waplog

Kim Sabq-ook: “Azərbaycana “Elektron Hökumət” layihəsinin tətbiqi üçün qısa zaman lazım olacaq”


Xəbər verdiyimiz kimi Koreya Xarici İşlər və Ticarət  Nazirliyinin təklifi ilə Rabitə və İnformasiya  Texnologiyaları Nazirliyində Koreyanın Qara Dəniz İqtisadi əməkdaşlıq Təşkilatı əməkdaşlığı çərçivəsində "Elektron Hökumət" üzrə seminar keçirilib.

Seminarda Koreya tərəfindən nümayəndə heyətinin rəhbəri Hökumətin innovasiyası və mərkəzləşdirilməsi üzrə Prezident yanında "Elektron Hökumət" komitəsinin üzvü və əsas məsləhətçisi, Cunbuq Dövlət Universitetinin professoru cənab Kim Sanq-ook "Rabitə dünyası" qəzetinə müsahibə verib.

-Cənab Kim Sanq-ook ilk öncə Azərbaycana səfərinizlə bağlı təəssüratınızı bilmək istərdik.

- Azərbaycanla bağlı təəssüratım olduqca yüksəkdir. Ölkədə xüsusi inkişaf müşahidə olunur. Bu innovasiya yönümlü inkişaf üçün daha böyük nailiyyətlərin qazanılmasının başlanğıcıdır. Bu səfərimizin məqsədi Koreyanın qazandığı uğurları sizinlə bölüşmək və təcrübə mübadiləsi aparmaqdır.

-Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafı və "Elektron Hökumət" layihəsinin həyata keçirilməsi istiqamətində gördüyü işlər haqqında nə deyə bilərsiniz?

-Mən seminarda da söyləmişdim, Koreya "Elektron Hökumət" layihəsinin başlaması və indiki inkişaf mərhələsinə çatması üçün 30-35 il vaxt sərf edib. Ancaq Azərbaycanın "Elektron Hökumət" layihəsinin həyata keçirilməsi üçün göstərdiyi təşəbbüs onu deməyə əsasa verir ki, bunun üçün ölkənizə qısa zaman lazım olacaq.Yəni Azərbaycnada bu inkişaf çox sürətli gedir. Burada ilk öncə ölkə rəhbərliyinin göstərdiyi təşəbbüs alqışlanmalıdır. Məhz Prezidentin birbaşa bu işləri nəzarətə götürməsi və qısa zamanda uğurların əldə olunması təqdirəlayiq haldır. Bakıda keçirilən seminarda Azərbaycanın bütün dövlət qurumlarının nümayəndələrinin iştirak etməsi də bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir.

Texnika texnologiya sahəsində böyük işlər görmək olar, yəni istənilən avadanlıqların alınıb qurulmasında problem yoxdur. Bu inkişafın digər tərəfi kimi sosial sahə də  sürətlə inkişaf etdirilməlidir. Texnologiyanın sürətlə inkişafı "Elektron Hökumət" layihəsinin həyata keçirilməsi üçün əsas olduğu kimi sosial sahənin inkişafı üçün də güclü təkandır. Uğurlu layihə əldə etmək üçün sosial sahənin inkişafı istiqamətində  proqramlar qəbul olunmalıdır. Bildiyimə görə,  Azərbaycan da bu sahənin inkişafının diqqətdə saxlayır və müəyyən dövlət proqramları qəbul edilib.

Gənc və perspektivli xarici təhsilli informasiya texnologiyaları (İT) kadrlarının hazırlanması və onların sonrakı fəaliyyəti üzrə müəyyən işlər aparılır. Bütün bunlar yüksək səviyyədə qəbul olunur və təşəbbüslər alqışlanır. Koreyanın informasiya və kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlərin nümayiş etdirilmə və qarşılıqlı fikir mübadiləsi aparmaqla biz bu inkişafa dəstək olacağıq.

Biz çalışırıq ki, ölkəmizin bu inkişaf yolunda etdiyi səhvləri Azərbaycan etməsin. Biz bunun üçün məsləhətlərimizi də verəcəyik. Azərbaycanla Koreya bu sahədə birgə daha böyük uğurlar əldə edə bilər. Koreya "E-Hökumət" layihəsi dünyada dəfələrlə liderliyini sübut edib. Mən və mənim kimi bütün koreyalılar bununla öyünmür və hər şeyin başlanğıc səviyyədə olduğunu fikirləşirik. Dünyada ən müasir yeni nəsl texnologiyalar durmadan inkişaf edir və az qala bu inkişaf zamanı belə qabaqlayır.

Ona görə də ümumi səylərimizi birləşdirərək daha böyük uğur qazanmaq olar. Azərbaycan hökumətinə təklif edirəm ki, Azərbaycanla Koreya hökuməti növbəti nəsil  "Elektron Hökumət" layihəsinin yaradılması üçün birgə çalışsın. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycanda da qurumlar arasında əlaqə genişzolaqlı şəbəkə üzərindən aparılır. Bu Koreya ilə Azərbaycan arasında oxşarlığın bir nümunəsidir. Koreyanın on illiklər ərzində əldə etdiyi nailiyyəti Azərbaycan qısa zaman ərzində əldə edib. Bizim iki mərhələdə əldə etdiyimizi Azərbaycan bir dəfədə qazanıb.

- Koreya informasiya və kommunikasiya texnologiyalarının inkişafı, "Elektron Hökumət" layihəsinin yaradılması istiqamətində uğurları necə əldə edib?

-Koreyada "Elektron Hökumət" bir-birinə sıx bağlı olan 5 blokdan ibarətdir. Texnologiya, infrastruktur, məlumatların aydınlaşdırılması, xüsusi xidmətlər, inşaat bloku və hökumət strukturları ilə əlaqəli işlər burada cəmləşib. Bütün bunların mərkəzləşmiş şəkildə idarə edilməsi üçün "Biorem" adlanan xüsusi mərkəz də yaradılıb. Ən əsası isə bu istiqamətlərin ümumi işlərin koordinasiyası üçün vacib olan amil "E-Hökumət"lə əlaqədar qanunverciliyin olmasıdır. Koreyada həmçinin hesablama və informasiyaların toplanması üzrə Dövlət Agentliyi də mövcuddur.

 Koreyada "E-Hökumət" 4 mərhələdən keçərək indiki səviyyəyə çatrıb. Birinci mərhələ 1978-1996-cı illəri əhatə edir. Bu müddətin ilk 5 ilində bütün dövlət orqanlarının kompyuterləşdirilməsi işləri aparılıb. Bu illərdə bütün adminstrativ məlumatlar kağız texnologiyadan elektron formaya keçib. Bu ilk öncə səhiyyə, hərbi, daşınmaz əmlak, avtomobil, təhsil sahəsinin əhatə edib. Daha sonra digər sahələr də bura əlavə olunub.

Bu müddət ərzində Koreya "E-Hökumət" sahəsində daha böyük nailiyyətlər qazanmaq üçün araşdırmaları davam etdirib. Dediyim kimi 5 il ərzində kompyuterləşmə, internetə çıxış təmin olunmuşdursa, növbəti 5 ildə bütün məlumatların informasiyalaşdırılması işləri aparılmışdır. Bu mərhələdə bütün işləri sadə kompyuterdən internetə qədər  hər bir qurum özü aparıb. Bu işlər əvvəl o qədər də yaxşı nəticələnməyib. Pərakəndə şəkildə qurulan kompyuterlər problemlərlə də yadda qalıb. Qurumların bir-biri ilə əlaqələri yaxşı olmayıb.

İkinci mərhələ bir qədər təkmil şəkildə işlər həyata keçirilib ki, bu 1996-2000-ci illəri əhatə edir. Bu müddətdə Koreyada genişzolaqlı şəbəkənin qurulması üzrə işlər aparılıb. Bu müddətdə bütün dövlət qurumları ilə əlaqə genişzolaqlı şəbəkə üzərindən həyata keçirilib.Yüksək sürətli ötürmə təmin edilib.
2001-2002-ci illərdə Koreya "Elektron Hökumət" proqramının icrasına start verib.

Qeyd olunan  illər ərzində 11 layihə həyata keçirildi. Bu layihənin icrası üçün müxtəlif tədbirlər planı hazırlandı. 2003-2007-ci illərdə isə bu layihələrin sayı  31-ə çatmışdır. Üçüncü mərhələ əsasən dövlət strukturları ilə aparılan iş kimi yadda qalıb. Dördüncü mərhələ isə daha çox vətəndaşlar üçün nəzərdə tutulan elektron xidmətlərin göstərilməsi üçün şərait yaradılıb.

-"Smart Hökumət" layihəsi ilə bağlı vəziyyət nə yerdədir?

- Bildiyiniz kimi, "E-hökumət" proqramı üzrə həyata keçirilən sonuncu mərhələ isə "Smart Hökumət" layihəsidir. Bu sahədə də Koreya dünyada lider olmaq istəyir. "E-Hökumət" layihəsi tam şəkildə istifadə olunmur. Hələ də biz əhalinin bu layihədən tam şəkildə istifadəsinə nail olmamışıq. Buna baxmayaraq səylər artırılmalıdır. Bütün bunlara baxmayaraq, Koreya "E-Hökumət" layihəsi son 30 ildə dünyada birinci olaraq qalır.

 Hər beş ildən bir texnologiyada dəyişiklik olur. Buna görə də bizim planlarımız da dəyişir. Bir məqsədə çatmaq üçün 5 ildən bir planlarımızı da yeniləyirik. Nəsil dəyişir, vaxt gedir və zamanla addımlamalıyıq. Bu məqsədlə də "E-Hökumət" üzrə stabil bir proqramda da durmaq olmur. Ən vacib güclü məqsəd, güclü struktur olmalıdır.

 "E-Hökumət"in icra strukturu üzrə qeyd edim ki, bizdə  5 sahə üzrə-ictimai administrasiya, maliyyə, təhsil, müdafiə, sosial kompyuterləşmə və şəbəkələşmə işləri aparılıb. Biz artıq yeni səviyyəyə keçiddə qurumların müştərək xüsusiyyətlərini əsas götürməliyik. Birincisi ölkə rəhbərliyinin, bütün komitə, agentliklərin, ikinci isə özəl sektorun bu sahədə iştirakıdır. İnformasiya Dövləti quruculuğu bunların birgə koordinasiyasıdır və bunun üçün Dövlət Kompyuterləşmə Agentliyi təsis edilib.

 İndiyə qədər Koreyanın 5 istiqamət üzrə  şəbəkələrin qurulmasında bir neçə problemlər var. Ölkəmizin kompyuterləşməsi istiqamətində böyük səhvlər olub. Adi bir misal çəkim. Bəlkə də bu yerinə düşməyəcək. Ancaq dəqiq mahiyyətinə baxanda bizim mövzuya uyğun məsəldir. Təsəvvür edin, at arabasının təkərlərinin biri böyük, o biri kiçikdir.

Bu zaman at nə qədər sürətli getmək istəsə də alınmayacaq, çünki təkərlər yöndəmsizdir. "E-Hökumətin" qurulması istiqamətində də bütün məlumatlar sistemini atın daşıdığı arabaya bənzətmək olar. Bu təkərlərdən birinin cəmiyyət digərinin isə texnologiya kimi təsəvvür edin. Ölkədə texnologiya təkəri böyük olub cəmiyyət təkəri kiçik olduqda çalın -çarpazlıq əmələ gəlir.

Bu da problemlər yaradır. Yəni texnologiyanın inkişaf etməsi hər şey deyil. Məlumdur ki, cəmiyyət texnologiya qədər sürətlə inkişaf etmir.Bizdə bu layihələrə başlayanda belə problemlər yaranmışdır. Artıq bunlar yaddaşların dərinliklərində qalıb. Biz yeni inkişaf mərhələsinə hazırlaşırıq.Bu inkişafda Azərbaycan da bizimlə paralel addımlayır.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL