waplog

2020-ci ildə sığorta-pensiya sistemi tam avtomatlaşdırılacaq


2012-ci ilin 1 aprel tarixinə 1 milyon 978 mindən artıq sığortaolunana  sosial sığorta nömrəsi verilmiş, onlar üçün fərdi hesab açılıb ki, bunlardan 12 min 297 nəfəri xarici ölkələrin vətəndaşıdır. Pensiya və müavinətlərin ödənişi avtomatlaşdırılıb. Hazırda pensiya ödənişi aparılan pensiyaçıların şəhərlərdə 100 faizinin, kənd yerlərində 99 faizinin, ümumilikdə isə 99,4 faizinin pensiyasının plastik kartlarla ödənilməsi təmin olunub.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) maddi-texniki bazası tamamilə yenidən qurulub,  fondun bütün orqanlarında müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri yaradılıb. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə “Sığorta-pensiya sistemi” mövzusunda keçirilən “dəyirmi masa”da məlumat verib.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar baş tutan tədbirdə S.Müslümov bildirib ki, respublika prezidentinin 2011-ci il noyabrın 29-da imzaladığı sərəncamla müvafiq dövlət orqanlarına ölkəmizin gələcək inkişafının əsaslarını müəyyənləşdirəcək “Azərbaycan 2020: gələcəyə baxış” Konsepsiyasının hazırlanması tapşırılıb: ”Fond tərəfindən Azərbaycanın sığorta-pensiya sisteminin gələcək inkişafı strategiyasının müəyyənləşdirilməsi məqsədilə bir sıra layihələr çərçivəsində aktual tədqiqatlar təşkil olunub.

Тədqiqat müasir dünyada sığorta-pensiya sistemlərinin səmərəliliyinin qiymətləndirilməsi üzrə standart indukativ göstəricilər əsasında təşkil edilib. Beynəlxalq maliyyə və tədqiqat qurumlarının qəbul etdiyi metodiki tövsiyələr əsasında Azərbaycanın sığorta-pensiya sisteminin qiymətləndirilməsi aparılıb, 2020-ci və  2040-cı illər üçün sığorta-pensiya sisteminin inkişafı üzrə fərqli ssenarilər, mövcud risklər və onların qarşılanması üçün alternativlər verilib. 

“Azərbaycan 2020: gələcəyə baxış” Konsepsiyasının hazırlanması üçün verilən tapşırıq və tövsiyələrə uyğun olaraq, həmin tədqiqatlarda 2020-ci ilədək olan dövr xüsusi diqqətə alınıb”. Sədr 2020-ci ildə Azərbaycanın sığorta-pensiya sisteminin sığortaedənlər, sığortaolunanlar və pensiyaçılara münasibətdə hədəflənən fəaliyyətə də toxunub.

Belə ki, sığortaedənlərə münasibətdə sığortaedənlərin qeydiyyatı tam avtomatlaşdırılır. Sığortaolunanlar dövlət sosial sığorta sistemində avtomatlaşdırılmış qaydada uçota alınır. Məcburi dövlət sosial sığortası üzrə hesabatların və məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatların elektron qaydada ötürülməsi və qəbulu həyata keçirilir. Sığortaedənlərdə audit elektron qaydada aparılır, inzibati nəzarət ictimai nəzarətlə əvəzlənir.

Sığortaolunanlara münasibətdə fərdi hesablarında toplanmış sosial sığorta haqlarının məbləği barədə müxtəlif vasitələrlə (Dövlət Sosial Müdafiə Fondunun internet saytı, müştəri xidmətləri şəbəkəsi, rəsmi bildiriş və s.) məlumat almaq imkanına malik olur, nəticədə hər bir işləyən şəxs öz gələcək pensiya təminatı naminə sosial sığorta haqlarının tam və vaxtında ödənilməsinə nəzarət etmək imkanı əldə edir.

Fondun saytında fəaliyyət göstərən elektron xidmətlər bölməsi vasitəsilə öz gələcək pensiyasının məbləğini elektron qaydada hesablamaq imkanına malikdir: ”Məcburi dövlət sosial sığorta haqlarının müəyyən hissəsi sığortaolunanların yığım hesablarına yönəldilir. Qeyri-dövlət pensiya fondları sığortaolunanların fərdi yığım hesablarında toplanan vəsaitlərin idarə olunmasında iştiraka cəlb edilir”.

S.Müslümov bildirib ki, pensiyaçılara münasibətdə isə vətəndaşın pensiya təyinatı üçün hər hansı sənəd təqdim etməsinə ehtiyac qalmır və yalnız ona pensiya təyin edilməsi üçün müvafiq  müraciətini elektron qaydada (istədikdə poçt vasitəsilə) fonda ünvanlayır: “Yaşa görə pensiya üçün tələb olunan şəxsiyyət vəsiqəsi barədə məlumatlar Fondla Daxili İşlər Nazirliyi arasındakı elektron əlaqə ilə təmin olunur, sosial sığorta şəhadətnaməsi və  digər sosial sığorta parametrləri barədə məlumatlar isə fondun mərkəzi məlumat sistemində olur.

Əlilliyə görə pensiya üçün DSMF ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasındakı elektron əlaqə ilə əlillik qrupunun verilməsi barədə müvafiq məlumatlar alınır, digər məlumatlar isə fondun mərkəzi məlumat bazasından götürülür.

Ailə başçısını itirməyə görə pensiya üçün fondla Ədliyyə Nazirliyi arasındakı elektron əlaqə ilə vəfat etmiş şəxs barədə və ya onun ailə üzvləri barədə məlumat əldə edilir, digər müvafiq məlumatlar isə fondun mərkəzi məlumat bazasından götürülür. Vətəndaşların elektron müraciətləri əsasında pensiya təyinatı avtomatlaşdırılmış qaydada vahid mərkəzdən aparılır.

Təyin olunmuş pensiyaların avtomatlaşdırılmış ödənişini təmin etmək üçün fonddan vətəndaşın yaşadığı ərazi üzrə tenderin qalibi kimi ödəniş xidmətini həyata keçirən bank şöbəsinə pensiyaçıya plastik kartın hazırlanaraq təhvil verilməsi barədə elektron göstəriş göndərilir.

Pensiya təyinatı aparıldıqdan sonra pensiyaçıya təyin olunmuş pensiyasının məbləği və avtomatlaşdırılmış ödəniş üçün plastik kartın hansı ödəniş təşkilatından təhvil götürülməsi barədə elektron poçt (əgər vətəndaşın e-mail ünvanı varsa) və adi poçt vasitəsilə rəsmi məlumat verilir. Pensiyaların hesablara köçürülməsi hər ay eyni gündə mərkəzləşdirilmiş şəkildə aparılır. Sığortaolunanların fərdi yığım hesablarında toplanan vəsaitlər pensiyalarının artımına yönəldilir”.

S.Müslümov bəyan edib ki, beləliklə, 2020-ci ildə Azərbaycan sığorta-pensiya sistemində vətəndaşla fondun əməkdaşları arasında birbaşa əlaqə (kontakt) yarada bilən bütün hallar aradan qaldırılacaq: ”Həm sığortaedənlərin uçota alınması, məcburi dövlət sosial sığorta haqlarının hesablanması, ödənilməsi, fərdi uçotunun aparılması, fərdi şəxsi hesablardan müvafiq məlumatların əldə edilməsi, Fond tərəfindən bu proseslərə audit və digər vasitələrlə nəzarət edilməsi, həm pensiyaların təyin olunması, həm də onların ödənişi tam avtomatlaşdırılır”.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL