waplog

İKT-nin tətbiqi Azərbaycana dünyanın effektiv təhsil modellərindən birini qurmağa imkan verəcək


Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin (TSİİ) rəisi Samir Məmmədov "Rabitə dünyası" qəzetini Azərbaycanın təhsil sisteminin informasiyalaşdırılması prosesi  haqqında məlumatlandırdı.  
 
-"2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın icrasının yekunlaşmasına sayılı aylar qalıb. Bu müddətdə proqram qarşıya qoyulan məqsədlərin həllinə nail ola bilibmi?

-"2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində ilin sonuna kimi planlaşdırılan fəaliyyətləri yekunlaşdıraraq, 2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması prosesini başa vuracağıq. Əlbəttə, öz mürəkkəbliyinə və fəaliyyət istiqamətlərinin çoxşaxəliliyinə görə proqram bir çox ölkələrdə tətbiq olunan analoqlardan seçilir. Proqram təhsilin hərtərəfli informasiyalaşdırılmasına yönəlib və eyni zamanda, Azərbaycana bir sıra istiqamət üzrə yaxşı nəticələr əldə etməyə imkan verir.

Proqramın reallaşdırılması prosesində iki əsas məqsədə nail olduq. İlkin olaraq, dünya təcrübəsinə əsaslanan və informasiya texnologiyaları üzərində qurulan Milli Təhsil Modelinin formalaşması üçün bünövrə yaratdıq. İkincisi, bu bünövrə üzərində təhsilin sistemli informasiyalaşdırılmasına başladıq.

4 il ərzində təhsildə informasiya texnologiyalarının tətbiqi istiqamətində olan dəyişikliklər bir çox digər sahələrdən müsbət olaraq seçilir. Kadr hazırlığı, infrastrukturun inkişafı, elektron tədris resurslarının hazırlanması, elektron idarəetmənin tətbiqi və "Elektron məktəb" konsepsiyasının reallaşdırılması və bu proseslərin həyata keçirilməsi üçün zəmin yaradan zəruri normativ-hüquqi bazanın formalaşması kimi istiqamətləri əhatə edən dövlət proqramı faktiki olaraq, təhsil sistemində əsaslı dönüş yaratdı.

Artıq əminliklə demək olar ki, proqramın tətbiqi ilə təhsil sistemində sürətli sıçrayış üçün real "tramplin" yaradıldı. Əldə edilmiş nəticələrlə yanaşı, yaxın bir neçə il ərzində tətbiq olunan texnologiyaların təhsili nə dərəcədə dəyişdirəcəyinin şahidi olacağıq. Başlıcası odur ki, informasiya texnologiyaları bu dəyişikliklərdə məqsəd kimi deyil, alət kimi istifadə olunur. Dövlət proqramı çərçivəsində əldə edilən nəticələrimiz haqda qısa məlumat verim.

Artıq ümumtəhsil müəssisələrindən 1200-ü Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub. İstifadəçiləri və proqram təminatını bir mərkəzdən idarə etmək üçün TSİİ-nin nəzdində Məlumat və Resurs Mərkəzi (MRM) yaradılıb. İlin sonuna kimi şəbəkəyə qoşulan məktəblərin sayının 1600-ə çatdırılması planlaşdırılır.

Şəbəkə çərçivəsində "Vebsens" proqramının meyarları əsasında xüsusi filtrasiya sistemi məktəblərə verilən interneti zərərli informasiyalardan təmizləyir. Mərkəzləşdirilmiş antivirus proqram təminatı məktəblərdəki kompyuterlərdə avtomatik olaraq yeniləşdirilir. Şəbəkəyə qoşulmuş təhsil müəssisələri genişzolaqlı internetə çıxışla təmin olunub.  Hazırda respublikanın ümumtəhsil məktəblərinin 83 faizi, texniki-peşə müəssisələrinin 84 faizi, 56 dövlət orta ixtisas təhsil müəssisəsinin və ali məktəblərin hamısı kompyuter avadanlığı ilə təmin edilib.

Belə ki, hazırda respublikanın ümumtəhsil müəssisələrində 20 şagirdə 1 kompyuter, dövlət ali məktəblərində isə hər 28 tələbəyə 1 kompyuter düşür. İnformasiya texnologiyalarının təhsildə effektiv bir alət kimi istifadəsi "Elektron məktəb" layihəsinə qoşulmuş məktəblərdə daha qabarıq əks olunur. Layihəyə qoşulmuş 39 pilot təhsil müəssisəsindən 32-si ümumtəhsil məktəbidir. 2012-ci ilin sonunadək layihəyə qoşulmuş təhsil müəssisələrinin sayının 50-yə çatdırılmasını planlaşdırmışıq.

Tətbiq olunmuş proqram təminatından istifadə etməklə məktəb rəhbərliyi hər bir şagirdin davamiyyəti, müəllimin iş yükü, sinfin dərs cədvəli və jurnalı, habelə digər mühüm məlumatları ümumi verilənlər bazasından əldə edə bilər. Artıq növbəti dərs ilindən başlayaraq, "Elektron məktəb" layihəsinə qoşulmuş 20 məktəbdə kağız jurnalından elektron jurnal sisteminə keçid təmin olunacaq.

Qeyd edim ki, biz Akademik Zərifə Əliyeva adına orta məktəbdə və Avropa liseyində ilk dəfə bu sistemi müvəffəqiyyətlə təcrübədən keçirmişik. "Elektron məktəb" layihəsinin maraqlı funksiyalarından biri də Valideyn Nəzarət Sisteminin tətbiqidir. Bu sistem vasitəsilə valideynlər onlayn rejimdə övladlarının davamiyyəti ilə tanış ola bilərlər. Eyni zamanda, elektron jurnallara tətbiq olunan SMS Modul vasitəsi ilə valideynlər şəxsi mobil nömrələrinə övladlarının cari qiymətləndirilməsi barədə məlumat almaq imkanları var.

- İKT-ni tətbiq etməklə təhsilin idarə olunmasının təkmilləşdirilməsi də proqramda nəzərdə tutulan mühüm tədbirlərdən olub. Bu sahədə görülən işlər sizi qane edirmi?

- Təhsil idarə edilməsində informasiya texnologiyalarının istifadəsi qarşıda duran əsas vəzifələrdəndir. Bu istiqamətdə bir sıra zəruri proqram həlləri yaradılıb və müvəffəqiyyətlə tətbiq edilib. Məsələn, Milli Təhsil Məlumat Bazası (MTMB) təhsilin keyfiyyəti və obyektivliyinin monitorinqini həyata keçirmək üçün nəzərdə tutulan təhsil sistemi haqqında məlumat bazasıdır. MTMB vasitəsi ilə təhsil sisteminə aid olan 100 adda müxtəlif hesabatlar əldə etmək mümkündür.

Elektron Məktəb İdarəetmə Proqramı (EMİP) məktəb resurslarını, işçi heyətini və şagirdlərini idarə edə bilir və məktəbin işçi heyətinə məktəb fəaliyyəti haqqında cari, mərkəzləşdirilmiş məlumat əsasında qərar qəbul etməkdə yardım edir. EMİP məktəbin idarəedici heyətinə dəstək, bütün səviyyələrdə qərarların qəbul edilməsi, qiymətləndirmə, planlaşdırma, proqnozlaşdırma, monitorinq və nəzarət üçün  istifadə olunur.

Bu proqramda məktəb haqqında toplanan məlumat onlayn rejimdə Milli Təhsil Məlumat bazasına daxil olur. Beləliklə, proqram vasitəsilə həm məktəb haqqında məlumat əldə etmək, həm də məlumatları Milli Təhsil Məlumat Bazasına daxil etmək olur. Elektron Dərslər İdarəetmə Proqramı (EDİP)  vasitəsilə interaktiv multimedia materiallar, interaktiv bələdçilər, çalışmalar, imitasiyalar, testlər kimi müxtəlif təhsil məzmunu üçün idarəetmə və təqdimetmə dəstəyi təmin olunub. EDİP "virtual sinif otağı", "virtual kitabxana", "testləndirmə və qiymətləndirmə" kimi modullara malikdir.

Qeyd edim ki, elektron tədris resursların keyfiyyətinin qiymətləndirilməsi məqsədilə nazirliyin nəzdində fəaliyyət göstərən Elektron tədris resurslarının qiymətləndirilməsi şurası yaradılıb. Növbəti illərdə təhsilin informasiya texnologiyaları vasitəsilə idarəetməsini daha da təkmilləşdirməyi planlaşdırırıq. Bunun üçün "bulud" texnologiyalarının tətbiqi də nəzərdə tutulub.
 
- Pedaqoji kadrların İKT üzrə bugünkü hazırlığını necə qiymətləndirirsiniz?

- Proqram çərçivəsində bütün pedaqoji heyətin İKT üzrə savadlılığının artırılması əsas məqsədlərimizdəndir. İT-ni gündəlik tədrisdə istifadə etmək, XXI əsr vərdişləri konsepsiyasına əsaslanaraq, şagirdləri informasiya texnologiyaları vasitəsilə tədris prosesinə daha effektiv cəlb etmək müasir Azərbaycan müəlliminin əsas vəzifələrindəndir. Son 8 ildə ümumtəhsil məktəblərində 99962 nəfər müəllim İKT-yə dair xüsusi hazırlıq kursları keçib ki, bu da pedaqoji kadrların 63%-ni təşkil edir.

Növbəti illərdə bütün müəllimləri İKT hazırlığı təlimlərinə cəlb etməklə yanaşı, artıq təlimlərdə iştirak etmiş müəllimləri yenidən təkmilləşdirmə prosesinə cəlb etmək fikrindəyik. İT daimi yenilənmək xüsusiyyətinə malikdir və bu sahədə biliklərin də mütəmadi yenilənməsi zəruridir. Beləliklə, Azərbaycanda müəllimlərin İKT sahəsində biliklərinin daimi yenilənməsi modeli formalaşaraq, müvəffəqiyyətlə təhsil sistemimizin real inkişafına dəstək olacaq. 

- Görülən tədbirlərə baxmayaraq, bu gün müasir tədris texnologiyalarına məktəblərin əlçatanlığı baxımından şəhər və rayon məktəbləri arasında ciddi fərqlər özünü göstərir. Hər yeni texnologiyanın tətbiqinə Bakı məktəblərindən başlanmasını nəzərə alsaq, rayonlarda rəqəmli təhsil resurslarından tam səmərəli şəkildə bəhrələnmək imkanları məhdud olaraq qalır. Bu fərqliliyin aradan qaldırılması üçün hansı tədbirlərin həyata keçirilməsi səmərə verə bilər?

- Əsas məqsəd Azərbaycanın bütün regionlarında  təhsil müəssisələrinin informasiyalaşdırılmasını təmin etməkdir. Artıq qeyd olunduğu kimi, bu proqram çərçivəsində tam əhatə nəzərdə tutulmasa da, bərabərlik prinsipini əsas tutmuşuq.

Amma işimizi çətinləşdirən regionlarda infrastruktur problemləridir. Belə ki, Bakıda və digər iri şəhərlərdə internet infrastrukturu daha müasirdir. Bu isə təhsil müəssisələrini ATŞ-nə rahat qoşmağa imkan verir. Regionlarda infrastruktur probleminin olmasına baxmayaraq, biz orada da işimizi davam etdirmişik. Məsələn, ATŞ-nə qoşulan məktəblərin 68%-i və "Elektron məktəb" layihəsinə qoşulan 39 təhsil müəssisəsindən 12-si regionlarda yerləşir.

Qeyd edim ki, bəzi ucqar ərazilərdə yerləşən məktəbləri genişzolaqlı internet şəbəkəsi ilə təmin etmək üçün simsiz internet texnologiyalarından istifadə edirik. Faktiki olaraq, bu metod həmin məktəbləri ATŞ-nə qoşmağın yeganə yoldur. Beləliklə, biz mövcud texnologiyalardan səmərəli istifadə etməklə yaxın illər ərzində bütün təhsil müəssisələrini ATŞ-nə qoşacağıq.

Bu isə həmin məktəblərə şəbəkədə yerləşən elektron tədris resurslarından geniş istifadə etməyə, digər məktəblərlə internet vasitəsilə əlaqələr quraraq, veb-konfranslar keçirməyə, onlayn rejimdə bilik mübadiləsi aparmağa imkan verəcək. Faktiki olaraq, paytaxtda yerləşən məktəblə ucqar kənddə yerləşən məktəb arasında heç bir fərq olmayacaq. İnformasiyalaşdırmanın əsas məqsədlərindən biri də biliklərə çıxış üçün məhz bu fərqin aradan götürülməsidir.     
 
- Azərbaycanın təhsil sistemində İKT-nin tətbiqi ilə bağlı iki Dövlət Proqramı -"Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" və "2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" qəbul edilib. Sizin fikrinizcə, bu sahədə Dövlət Proqramının davamının tətbiqinə ehtiyac varmı? İcra olunan proqramların nəticələrini təhlil etsək, növbəti proqramın hazırlanmasına ehtiyac olarsa, İKT-nin təhsildə tətbiqi ilə bağlı hansı hədəflər əsas götürülməlidir?

- İnformasiya texnologiyalarının təhsil sistemində tətbiqi tam başa vurulmayıb. Bu istiqamətdə görülən işlərin davam etdirilməsi, məktəblərin kompyuterləşdirilməsi, infrastrukturun inkişafı, pedaqoji heyətin İKT üzrə təlimlərə cəlb etdirilməsi, elektron tədris resurslarının hazırlanması zəruridir. Həmçinin nəzərə almaq lazımdır ki, mütəmadi olaraq, texnoloji avadanlığın yenilənməsi vacibdir. Məsələn, biz 2005-2007-ci illərdə məktəblərdə quraşdırılmış köhnə kompyuterləri yeniləri ilə əvəz edirik. Bu, zamanın tələbidir – proqram təminatı yenilənir və mövcud köhnə avadanlıqlar artıq istifadə üçün yararsız olur.

Təhsilin informasiyalaşdırılmasında hədəflərimiz dəyişilməzdir. Amma texnologiyaların inkişafını nəzərə alaraq, biz bu hədəflərə çatmaq üçün yeni həllərdən istifadə etməyə üstünlük verəcəyik. Məsələn, orta təhsil sistemində elektron dərsliklərə keçidin də tədricən təmin olunmasını məqsədəuyğun hesab edirik.

Artıq bir sıra aparıcı dövlətlərdə bu keçid müşahidə olunmaqdadır - təhsil sistemində "ağıllı" kitabların, şagirdlərin iştirakını və araşdırmaçılığını sövq edən elektron təhsil resurslarının istifadəsi genişlənməkdədir. Şagirdin yaradıcılığına imkan yaradan interaktiv elektron vasitələrin yaradılması, saxlanılması və yayılması "Bulud" (Cloud) texnologiyaları vasitəsilə daha səmərəli və əlçatımlı olur.

Bununla da fərdiləşmiş tədris üçün zəruri şərait yaranır və fərdi təhsil alət/cihazına - netbuk və planşet kompyuterinə ehtiyac artır. Azərbaycanda da tədricən fərdi kompyuterlər vasitəsilə elektron dərsliklərdən istifadə ölkə miqyasında "Bulud" texnologiyalara keçidi tezləşdirəcək.

Belə ki, şagirdlər tədris üçün zəruri materialları və dərslikləri Məlumat və Resurs Mərkəzinin serverlərindən, yəni "Təhsil Buludu"ndan istifadə etməklə, fərdi təhsil alətinə yükləyə və təhsil nəticələrini keyfiyyətli dərəcədə təkmilləşdirə biləcəklər. Burada "ağıllı" məzmunun yaradılması və ya yerliləşdirilməsi üçün lazım olan infrastrukturun - Data Mərkəzin, Elektron resurs üzrə mütəxəssisləşmiş yerli şirkətlərin, yerli ekspertlərin və sürətli internet bağlantısının mövcudluğu həlledicidir. Ümid edirik ki, sadalanan texnologiyalar yaxın gələcəkdə Azərbaycanın təhsil sistemində tətbiq edilərək, bizə dünyanın effektiv təhsil modellərindən birini qurmağa imkan verəcək.   
 
Həqiqət İSABALAYEVA


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL