waplog

BAHALI MOBİL NÖMRƏLƏR – bazarda vəziyyət necədir?


Son illər ölkədə biznesin yeni növü yaranıb. Bu gün Azərbaycanda bahalı telefon nömrələri dəbdədir. Nə qədər qəribə görünsə də, bəzi ölkə vətəndaşları rəqəmlərin müxtəlif formada düzülüşünə görə bir neçə min manat verməyə hazırdılar. İş o yerə çatıb ki, bunun səbəbini psixoloqlar izah edir.

Bəzilərinin fikrincə, yaddaqalan mobil nömrə işlətmək nüfuz gətirir. Bir vaxtlar dəbdə olan mobil telefon markasını almaq üçün dəridən-qabıqdan çıxanlar, indi də yaddaqalan nömrə əldə etmək üçün ciblərinin son qəpiyini belə xərcləyirlər.

“Filankəsin” nömrəsi “zerkalnıdır”, məndə niyə olmasın!?” prinsipi ilə əlində-ovcunda olan qəpik-quruşunu xərcləyənlər prinsipcə heç nə əldə etməsələr də, bahalı nömrələrə olan maraq azalmaq bilmir. Söhbət müxtəlif və ya eyni rəqəmlərin yadda qalan düzülüşündən ibarət nömrələrdən gedir.

Qızıl nömrə adlanan nömrələrə bəziləri bir neçə min manat verməyə hazırdırlar. Respublikada mobil telefon nömrələri satışı üzrə ixtisaslaşan ilk internet saytının nümayəndəsi Qəni Babayev bildirir ki, “qızıl nömrə”lər qiyməti 500 manatdan 5000 manatadək olanlardır: «İndi bizdə 10 min manatlıq telefon nömrəsi yoxdur, amma müraciət edənlər, nömrəni bizim saytda 10 minə satmaq istəyənlər olur, ancaq sata bilmirlər».

Belə nömrələrin əsas alıcıları imkanlılardır. Satıcılar deyir ki, onlara biznesmenlər, bank işçiləri, hətta bəzi dövlət məmurları da maraq göstərir. Amma bahalı nömrəyə meyil edənlər arasında kasıblar da var. Belələri imiclərinin qeydinə qalmaq üçün belə nömrəyə əziyyətlə qazandıqları pulu, hətta borc pulu da verirlər. Bəziləri isə belə nömrələri seyr etməklə kifayətlənir. Xüsusilə tələbələr, xidmət sahələrində çalışanlar, avtobus sürücüləri və başqaları bahalı nömrələrin həvəskarlarıdır.

Psixoloqlar isə adi nömrəyə minlərlə manat verməyi sadəcə ağılsızlıq sayırlar. Onların fikrincə, xüsusilə imkanı olmayanların belə nömrə alması onların xarakteri ilə bağlıdır. Psixoloq Kənan Rəhimovun sözlərinə görə, bahalı nömrələri o insanlar alır ki, onlar özünü ictimaiyyətə başqa yolla təqdim edə bilmirlər. Həyatda uğur qazananlar isə belə məsələlərə fikir vermir.

Hələliksə, yaxşı nömrələr əla pul gətirən biznesdir. Mobil operatorlar əmin edirlər ki, onlar yaxşı nömrələri dilerlərə baha satmırlar – uzağı bir neçə yüz manat. Nömrələri bazar qiymətinə, yəni bir neçə min manata satanlar isə dilerlər, yəni mağazalardır. Deməli, qazancın böyük hissəsi də onlara çatır. Əslində, qazancın kimə çatdığını araşdırmaq vergi xidmətinin işidir. Hələliksə, belə nömrəni almaq istəyən varsa, satanlar da olacaq.

Milyon dollarlıq nömrə

Xarici ölkələrdə bahalı nömrələr açıq hərraclarda satıldığından, bu biznesdən gələn gəlirin gizlədilməsi qeyri-mümkündür. Məsələn, Qətərdə iş adamının mobil telefon nömrəsi üçün 2 milyon dollar ödəməsi barədə xəbər həmin ərəfədə bütün dünyaya yayıldı. “Katar Telecom”un Dohada keçirdiyi auksionda hərraca rəqəmlərin düzülüşünə görə yaddaqalan 600-00-00 nömrəsi çıxarılmışdı. Auksionda 6 rəqəmi ilə başlayan digər ikinci ən bahalı nömrə isə 600-00-02 olub. Bu nömrəyə görə isə 900 min dollar ödənilib.

Qəribədir ki, Rusiyada “zerkalnı” nömrə axtarışına çıxanlara qəribə baxırlar və hətta gülürlər də. Sözügedən ölkədə istənilən nömrələr mobil operatorundan asılı olaraq 100 (təxminən 3 manat 60 qəpik) rubldan çox deyil. Bakıda dəyəri min dollarla ölçülən nömrələri sözügedən ölkədə 3 manata əldə etmək olar.

Şirkət nə deyir?

“Azercell” şirkətindən bildirdilər ki, onlar qiyməti nömrələrin yadda qaldığına görə təyin etmirlər:  “Azercell” abunəçilərin istifadəsinə verilən mobil telefon nömrələrinin satışı ilə birbaşa məşğul olmur. Şirkət istifadəyə təqdim etmək üçün nəzərdə tutduğu nömrələrini rəsmi diler və distribüterləri vasitəsilə yayır. Abunəçilərin istifadəsinə verilməsi üçün nəzərdə tutulan nömrələr isə standart qiymətlərə rəsmi diler və distribüterlərə təqdim edilir.

“Azercell Telekom” MMC ilə diler və distribüterləri arasında münasibətlər isə müvafiq müqavilələrlə tənzimlənir. Lakin bu müqavilələr və təlimatlar ilə yalnız birbaşa nömrələrin abunəçilərə təklif edilməsi və nömrələrin (o cümlədən “qızıl”, “cüt” və ya “yaddaqalan” adlandırılanların da) standart qiymətləri ilə əlaqədar məqamlar tənzimlənmədiyindən onlara “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən kommersiya sirri rejimi tətbiq edilir”.

Şirkətdən onu da bildirdilər ki, diler və distribüterlər mobil telefon nömrələrini öz qərarlarına əsasən müəyyən etdiyi qiymətə sata bilərlər. Belə olan halda diler və distribüterlərdən nömrələrin satışı zamanı kassa çeki təqdim edilməlidir.

Nəzərə alsaq ki, bəzi hallarda nömrələrin alışı zamanı alıcıya heç bir çek təqdim edilmir, onda açıq-aşkar vergidən yayınma halı baş verir. Amma mobil operator diler və distribüterlər tərəfindən yol verilən qanun pozuntuları, vergidən yayınma hallarına görə isə araşdırma aparılması və hər hansı tədbirlər görülməsi onların səlahiyyətləri xaricində olduğunu dedilər.  

Baş çəkdiyimiz diler mağazalarında nömrələrin baha olmasının əsas gətirərək qiymətlərin aşağı salınmasını xahiş etdik. Onlar isə əvəzində bizə nömrələri baha aldıqları üçün baha satdıqlarını bildirdilər. Satıcılar nömrələri kimdən və neçəyə aldıqlarını deməkdən boyun qaçırdılar. Belə bahalı nömrə satan mağazalar Dövlət Neft Akademiyasının həndəvərində və Nizami küçəsində daha çoxdur. Bəzi satıcılar söhbət əsnasında imkanlı şəxslər üçün nömrələrin mənzillərə və ofislərə çatdırıldığını dedilər.

Qeyd edək ki, satışda adi nömrələrin qiyməti 10-15 manat arasında dəyişir. Bu mobil operatorun ən yaddaqalan nömrəsi isə 3 min manata qoyulub. Amma rəqəmlərin düzülüşünə görə bir qədər fərqli olan rəqəmləri isə 1000 manata da almaq olar. Mağazalarda 500-800 manata olan mobil nömrələr satılır. Amma bunlar 3 min manata satılan nömrələr kimi prestijli sayılmır.

“Baksell”

“Dünya təcrübəsində mobil operatorlar öz abunəçilərinə müxtəlif dəyərdə və kateqoriyada olan mobil telefon nömrələri təqdim edir. Nömrələrin qiyməti isə onların yaddaqalan olmasından, eyni rəqəmlərin bir neçə dəfə təkrarlanmasından və s. amillərdən asılı olaraq dəyişir.

Digər bütün mobil operatorlarda olduğu kimi, “Bakcell” şirkəti də özünün həm “CİN”, həm də “Klass” abunəçiləri üçün müxtəlif dəyərdə olan nömrələr təklif edir. Şirkətin diler və distribüter fəaliyyətinə dair siyasətinə müvafiq olaraq yalnız “Bakcell”in rəsmi tərəfdaşları “SİM” kartları və nömrələri birbaşa şirkətdən əldə edir. Bütün digər abunəçilər isə bu məhsulları agentlərdən, yəni diler və distribüterlərdən ala bilirlər. Eyni zamanda, hər satılmış “SİM” kart üçün tələb olunan sənədlər, şirkətin agentləri tərəfindən bağlanan müqavilə şərtlərinə uyğun olaraq “Bakcell”ə göndərilir”. 

Qeyd edək ki, bu mobil operatorun təqdim etdiyi “Klass” nömrələrin qiyməti 15-20 manatdır. Amma satışda bu qiymətə nadir hallarda rast gələrsən. Yaddaqalan “Bakcell” nömrələri satışda 500-2 min manat arasında dəyişir.

Tələb var, araşdırma necə?

Vergilər Nazirliyindən isə bildirdilər ki, əgər nömrələrin satışından gələn gəlir mobil operatorların gəlirlərində əks olunmursa, deməli, vergidən yayınma halı mövcuddur. Amma mobil operatorlar dilerlərə nömrələri hansı qiymətə satırlarsa, həmin məbləğin vergisini ödəyirlər. Dilerlərin isə nömrələrə hansı qiyməti qoymasını bazar müəyyənləşdirir. Əgər nömrə satıldıqda məbləğ kassaya vurulmursa, bu, vergidən yayınma halı hesab olunur. Belə halların qarşısını almaq üçün hər gün nazirliyin əməkdaşları mülki geyimdə belə yerlərə nəzarət edirlər. Vergidən yayınma halı aşkar olunanda obyekt sahibləri müvafiq qaydada cərimələnirlər.    

Qeyd edək ki, xarici ölkələrdə bahalı nömrələr açıq hərraclarda satıldığından bu biznesdən gələn gəlirləri gizlətmək mümkün deyil.   


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL