waplog

İnformasiya təhlükəsizliyi sahəsində Litva təcrübəsi öyrənilir


AMEA İnformasiya Texnologiyaları İnstitutunda Litva Respublikası kommunikasiyanın tənzimlənməsi üzrə səlahiyyətli orqanının Şəbəkə və İnformasiya Təhlükəsizliyi Departamentinin direktoru Ritis Rayns ilə görüş keçirildi. Tədbir İnternetin təhlükəsizliyinin təmini, müvafiq beynəlxalq qurumların informasiya təhlükəsizliyi sahəsindəki siyasəti, beynəlxalq təcrübə, mövcud problemlərdən çıxış yolları və digər məsələlərin müzakirəsinə həsr olunub.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev müasir dövrdə mühüm rol oynayan İnternet şəbəkəsinin təhlükəsizliyinin təmininin böyük əhəmiyyət kəsb etdiyini bildirib. İnternet və informasiya təhlükəsizliyinin təmini istiqamətində AMEA İTİ tərəfindən görülən işlərdən söhbət açıb. CERT komandasının təşkili ilə bağlı aparılan işlər haqqında məlumat verib.
 
R.Əliquliyev təhlükəsiz İnternetin formalaşmasının hüquqi aspektlərinin işlənməsinin, milli normativ-hüquqi bazanın formalaşdırılmasının vacibliyini vurğulayıb. Bu məsələnin ayrı-ayrı ölkələr kontekstində deyil, qlobal informasiya təhlükəsizliyi kontekstində nəzərdən keçirilməsinin zəruriliyini qeyd edib. Azərbaycanda milli informasiya infrastrukturunun qurulmasının vacibliyini qeyd edərək bu sahədə beynəlxalq təcrübədən yararlanmağın zəruriliyini xatırladıb.
 
R.Rayns İnternet və informasiya təhlükəsizliyinin təminində beynəlxalq əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Böyük təcrübəyə malik müxtəlif müvafiq elmi qurum və təşkilatlarla əməkdaşlığın səmərəliliyindən söhbət açaraq bu əlaqələrin dinamik inkişafının mühüm innovativ nəticələrin əldə olunmasına xidmət etdiyini söylədi. Qloballaşma proseslərinin vüsət aldığı dövrdə haker hücumları, virus və zərərli proqramlarla mübarizə, kibercinayətkarlıq kimi mövcud problemlərin həllinə innovativ yanaşmanın tələb olunduğunu qeyd etdi.

Qonaq Litvada qəbul edilən dövlət proqramları, həyata keçirilən layihələr haqqında məlumat verib. Kibertəhlükəsizlik üzrə Milli Strategiyanın da hazırlandığını nəzərə çatdıran R.Rayns kibercinayətkarlıq mövzusunun təhlükəsizlik məsələlərində önəmli yer tutduğunu bildirib. Departament direktoru şəbəkə və informasiya təhlükəsizliyinin təmini sahəsində innovativ və rəqabətədavamlı xidmətlərin göstərilməsinin mühüm şərtlərdən olduğunu vurğulayaraq bu sahədə istənilən dəstəyin göstərilməsinə hazır olduqlarını deyib.
 
Daha sonra qonaq AzScienceNet monitorinq və təhlükəsizlik xidməti, Az-CERT komandasının fəaliyyəti ilə yaxından tanış olub və informasiya təhlükəsizliyi problemləri ilə məşğul olan beynəlxalq qurumlarla sıx əməkdaşlıq edilməsinə dair tövsiyələrini verib.  


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL