waplog

Nizami Cəfərov: «Adların və soyadların elektron siyahısının hazırlanması ailələrə seçim etməyə böyük şərait yaradar»


«Adlar və soyadlarla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində xüsusi komissiya yaradıldı və komissiya bu məsələləri ətraflı şəkildə araşdırdı. Əsas işlərdən biri də Azərbaycanda olan bütün ad və soyadların  hamısının siyahısının hazırlanması oldu.

Bu siyahı hazırda ayrıca bir mətn şəklində bizdə var».  Bu fikirləri «Rabitə dünyası» qəzetinə verdiyi açıqlamasında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, dilçi alim Nizami Cəfərov söyləyib.

O bildirib ki, sözügedən siyahı Ədliyyə və Daxili İşlər nazirliklərinin mənbələrindən istifadə olunaraq hazırlanıb və siyahıda yer alan adlar hazırda işlənən, real isimlərdir. N.Cəfərov bildirib ki, siyahı hazırlanandan sonra Azərbaycanda insan adlarının kifayət qədər çox olduğu üzə çıxıb: «Yəni adlandırma praktikası baxımından təmin edəcək bir şəkildədir. Amma bir sıra problemləri də orada gördük. Məsələn, elə adlar var ki, onlardan insanlar həddindən artıq çox istifadə ediblər.

Buna misal olaraq Aydan, Aysel, Aynur adlarını göstərmək olar. On minlərlə valideyn bu cür adları övladlarına verib. Bu səbəbdən də təkrarlar əmələ gəlir. Əlbəttə, biz siyahıya müxtəlif mənbələrdən, həm Azərbaycanın təbiəti ilə, mənəvi həyatı ilə, həm də dastanlarımızdan olan adları və sairi əlavə etdik və xeyli yeni adlar da təklif olundu».

Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da babanın və nənənin adının nəvəyə qoyulması hallarının olduğunu vurğulayan N.Cəfərov bununla da təkrarçılıq əmələ gəldiyini deyib: «Bu proses bizdə daha çoxdur.

Problemlərdən biri də adların təhrif olunmasıdır. Məsələn, İsbəndiyar olmalıdırsa, bəziləri İsfəndiyar, digərləri isə İspəndiyar yazırlar. Bu cür qüsurlarımız var. Buna da yol verilə bilməz. Hesab edirəm ki, adların elektron siyahısı hazırlandıqdan sonra onların necə yazıldığını da hamı biləcək. Adların təhrif olunması savadsızlıqdan irəli gələn məsələdir.

Doğrudur, indi adların təhrif olunması prosesi bir qədər azalıb. Lakin hər halda vaxtilə bunlar da çox olub. İndi də insanlar həmin təhrif olunmuş adları öz nəvələrinə qoyurlar. Hesab edirəm ki, bunun da qarşısını  informasiya texnologiyalarının verdiyi imkanlardan yararlanmaqla almaq olar».

Hazırda internetin, yeni texnologiyaların zamanı olduğunu önə çəkən N.Cəfərov hesab edir ki, adların elektron siyahısının hazırlanıb internetdə yerləşdirilməsi böyük effekt verə bilər: «Bu istiqamətdə geniş təbliğat işləri aparılmalıdır ki, valideynlər öz övladlarına ad seçərkən çətinlik çəkməsinlər və evdə oturaraq internetlə həmin siyahını əldə edə və oradan da seçimlər edə bilsinlər. Hazırda bu istiqamətdə də işlər gedir.

Bunu da ona görə edirik ki, hər kəs sərbəst şəkildə adlar olan siyahıdan istifadə edə bilsin. Adları yalnız kitablarda, şəxs adları lüğətində nəşr etdirməklə məhdudlaşdıra bilmərik. Bu siyahı gərək müxtəlif dövlət orqanlarının internet səhifələrində yerləşdirilsin. Ya da bir nazirliyin saytında yerləşdirilsin və  digər nazirliklərin saytlarında isə link verilsin».

Soyadlara gəldikdə isə N.Cəfərov deyib ki, onlar da nəzərdən keçirilib və burada da təkrarçılıq problemlərinin mövcudluğu aydınlaşıb: «Familiyalarla bağlı təkliflərimizi verdik ki, «-ov», «-ova», «-yev», «yeva»dan imtina olunmalıdır. Ona görə ki, bu soyad sonluqları bizə təbii şəkildə gəlməyib. Onu bir müddət ərzində xüsusi təzyiqlə insanlara qəbul etdiriblər. Hələ də əhalinin 80 faizinin soyadının sonluğu «-ov», «-yev»lə bitir. İndi də heç kəs düşünmədən, soyadını dəyişdirməyə xüsusi bir cəhd də etmir. Elə ənənəvi şəkildə köhnə soyadlarına gedirlər. Bununla demək olmaz ki, əhali xüsusi həvəs kimi köhnə soyadlarının saxlanılmasının tərəfdarıdır.

Ona görə də qarşısını almağa ehtiyac var. Yerdə qalan 20 faizin 10 faizə qədəri «-lı», digər 10 faizi  isə «-zadə» sonluğu ilə olan soyadlardır. Digərləri isə çox çüzi faiz təşkil edir. Yəni şəkilçisiz forma, eləcə də «-soy», «-gil» sonluqları, «-oğlu», «-qızı» formalarının işlənmə faizi olduqca cüzidir. Komissiya bütün məsələləri işləyib, hökumətə təqdim edib. Hökumət də Ədliyyə Nazirliyi səviyyəsində bu məsələ ilə məşğuldur. Bu, ya ayrıca bir qanun olacaq, ya da Ailə Məcəlləsinə dəyişiklik şəklində olacaq».

Soyadın dəyişdirilməsi prosesinin asanlaşdırılması və bunun üçün elektron müraciətin tətbiqinə gəldikdə isə N.Cəfərov bildirib ki, məsələ ilə bağlı xüsusi rəsmi sənəd olandan sonra, əlbəttə, bu işlərin həyata keçirilməsi üçün bütün variantlardan istifadə etmək lazımdır: «Amma təbiidir ki, soyadı və adı dəyişdirmək müəyyən prosedur tələb edir.

Çünki  bu gün bütün insanların müəyyən vəzifələri, mövqeləri mövcuddur.  Bankdan kredit götürməkdən başlamış, ta bu və ya digər cinayətdə iştirakında şübhəliliyinə qədər. Ona görə də adı, soyadı dəyişdirib tamam başqa insan kimi meydana çıxmaq olar.

Bu səbəbdən də müxtəlif sənədlərin tələb olunması labüddür. Sadəcə, bu gün ondan söhbət gedir ki, həmin sənədlər mümkün qədər azaldılsın. Amma soyadın milliləşdirilməsi istiqamətində veriləcək rəsmi sənəd və ya qanun birinci növbədə yeni doğulan uşaqlara aid olacaq. Çünki onların heç bir problemi yoxdur».
 
Ədliyyə Nazirliyinin ad və soyadların verilməsi və dəyişdirilməsi ilə bağlı açıqladığı prosedur qaydalarında isə bildirilir ki, bu proses "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları" ilə tənzimlənir. Soyad sonluğuna dəyişiklik edilməsi Milli Məclisin 2 fevral 1993-cü il tarixdə qəbul etdiyi qərara uyğun olaraq həyata keçirilir. Həmin qərara görə, Azərbaycan Respublikası vətəndaşları mövcud soyadının kökünə -lı, -li, -lu, -lü, -zadə, -oğlu, -qızı soyad sonluğu artırmaqla və ya heç bir sonluq artırmadan (Məsələn: Ağayev soyadında "yev" sonluğu atılır, Ağa olur) soyad seçə bilərlər.

Soyad sonluqlarının dəyişdirilməsində heç bir məcburiyyət yoxdur. Bu prosedur könüllüdür və hər bir vətəndaşın soyadının sonluğuna dəyişiklik edilməsinə həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra bir dəfə yol verilir. Yetkinlik yaşına çatdıqdan sonra soyadın sonluğuna növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir.

Qaydalara görə, uşaqlara onların mənafeyinə xələl gətirən, habelə onun cinsinə uyğun gəlməyən və gülünc adın verilməsinə yol verilmir. Bəzi vətəndaşların savadsızlığı, həmçinin əvvəllər adların qoyulması ilə bağlı heç bir məhdudiyyətin olmaması bu sahədə acınacaqlı vəziyyətin yaranmasına səbəb olub. Təsəvvür edin ki, uşaqlarına Fındıq, Dovşan, Kələm, Saat, Maşın və sair kimi gülünc adlar verən valideynlər var. Bu adları daşıyan uşaqlar gündəlik həyatda insanların reaksiyası ilə rastlaşır və psixoloji gərginlik keçirirlər. Yeni qaydaların tətbiqi artıq bu mənfi təcrübəyə son qoyulmasına əsas yaradır.

Arxaik, kənardan gələn, başqa xalqlardan götürülən adların uşaqlara verilməsinə gəlincə isə qaydalarda bununla bağlı məhdudiyyət nəzərdə tutulmayıb.  Qaydaların tələbinə görə, uşaqlara qoyulan adlar onların mənafeyinə xələl gətirməməli və cinsinə uyğun olmalıdır. Hər bir valideyn elə ad seçməlidir ki, həmin ad gələcəkdə uşağın cəmiyyətdə formalaşmasına mane olmasın, həmçinin daşıdığı ada görə xəcalət çəkməsin.

Hər iki cinsin nümayəndəsinə verilən adların qoyulmasında da heç bir problem yoxdur. Xalqımızda qədim zamanlardan hər iki cinsin nümayəndələrinə verilən adlar çoxdur. Bunlara Hənifə, Ədalət, Şövkət, Məhəbbət, Arzu və sair adları misal göstərmək olar və bunda heç bir qəbahət yoxdur. Lakin qadına Əli, kişiyə isə Fatma adının qoyulmasını cəmiyyət normal qəbul edə bilməz.

Şəxsin Azərbaycan vətəndaşlığını qəbul etməsindən sonra onun adı və soyadı ilə bağlı problemlər yaranmayacaq. Hər hansı şəxs Azərbaycan vətəndaşlığını qəbul edərsə, onun da göstərilən hüquqları yaranır və bu hüquqlardan öz arzusuna əsasən istifadə edə bilər.

Məlumat üçün onu da bildirək ki, Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsində adını, soyadını dəyişdirmək istəyənlər üçün hazır müraciət formaları yerləşdirilib. Maraqlı şəxslər həmin blankları dolduraraq ilkin addım ata bilərlər.
 
Seymur QASIMBƏYLİ

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL