası istifadəçilərə İP TV, videotelefon, internetə sürətli qoşulma ilə yanaşı, əlavə çoxlu sayda servis xidmətlərindən istifadə etmək imkanı verir.

 Naxçıvan Muxtar Respublikasının ümumistifadəli telefon sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması və mövcud nömrə resurslarının artırılması məqsədilə 01 noyabr 2011-ci il tarixdən muxtar respublikanın rayonları və “Naxtel”in stasionar şəbəkəsi üzrə telefon nömrələri 7 rəqəmli nömrə planına keçirilib.

Muxtar respublikaya daxil olan internet kanalının sürəti 4 mb/saniyədən 512 mb/saniyəyə çatdırılıb, Bakı şəhərindən və Türkiyə Respublikasından daxil olan internet kanallarının alternativliyi təmin edilib. Orta ümumtəhsil məktəblərində istifadəyə verilən kompyuterlərin 81,7 faizinin internetə çıxışı təmin edilmişdir. 2010-2011-ci illərdə internet xidmətlərinin tarifləri kartlar üzrə 50-70%, ADSL xidmətləri üzrə 12-14 dəfə aşağı salınıb.

Qısa zaman ərzində böyük uğurlar qazanan Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bundan sonra da qarşıya qoyulan vəzifələri və tapşırıqları layiqincə yerinə yetirəcək.
 
CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL