waplog

Vannevar Buş – Başı və əlləri yaxşı işləyən mühəndis


Vannevar Buş görkəmli alim, mühəndis və təşkilatçı olub. Dünya  elmi, xüsusilə Amerika elmi tarixində bu şəxsin adı çox böyük hörmətlə çəkilir. "Buşun həm başı, həm də əlləri yaxşı işləyirdi. O, əbəs yerə Amerikanın ən parlaq mühəndislərindən sayılmayıb", - Norbert Viner yazıb.

O, ilk diferensial analizatorları hazırlayıb, onlar sonralar analoq hesablayıcı maşınlar adlandırılıblar, ilk hipermətn sistemi - "Memex"-i yaradıb, ABŞ Milli Elm Fondunun əsasını qoyub, həmçinin, o, görkəmli alimlər dəstəsi yetişdirib; onun şagirdlərindən yalnız Klod Şennonun adını çəkmək kifayətdir.V.Buş diferensial analizatoru ixtira edib

Vannevar Buş 1890-cı il mart ayının 11-də Massaçusets ştatının Everett şəhərində anadan olub. O, 1913-cü ildə Taftsa kollecini bitirib, bakalavr və magistr dərəcələrini alıb və “General Electric” şirkətində elektrik avadanlığının test edilməsi bölməsində iş fəaliyyətinə başlayıb. 1914-1915-ci illərdə Vannevar Buş ABŞ Hərbi Dəniz Qüvvələrinin sahil inspeksiyasında xidmət edib və eyni zamanda Taftsa kollecində riyaziyyatdan dərs deyib.

1916-cı ildə o, Harvard Universiteti və Massaçusets Texniki İnstitutunu (MIT) eyni vaxtda bitirib. Sonra Buş Taftsa kollecində elektrotexnika kafedrasında dosent işləyir, 1919-cu ildən isə Massaçusets Texniki İnstitutunun dosenti olur, 1923-cü ildə isə professor adına layiq görülür.

1925-ci ildən 1927-ci ilə qədər o, öz qrupu ilə diferensial tənlikləri həll edə bilən inteqraf yaradır. 1928-1930-cu illərdə Buş öz məşhur diferensial analizatorunu ixtira edir.

Elə bu dövrdə gənc tədqiqatçının diqqətini insan düşüncələrini avtomatlaşdırmağı bacaran maşının yaradılması problemi daha çox cəlb etməyə başlayır. Keçən əsrin 30-cu illərində elm və texnikada diferensial analizator edilmiş böyük həcmli informasiyaların qorunub saxlanması məsələsi kəskin olaraq meydana çıxmışdı.

30-cu illərin ortalarında, Buş öz elektromexaniki diferensial analizatorunu elektron element bazasına keçirir. Analizatorları analoq hesablayıcı maşın adlandırmağa başlayırlar və onlar kifayət qədər mürəkkəb tənliklər daxil olmaqla, diferensial tənliklər sistemlərinin həlli üçün bir çox ölkələrdə müvəffəqiyyətlə istifadə olunurdu.

Maraqlıdır ki, oxşar diferensial analizatorlar Pensilvaniya Universitetinin Mur məktəbində istifadə olunub və məktəbin əməkdaşlarına etibarlı baza yaratmağa kömək edib. Sonra bu baza “ENIAC” rəqəmsal kompyuterinin yaradılması və layihələşdirilməsi zamanı istifadə edilib.

Vannevar Buş 1932-ci ildə Massaçusets Texniki İnstitutunun vitse-prezidenti və eyni zamanda texniki məktəbinin dekanı olur, 1938-ci ildə isə Vaşinqtonda Karneqi İnstitutunun prezidenti seçilir. Buş yaxşı başa düşürdü ki, analoq maşınların dəqiqliyi azdır və 1936-cı ildə "İnstrumental analiz" adlı işində o, rəqəmsal hesablayıcı maşınların yaradılmasına işarə edir.

1937-1938-ci illərdə o, hətta MTİ-nin tədqiqat proqramı çərçivəsində proqram idarə etməsi ilə olan kompyuterin yaradılması üzrə ilkin hesablamalara başlayır. Lakin Buş ömrünün son illərində ya bu işi unudur, ya da ki rəqəmsal maşınlar ilə bağlı müharibədən əvvəlki işinin dəyərini qiymətləndirmir. Bu işin 1942-ci ildə qəbul edilməməsi də səbəblərdən biri ola bilər.
 
Buş Müdafiə Tədqiqatları Milli Komitəsinin yaradılmasını təklif edib
1940-cı ildə V. Buş və bir qrup amerikalı alim belə bir nəticəyə gəlirlər ki, hərbi vasitələrin genişmiqyaslı işlənib hazırlanması üçün dövlət, elm və kommersiya qurumlarının səylərinin birləşdirilməsini təmin edən koordinasiyaedici bir təşkilatın yaradılması vacibdir.

Elə həmin il Buş ABŞ prezidenti F.D.Ruzveltlə görüşərkən hərbi sahədə elmi-tədqiqatlar aparılması ilə əlaqədar planlarını ətraflı şərh edir və yeni təşkilatın - Müdafiə Tədqiqatları Milli Komitəsinin (National Defense Research Committee-NDRC) yaradılmasını təklif edir.

Bu təşkilatın hökumət, hərbi müəssisə, biznes və elm sahəsində çalışan mütəxəssislərin birləşməsi sayəsində yeni hərbi texnologiyaların yaradılması üçün fəaliyyət göstərəcəyi nəzərdə tutulurdu. F.D.Ruzvelt iti ağıla malik bir insan olduğundan yaranmış vəziyyəti əla təhlil edə bilirdi. Beləliklə, NDRC komitəsi yaradılır və V. Buş da onun sədri təyin edilir.

Qeyd edək ki, bu komitə ABŞ Prezidenti fondundan maliyyələşirdi və maliyyə vəziyyəti heç də həmişə yaxşı olmurdu. Bəlkə elə bu səbəbdən 1941-ci ildə Elmi-Tədqiqatlar və İnkişaf Xidməti (Office of Scentific Research and Development - OSRD) meydana gəlir. Bu xidməti ABŞ Konqresi maliyyələşdirdiyindən o, daha yaxşı maliyyə imkanlarına malik idi. Bir müddət sonra “OSRD” ilə “NDRS” birləşdirilir və onun rəhbəri V. Buş təyin edilir.
O, ilk hipermətn sistemi - "Memex"-i yaradıb.

Təqribən 6 min işçisi olan “OSRD” əməkdaşları tərəfindən müharibə illərində bir çox dəyərli ixtiralar edilib. Bunlara radar qurğularının, məsafədən idarə olunan bombanın və kəşfiyyat məqsədli bir sıra məxfi qurğuların işlənib hazırlanmasını aid etmək olar.

Bundan başqa V.Buş bilavasitə Manxetten layihəsində də iştirak etmişdir ki, bunun nəticəsində də ilk atom bombası yaradılıb. “OSRD”-də aparılan əksər işlərin gizli saxlanılmasına baxmayaraq V.Buş ölkədə məşhur alim kimi tanınıb. “NDRC” və “OSRD”-də V.Buşun fəaliyyəti ABŞ-da elmi-tədqiqatlara yanaşmanı kökündən dəyişdirib və yeni texnologiyaların hərbi əməliyyatlarda tətbiqinin çox vacib açar olduğunu sübut edib. V.Buşun gərgin əməyinin məntiqi nəticəsi olaraq ABŞ-da elm prioritet sahə kimi inkişaf edib, alimlərin nüfuzu isə kəskin yüksəlib.

Onun səyləri nəticəsində hökumət, hərbi, biznes və elmi strukturların qüvvələri birləşdirilərək 50-ci illərdə “ARPA” agentliyi yaradılıb və “ARPANET” - İnternet şəbəkəsinin ilkin variantına çevrilib. V.Buşun təkidi ilə 1950-ci ildə ABŞ-da Milli Elm fondu- “NSF” (National Science Foundation) yaradılır. 1945-ci ildə V.Buş "Atlantik Monthly" jurnalında "Biz necə düşünə bilirik" ("As we may think") adlı məqalə nəşr etdirir.

Məqalədə "memeks" (memex) cihazı ətraflı şərh edilib. Bu cihaz eyni zamanda verilənlər bazası, həm də informasiyaları oxumağa imkan verən qurğu kimi təsvir edilib. Cihaz işçi masa, onun üstündə yerləşən monitor, klaviatura, vacib olan sənədi seçmək üçün düymələr, eləcə də mikrofilmləri saxlamaq üçün hovuzdan ibarət kimi təsvir edilir.

Mikrofilmlərə yazılmış informasiya tez seçilib ekranda göstərilə bilirdi. Eyni mövzu üzrə müxtəlif sənədləri nəzərdən keçirən istifadəçi assosiativ düşüncəyə əsasən qeyri-ixtiyari olaraq müəyyən əlaqə formalaşdırır və bu da insan yaddaşını əhəmiyyətli dərəcədə genişləndirir.

"Memeks" sistemi müasir hipermətnə çox yaxın idi. 60-cı illərdə T.Nelson "hipermətn" terminini daxil edərkən V.Buşa minnətdarlığını bildirmiş və "Buş haqlı imiş" demişdi.1955-ci ildə V.Buş təqaüdə çıxıb, 1974-cü il, iyun ayının 28-də isə dünyasını dəyişib.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL