waplog

Azərbaycanda ilk dəfə olaraq elmin qiymətləndirilməsi üçün milli indeks yaradılacaq


R.Əliquliyev: "Elm-kompyuter şəbəkəsinə 2150 fərdi kompyuter qoşulub "
 
"Hal-hazırda "AzScienceNet" Elm-kompyuter şəbəkəsinə (EKŞ) 2150 fərdi kompyuter qoşulub. Onun sayəsində AMEA-da olan bütün kompyuterlər yüksəksürətli internetlə təmin edilib. Bu gün internetə çıxış sürəti 147 Mb/san-yə bərabərdir və sürətimiz məhdud deyil. İnstitutda mövcud olan monitorinq xidmətlərimiz tərəfindən müntəzəm olaraq AMEA-nın istehlak sürəti qiymətləndirilir".

Bu barədə "Rabitə dünyası"na AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) direktoru R.Əliquliyev məlumat verib. Onun sözlərinə görə, "AzScienceNet" adi provayder funksiyası daşımır: "O, AMEA-nın bütün qurumlarını, institutlarını, şöbələrini əhatə edən daxili kompyuter şəbəkələri - korporativ, lokal, intranet və s. kimi xüsusiyyətləri özündə daşımaqla, çox mürəkkəb və gözəl infrastruktura malikdir. "AzScienceNet"-in əhatə dairəsi genişdir. Hazırda Elm-kompyuter şəbəkəsinin Naxçıvan və Gəncədə qovşaqları var".  
 
EKŞ – "Elektron Azərbaycan"ın bir seqmenti kimi
 
AMEA Korporativ şəbəkəsinin əsasında "AzScienceNet"-in yaradılması və inkişaf etdirilməsi zəruriyyətindən danışan İTİ direktoru bildirib ki, EKŞ respublika prezidenti tərəfindən qəbul edilmiş "Azərbaycan Respublikasında 2009–2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı" və "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı"ndan (Elektron Azərbaycan) irəli gələn tapşırıqları icra etmək məqsədilə yaranıb: "EKŞ respublikamızda formalaşan E-Azərbaycanın bir seqmenti olan E-elmin şəbəkə platforması və infrastrukturudur.

  "AzScienceNet" Azərbaycan elmi qurumlarının Azərbaycan Milli Elmlər Akademiyası korporativ şəbəkəsi əsasında yaradılmaqda olan, ərazicə paylanmış, desentalizə olunmuş idarəetməyə malik korporativ şəbəkədir. AMEA internet şəbəkəsinin yaradılması 1991-ci ildə Avropa Akademiya və Tədqiqat İnstitutları Kompyuter Şəbəkələrinin (EARN) Azərbaycan qovşağının yaradılması ilə başlanıb.

1993-cü ildə AMEA-nın əsas binasında respublikada ilk dəfə olaraq internetin birinci Azərbaycan qovşağı yaradılıb. Bu qovşaqda texniki və proqram təminatlarının durmadan inkişaf etdirilməsi, internetlə əlaqə kanalının sürətinin artırılması sayəsində Akademiya şəhərciyində yerləşən bütün institut və təşkilatların internetə qoşulmasına şərait yaradılıb".

Bununla yanaşı, AMEA-nın Rəyasət Heyətinin və ona yaxın məsafədə yerləşən dövlət təşkilatlarının internetə qoşulmağa artan tələbatlarını təmin etmək üçün AMEA Rəyasət Heyəti binasının birinci mərtəbəsində internetin ikinci Azərbaycan qovşağı yaradılıb. Bu qovşaqlar arasında birbaşa ayrılmış telefon xətti ilə əlaqə yaradılması nəticəsində respublikada ən geniş infrastruktura malik internet şəbəkəsi fəaliyyətə başlayıb.

Beləliklə, birinci qovşaq AMEA-nın əsas binasını, Akademiya şəhərciyində yerləşən və ona yaxın olan bütün institutları, ikinci  qovşaq isə AMEA-nın Rəyasət Heyətini, onun bölmə və şöbələrini əhatə edib. AMEA-nın uzaqda yerləşən institutları və bir çox dövlət təşkilatları hər iki qovşağa Dial-Up rejimində telefon xətləri vasitəsilə birləşdirilib.

2009-cu ildən AMEA internet şəbəkəsinin növbəti inkişaf mərhələsi olan "AzScienceNet" korporativ şəbəkəsinin yaradılması işlərinə başlanıb. "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nda qoyulmuş tələblərdən biri kimi, qarşıya elmi fəaliyyətin müasir İKT əsasında yenidən qurulması və inkişaf etdirilməsi məsələsi də qoyulub.

Göstərilən məsələnin yerinə yetirilməsi üçün elmi fəaliyyətlə məşğul olan elmi müəssisə və təşkilatların lazımi informasiya-kommunikasiya infrastrukturunu, yüksəksürətli internet şəbəkəsi ilə elmi-texniki informasiya və hesablama resurslarına çıxışını yaratmaqla təmin edilməsi davam etdirilir.

Təkcə AMEA institutlarının deyil, ümumiyyətlə, respublikanın elmi qurumlarının fəaliyyətinin səmərəliliyini yüksəltmək üçün onların müasir İKT-nin tətbiqi ilə yenidən qurulması və vahid onlayn elmi infrastrukturun formalaşdırılması diqqət mərkəzindədir. R.Əliquliyev bildirib ki, AMEA internet şəbəkəsinin yaradılması və təşəkkülündə İnformasiya Texnologiyaları İnstitutu ilk günlərdən bilavasitə iştirak edib, bu sahədə əsas təşəbbüslərin müəllifi olub.
 
Şəbəkə "elm-tədris-innovasiya" üçbucağı əsasında qurulur
 
R.Əliquliyev şəbəkənin əhatə dairəsinin getdikcə genişləndirilməsi zərurətinə də toxunub: "Elm-tədirs-innovasiya mühitinin yaradılması, elmi-texnoloji parkın formalaşdırılması üçün onun fəaliyyəti bir qədər də genişləndirilməlidir. Ona görə də qərara alındı ki, "AzScienceNet"-in iş prinsipi elmi-texnoloji parkın fəaliyyətinə uyğunlaşsın.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da dəfələrlə şəbəkənin "elm-tədris-innovasiya" üçbucağı əsasında qurulmasını tövsiyə edib. Ümumiyyətlə, bu gün institut öz fəaliyyətini keçmişdəki kimi apara bilməz. Texnoparkların da fəlsəfəsi belədir ki, alınmış biliklər innovativ üsullarla tətbiq edilməli, bu üsullar tədris prosesində yayılmalıdır.

Beləliklə, digər istiqamətləri də özündə birləşdirən institut hazırda elmi araşdırmalar aparır, innovativ, eləcə də tədris innovasiya mərkəzi kimi fəaliyyət göstərir. Eyni zamanda, institutumuzun və AMEA-nın tələbatını ödəmək məqsədilə Multimedia Mərkəzi yaratmışıq.

Beləliklə, institut kənardan yalnız "institut" kimi görünsə də, daxilində 5 müstəqil - maliyyələşmə, mükafatlandırma, idarəetmə mexanizmləri fərqli, amma eyni institutun tərkibində koordinasiya olunan mərkəzə malikdir ki, bunlar da ümumilikdə texnoparkların ideologiyasına uyğun olaraq təkmilləşdirilib".
 
"AzScienceNet" mürəkkəb məsələlərin qısa zaman ərzində həllinə dəstək verən hesablama xidmətlərinə başlayıb
 
İTİ direktoru qeyd edib ki, "AzScienceNet" YUNESKO-nun Xüsusi komissiyasının tövsiyəsi ilə AMEA-nın üzvlüyü çərçivəsində TERENA-da (Trans-European Research and Education Networking Accociation – Trans-Avropa Elmi-Tədqiqat və Təhsil Şəbəkəsi Assosiasiyası) qeydiyyata alınıb.

Onun istismarı, idarə olunması və inkişafı AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən həyata keçirilir: "TERENA qarşımıza məqsəd qoydu ki, mütləq kompyuter insidentlərinə qarşı operativ reaksiya verən fövqəladə komanda yaratmaq lazımdır.

O komanda yaradıldı, orada qeydiyyatdan, akkreditasiyadan keçdi, tam statuslu quruma çevrildi. Bu gün keyfiyyət göstəricilərinin yaxşılaşdırılması məqsədi ilə "AzScienceNet" yüksək imkanlara malik şəbəkə qurğuları və proqram məhsulları ilə təmin olunub. "AzScienceNet", eyni zamanda, AMEA İTİ tərəfindən aparılan müvafiq elmi-tədqiqat işləri və şəbəkə texnologiyaları sahəsində kadr hazırlığı istiqamətində eksperimental baza rolunu oynayır".

Bundan başqa, informasiya təhlükəsizliyi insidentlərinə operativ reaksiya verilməsi, bu haqda məlumatların toplanması, elmi-analitik araşdırmaların aparılması, müvafiq beynəlxalq qurumlarla qarşılıqlı əlaqələrin həyata keçirilməsi məqsədilə "AZ-CERT" qurumu yaradılıb və mərkəzləşdirilmiş antispam və antivirus servisləri təşkil olunub: "Elmi-tədqiqat müəssisələrində İKT-dən istifadə vəziyyətini müəyyənləşdirmək məqsədilə monitorinq keçirilib.

Həmçinin, "AzScienceNet"-in üzərində bütün hərəkət trafiklərinin monitorinqi, informasiya təhlükəsizliyi xidməti, virusların alınma yollarının aşkarlanması və s. istiqamətlərdə araşdırmalar aparır. Eyni zamanda, biz "AzScienceNet"-ə elmi laboratoriya kimi baxırıq.

"Elektron kitabxana"ya çıxış imkanları veririk. Biz Avropa Şurasının bəşəri sənədlərini əsas tutaraq, AMEA-da təsdiq olunmuş iki sənəd - "İstifadəçi siyasəti" və "Təhlükəsizlik siyasəti"ni yaratmışıq. Həmçinin, hesablama xidmətlərimiz də mövcuddur ki, burada məqsəd həlli çətin, mürəkkəb məsələlərin qısa zaman ərzində həllinə dəstək verməkdir".

Eyni zamanda, bu xidmət sayəsində yaddaş resurslarının toplanılması da həyata keçirilir: "Məsələn, əgər 50 min məchulu olan xətti tənliyi adi "İntel Pentium" 11 sutkada həll edərsə, bizim sistemimiz onu 12 dəqiqəyə həll edir. 10 milyon ədədin içərisindən sadə ədədlərin seçilməsi məsələsinə də baxmışıq.

Əgər fərdi kompyuter onu 18 saat 24 dəqiqə 15 saniyəyə edirsə, Data Mərkəz 8 dəqiqəyə həll edir və s. Hələlik bizim prosessorun gücü 1.4 teraflopsdur. Sistem 1 saniyədə 1,4 trilyon əməliyyat apara bilir. Yaddaş və Data Mərkəzində yaddaş 20.43 terabayta yaxındr. Artıq institut tərəfindən yaddaşın artırılması üçün müvafiq sifariş edilib. Payızda Data Mərkəzdə yaddaş 90 terabayt, sürət 3.3 teraflops olacaq və tədricən bu sürət artacaq".

İTİ direktoru qeyd edib ki, 2150 kompyuterin bu Data Mərkəzə qoşulması həmin qurumlara laboratoriyalarında rastlaşdıqları böyük yaddaş tələb edən resursların burada saxlanmasına imkan verir. İkinci tərəfdən, qurumlar tərəfindən tələb edilən istənilən sürətə və həmin tələbata uyğun olaraq, prossesorun sürətinin istifadəçilər arasında dinamik şəkildə paylanması mümkündür: "Beləliklə, biz Data Mərkəzi virtuallaşdıraraq, məntiqi hissələrə bölərək, "cloud" servislərinin başlanması istiqamətində iş aparırıq".
 
Milli istinad indeksinin yaradılması üzərində iş gedir
 
İTİ-nin fəaliyyətində digər hədəf "Thompson Reuters"-lə əməkdaşlıqdır. Belə ki, sözügedən şirkət Azərbaycanda öz reyestrini yerləşdirmək üçün tərəfdaş olaraq bir çox kriteriyalara cavab verən İTİ-ni seçib: "Onlar platformanı burada yaratmaq istəyirlər.

AMEA "Thompson Reuters"-ə rəsmi məktubla müraciət edib. RİTN, Təhsil Nazirliyi, AMEA tərəfindən qərara alınıb ki, onun reyestrlərini burada yerləşdirmək və Azərbaycan elm, təhsil ictimaiyyətinə açıq giriş verməklə tamamilə yaxşı imkan yaratmaq olar.

Bu da xeyli vaxt və məsrəflərə qənaət imkanı verəcək. Region, eləcə də elm, təhsil ictimaiyyəti üçün olduqca mühüm olan bu addım əhəmiyyətli yanaşmadır".
Digər addım Elmin İnkişafı Fondu tərəfindən irəli sürülən təşəbbüslə bağlıdır. Belə ki, ölkədə milli indeksin yaradılması üzərində işlərin aparılması nəzərdə tutulur: "Milli ideologiyaya xidmətin ölçülməsi üçün milli indeksin yaradılması zərurəti var. Dünya təcrübəsində dünya və milli kimi iki indeks mövcuddur.

Ölkənin milli elmi doktrinasını formalaşdırmaq, idarə etmək, daxildə qiymətləndirmək, onları yönəltmək, dünyada gedən islahatları onlayn mühitdə təmin etmək və s. kimi məsələlər prezidentin sərəncamı ilə bizim üzərimizə qoyulub.

Artıq yanvar ayından araşdırmalara başlamışıq. Elmin qiymətləndirilməsi, elmi metodologiya yeni anlayışdır. Beləliklə, milli istinad indeksinin yaradılması üzərində iş gedir. Onun konsepsiyasının hazırlanması üçün bizə 2 il vaxt verilib. Bu müddətdən sonra proqram dövlətə təqdim olunacaq. Bundan sonra onun reallaşdırılması üçün dövlət maliyyə vəsaiti ayıracaq".
 
 
Həqiqət İSABALAYEVA
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL