waplog

İKT texnologiyalarının təhsilə təsiri araşdırılır


Təhsil Nazirliyinin sifarişi ilə Təhsil Problemləri İnstitutu (TPİ) bu il təlim prosesində yeni pedaqoji və informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin elmi əsaslarının araşdırılmasına başlayıb. Yeni texnologiyaların təlimin keyfiyyətinə təsiri də bu ilin əsas tədqiqat mövzularındandır.
 
İKT-nin tətbiqi hər fənn üzrə istifadə oluna bilərmi?
 
Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabovun sözlərinə görə, tədqiqat mövzularını təhsildə yeni məzmun yanaşması gündəmə gətirib: ”2011-2012-ci tədris ilindən artıq ölkənin təhsil sistemində yeni məzmun - yeni fənn kurrikulumları tətbiq olunur. Belə ki, dünya təcrübəsi əsasında kurrikulumun nəticə yönümlü, şəxsiyyətə istiqamətlənmiş Azərbaycan modeli yaradılıb”.

Bu modelə əsasən, ümumtəhsil məktəblərini başa vuran şəxsiyyətlərdə formalaşdırılacaq bacarıqlar əvvəlcədən müəyyənləşdirilir: ”Bu bacarıqların formalaşdırılması təhsilin hər pilləsi və ayrılıqda hər fənn üzrə “nəyi, nə üçün və necə” suallarına cavab verməklə hazırlanır. Məhz “necə” sualı yeni məzmunun öyrədilməsi zamanı hansı texnologiyalardan, hansı yeni yanaşmalardan və metodikalardan istifadə olunmasının vacibliyini özündə əks etdirir.

Burada müəyyənləşdirilir ki, öyrədənlər, yəni müəllimlər fənlərin xarakter xüsusiyyətlərini nəzərə alaraq, müəyyən fənlərin tədrisində hansı yeni təlim texnologiyalarından istifadə edə bilərlər və burada İKT-nin tətbiqi bir nömrəli məsələ kimi qarşıya qoyulur.

Ancaq İKT-nin tətbiqi də o demək deyil ki, fənlər üzrə bütün mövzuların tədrisində ondan istifadə olunmalıdır. Bu, bir qədər absurd görünər. Bu baxımdan, nazirliyin sifarişi ilə təlim prosesində İKT-dən istifadənin elmi əsaslarının əsaslandırılması üçün qarşıya müvafiq tədqiqat mövzuları qoyulub”. 
 
 İnformatikanın birinci sinifdən tədrisi Azərbaycanın təhsil sisteminin uğurudur
 
TPİ rəhbəri deyir ki, ənənəvi təhsildən sürətlə uzaqlaşan müasir təlim-tədris prosesi də qarşıya yeni tələblər qoyur: ”Köhnə təsəvvürlərimizə əsaslansaq, əvvəllər təhsil öyrədənlə öyrənənin, yəni müəllim-şagird münasibətlərinin bərqərar olduğu sistemdə həyata keçirilirdi. İndi bu təlim prosesinə üçüncü amil – informasiya-kommunikasiya texnologiyaları da daxil olub.

Bununla da ortaya “Bu üçlük arasındakı münasibətlər necə formalaşmalıdır”, “Onların pedaqoji-psixoloji əsasları necə işlənilməlidir” kimi suallar çıxır ki, hazırda da tədqiqatlar məhz bu problemlər əsasında davam etdirilir”.

Direktorun sözlərinə görə, tədqiqatın nəticələri tədris ilinin sonuna qədər davam edəcək: ”Oktyabr-noyabr aylarında biz tədqiqatın nəticələri barədə Təhsil Nazirliyinə hesabat verəcəyik. İnformatikaya gəlincə, bu fənnin tədrisinə birinci sinifdən başlanması Azərbaycanın təhsil sisteminin uğurlarındandır. Dünyada bir-iki ölkə tapmaq olar ki, bu fənn birinci sinifdən tədris olunsun. Bizdə də bu fənnin təris olunması üçün yeni kirrikulumlar hazırlandı və düşünürəm ki, bu iş hazırda çox böyük müvəffəqiyyətlə yerinə yetirilir”. 
 
 Təhsildə informasiya texnologiyaları üzrə mütəxəssislərə tələbat güclüdür
 
A.Mehrabovun fikrincə, kadr potensialı da təhsildə İKT-nin səmərəli tətbiqini şərtləndirən əsas amillərdəndir: ”Ancaq söhbət yalnız təhsil sisteminin informasiyalaşdırılmasından, yəni maddi-texniki bazanın gücləndirilməsindən getmir. Eyni zamanda da, ondan səmərəli istifadə diqqətdə olmalıdır. Çox təəssüflər olsun ki, hazırda informatika müəllimlərinə olan ehtiyac həddindən çoxdur.

Yəni informatika, elektron sistemi, tədris prosesini yaxşi bilən, pedaqoji təhsili olan proqramçılara, informasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssislərə tələbat güclüdür. Tələbatı nəzərə alaraq, hazırda bu sahədə ali təhsil müəssisələrimizdə kadrların hazırlanması aparılır”.

Direktor hesab edir ki, təhsil müəssisələrində informatika müəllimlərinə olan tələbatı ödəmək üçün ilk növbədə ali və orta, peşə ixtisası təhsil sistemində müəllimlərin hazırlıq səviyyəsi, peşəkarlığı artırılmalıdır: ”Hazırda yeni fənn kurrikulumlarının tələblərinə uyğun ilkin pedaqoji kadr hazırlığında informatika fənni üzrə çox ciddi işlər aparılır. Amma məsələ tam təmin olunmayıb. Gələn ildən yeni fənn kurrikulumlarının tətbiqi beşinci sinifdən başlayacaq. Azərbaycan təhsil sistemində bu istiqamətdə də kadr hazırlığı gedir”. 
 
 ”İnformatika müəllimliyinə marağın azalmasından söhbət gedə biıməz, amma...” 
 
 A.Mehrabov bəzi təhsil mütəxəssislərinin səsləndirdiyi informatika müəllimliyinə marağın azalması fikirləri ilə də razılaşmır: ”İnformatika müəllimliyinə marağın azalmasından söhbət gedə bilməz. Yaxşı informatika müəllimlərinə çox böyük ehtiyac var. Bizim də əsas məqsədimiz informatika sahəsində ilkin müəllim hazırlığı üzrə kadrların səviyyəsinin yüksəldilməsidir. Təəssüf ki, hazırda ali təhsil müəssisələrimizdə bu kadr hazırlığının keyfiyyətinin artırılmasına da çox böyük ehtiyac var”.

“İnfomas” İctimai Birliyinin sədri,  Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə də İKT-nin inkişafında əsas problemi bu sahədə kadr hazırlığı, mütəxəssislərin yetişdirilməsində görür. Onun fikrincə, İKT üzrə mütəxəssislər əksər hallarda nə kəmiyyət, nə də keyfiyyət tələblərinə cavab verə bilmirlər. Mütəxəssis bunun səbəbini isə hazırlıq proqramları və metodların müasir dövrlə lazımi qədər ayaqlaşmaması ilə izah edir.

Birlik sədri bu sahədə ciddi irəliləyişə nail olunması üçün kadr hazırlığına orta ümumtəhsil məktəblərindən başlanmasını vacib sayır: ”İlk növbədə, orta məktəblərdə bütün pedaqoqlar informatika barədə məlumatlı olmalı, bu sahəni yaxşı bilməlidirlər. Düzdür, öz işinə layiqincə yanaşan məktəblərimiz, müəllimlərimiz də var. Amma unutmuşuq ki, ilk növbədə informatika müəllimlərinin elmi səviyyəsini qaldırmaq lazımdır. Çünki məhz onlar məktəbdə informasiya-texnologiya sahəsinin özəyi hesab olunurlar”.

Bununla yanaşı, R.Mahmudzadə hesb edir ki, başqa fənn müəllimlərini də informasiya-texnologiyalarına öyrənməyə təhrik etmək lazımdır: ”Amma informatika müəllimlərinə bu, daha yüksək səviyyədə və xüsusi olaraq öyrədilməlidir. Çünki informatika elə bir fəndir ki, gündən-günə inkişaf edir, bu gün bildiklərimiz bir aydan sonra tamamilə dəyişir. Ona görə də, informatika müəllimləri vaxtaşırı seminarlara getməli, biliklərini yeniləməli, artırmalıdırlar”.

Növbəti addımda isə ali məktəblər kompyuter elmlərinə qarşı yanaşmalarını və bununla bağlı proqramlarını dəyişməlidirlər: ”Nədənsə, bəziləri düşünürlər ki, kompyuter elmləri yazı mətni yığmaqdan ibarətdir.

Ali məktəblərə keçirilən qəbul imtahanlarında da informatikadan heç bir sual olmadığından məktəblilər bu fənnə o qədər əhəmiyyət vermirlər. Ona görə də məktəblilərin alqoritmik biliyi sıfır dərəcəsindədir. Əgər ali məktəblərdə tələbələrə alqoritmik dərslər gərək olduğu qədər və lazımi səviyyədə tədris olunarsa, tələbələr tədricən bu biliklərə yiyələnərək, nəhayət, dördüncü kursda müəyyən qədər hazırlıqlı ola bilərlər”.
 
Təlim prosesində İKT-dən istifadə ilə bağlı monitorinq aparılacaq
 
Təlim prosesində informasiya-kommunikasiya texnologiyalarından istifadəyə və onun təhsilə təsirinə gəlincə, Təhsil Problemləri İnstitutunda Tətbiqi Tədqiqatlar Mərkəzində Tədqiqatların İKT təminatı şöbəsinin müdiri Ruhiyyə Mehdiyeva bunun üçün monitorinq aparılacağını deyir.

Monitorinqi aparmaq üçün isə təhsil müəssisələrinin rəhbərliyi, texniki heyət, müəllim və şagirdlər arasında anket sorğularından istifadə olunacaq: ”Sorğunun əsasən aprel-may aylarında həyata keçirilməsi nəzərdə tutulub. Amma bu müddətdə reallaşdırmaq mümkün olmazsa, sorğunun yeni tədris ilinin əvvəlində aparılması da gözdən keçirilir”. 

Keçənilki araşdırmaların nəticələrindən də söz açan R.Mehdiyeva ötən il informatika fənninin tətbiqi ilə bağlı yalnız Bakı şəhəri üzrə nazirliyin sifarişi ilə tədqiqatlar aparıldığını deyir: ”Eyni zamanda, biz İKT-nin ümumtəhsil məktəblərinə tətbiqi ilə də maraqlandıq. Məlumdur ki, hazırda məktəblər kompyuter avadanlıqları ilə təmin olunub. Amma ondan nə dərəcədə səmərəli istifadə olunur? Bu sualın cavabını ötənilki tədqiqatlarımızda da araşdırmağa çalışdıq.

Araşdırmalar göstərdi ki, bütün fənn müəllimləri tədris prosesində informasiya-kommunikasiya texnologiyalarından istifadə edirlər. Demək olar ki, müəllimlərin 70-90 faizi İKT-nin tədrisə tətbiqindən müsbət nəticələr əldə ediblər”. Şöbə müdirinin sözlərinə görə, hazırda əksər müəllimlər dərslərini fəal təlimlər üzərində qururlar: ”Bu gün təhsildə İKT-nin tətbiqinin nəticələri qənaətbəxşdir. Hazırda İKT-nin tətbiqi ilə bağlı informatika müəllimlərinin də nüfuzu xeyli qalxıb.

Slaydların tərtibatı ilə bağlı müxtəlif fənn müəllimlərinin informatika müəllimləri ilə əməkdaşlığı daha da güclənib. Ona görə də informatika müəllimləri proqramlaşdırmanı mükəmməl bilməlidirlər ki, tədris prosesində digər müəllimlərə də kömək edə bilsinlər”. İnformatika müəllimlərinin bilik səviyyələrinin yüksəldilməsi üçün başqa vacib məqamlara da toxunan R.Mehdiyevanın fikrinə görə, onların bacarıqlarının artırılması üçün mütəmadi kurslar təşkil olunmalıdır: ”Təbii ki, informatika müəllimləri öz sahələrini bilirlər.

Düzdür, bacarıqlı, daim axtarışda olan və öz üzərində işləyən müəllim bacarıqlarını həmişə artırır. Amma texnologiyalar o qədər sürətlə inkişaf edir ki, müəllimlərin yeni texnologiyalarla tanış olmaları və onlar barədə daimi məlumatlanmaları üçün belə kursların təşkili mütləqdir. Hesab edirəm ki, informatika müəllimləri 6 ay və ya bir ildən bir kurslardan keçməlidirlər. Onlar daim məlumatlanmalıdırlar ki, bacarıqları da müsbət inkişafa doğru getsin”.  
 
 
Həqiqət İSABALAYEVA



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL