waplog

Xidmət obyektlərində ştrix-kodları oxuma sistemi ilə təchiz olunmuş kassa qovşağı yaradılmalıdır


Ticarət, ictimai iaşə və digər növ xidmət obyektlərinin modernləşdirilməsi və texniki cəhətdən yenidən qurulması istehlakçıların hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki realizə olunan malların standartlara uyğunluğunu, keyfiyyətli və təhlükəsiz olmasını təmin etməklə yanaşı, ticarət obyektlərinin özlərinin müəyyən olunmuş zəruri tələblərə cavab verməsi də vacib amillərdəndir.

Hazırda ölkədə gedən sürətli inkişaf bu tip obyektlərin də getdikcə modernləşməsinə təkan verib. “ICTnews” elektron xəbər xidmətinə bu barədə İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən (ASİHDX) məlumat verilib: “Hər gün respublikada yeni-yeni obyektlər açılır, rekonstruksiya olunur və müştəriləri özlərinə cəlb etmək üçün müxtəlif təkmilləşdirmələrə əl atırlar.

Amma təəssüflər olsun ki, bəzi obyekt sahibləri bu tendensiyadan kənarda qalmaqla  fəaliyyətini müasir dövrün tələblərinə uyğunlaşdıra bilmir. Ümumiyyətlə, modern ticarət, ictimai iaşə və digər xidmət obyektləri birinci növbədə geniş, səliqəli, yaxşı işıqlandırılmış, gözəl dizayna malik, müasir avadanlıqlarla təchiz olunmuş olmalıdır. Mağazalar ən müasir soyuducu, dondurucu, ticari və anbarlama avadanlıqları, malların yığılma və saxlanması üçün müasir texnoloji yeniliklərlə təchiz olunmalıdır.

Özünəxidmət obyektləri kifayət qədər inventar səbətləri, maqqaşlar və müştərilərin mal seçməsi üçün lazım olan qədər inventarlarla təmin edilməlidir. Məhsulların keyfiyyətli saxlama zəmanəti olmalı, keyfiyyətə ciddi nəzarət edilməli, saxlama, emal və satışın sanitar və gigiyenik normalarına ciddi nəzarət edilməli, yararlılıq müddəti keçməkdə olan malların satışına dair vaxtında tədbirlər görülməlidir.

Eyni zamanda bu tip obyektlərdə adekvat sayda ştrix-kodları oxuma sistemi ilə təchiz olunmuş kassa qovşağının olması, bank terminallarının quraşdırılması və ödənişlərin kredit kartları vasitəsilə ödənilməsi imkanlarının yaradılması da vacibdir”. Bu tip obyektlərin strateji məqsədləri sırasında həmçinin kassaya yaxınlaşmaq rahatlığı da nəzərə alınmalıdır: “Bunun üçün bir qayda olaraq, kassanın yeri alış-verişin qablaşdırılması yeri ilə bitişik olmalıdır.

Qeyd olunanlarla yanaşı, bu tip ticarət obyektlərində bir sıra xidmətlərin olması zəruridir. Bura, şəxsi əşyaları saxlama dolabı, bazarlıq torba və arabaları, bölmələrin yerləşmə sxemi və göstəriciləri, ticari qurğular arasından keçid rahatlığı, qablaşdırma paketləri, ticarət zalında sanitar normalara uyğun işıqlandırma, temperatur rejimi, səliqə-sahman və s. kimi xidmətlər daxildir”.

Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu sahədə müvafiq tədbirləri davam etdirməklə yanaşı, sahibkarlıq subyektlərinə də qeyd edilən istiqamətlərdə təkmilləşdirmələr aparılmasını tövsiyə edir.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL